Məhkəmə qərarları › İş №2-1(103)-860/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-860/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2018-ci il mart ayının 13-də iddiaçının 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3261/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3261/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu - xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fondun Sumqayıt şəhər şöbəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2018ci il mart ayının 13-də onun 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Əfqanistan müharibəsi iştirakçısı olmaqla yanaşı, uzun illər bir sıra zərərli müəssisələrdə çalışmış və güzəştli əsaslarla pensiyaya çıxmaq üçün yetərincə əmək stajına malikdir. İddiaçı 1983-cü ildən 1995-ci ilədək Sumqayıt şəhər Boru Yayma zavodunda, 1995-2005-ci illərdə Sumqayıt şəhər Sintez Kauçuk zavodunda 2017-ci ildən hal-hazırki vaxta kimi Dəmiryol Şimal vaqon «Şuşa» şirkətində çilingər vəzifəsində çalışır. İddiaçı hərbi xidmətləri və əmək fəaliyyəti ilə bağlı müvafiq sənədləri toplayaraq cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat iddiaçının güzəştli əsaslarla pensiyaya çıxmağı üçün xx.xx.2006-cı il tarixə kimi - yetərincə əmək stajı olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını səbəb kimi göstərməklə iddiaçının xahişini təmin etməmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin ona dair xx xxxxxx 2019-cu il tarixli 325 nömrəli arayışına əsasən döyüşən ordunun tərkibində xidmət etdiyi müddət sığorta stajına güzəştli şərtlərlə ikiqat ölçüdə əlavə edilməklə vətəndaşın x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 il təşkil etsə də, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22390,65 manat təşkil edir. ”Əmək pensiyaları haqqında” Qanununa görə xx.xx.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (xx.xx.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. xx.xx.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq nümayəndə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18 ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci ildə doğulmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun güzəştli əsaslarla pensiyaya çıxmağı üçün xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 25 il təşkil etsə də, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını səbəb kimi göstərməklə iddiaçının xahişini təmin etməmişdir. Azərbаycаn Rеspublikаsının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş MV seriyalı 00340 saylı vəsiqədən görünür ki, iddiaçı veteranlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Аzərbаycаn Rеspublikаsının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 325 saylı xx.xx.2019-ci il tarixli arayışdan görünür ki, İsmayılov X1 Demokratik Respublikasınında gedən döyüşlərdə iştirak etmişdir və “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, HЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixdə hərbi xidmətdə olmuşdur. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 72 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cu il tarixədək boru yayma sexində “metal çeşidləyən və təhvil verən” vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400a-1753b şifrə ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 71 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “boru yayma sexində isti şöbəsində yayıcı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 1030400a-11344 şifrə ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984- cü il tarixə qədər 1 saylı trestdə 2-ci dərəcə ilə fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə qədər boru-yayma sexinə q.m.-l 3-cü dərəcə 250-1 boru-yayma dəzgahı avtomat dəzgahına boruların qaynar yayması üzrə dəzgahların yaymaçısı köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cu il tarixə qədər 250-1 metal dəzgahının hazırlanmasının metal sahəsində çeşidləyici-çatdırıcı, xx.xx.1990-cu il tarixdən xx.xx.1995-ci il tarixə qədər 250-1 boru-yayma dəzgahında qaynar yayma avtomatdəzgahının yaymaçısı, 16.061996-cı il tarixdən xx.xx.2001-ci il tarixə qədər 5 saylı X2 İdarəsində 2-ci dərəcəli qaynaqçı, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər 5 saylı X2 İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər “X6 X8 Çelik Konstruksiyon ve Gida San.Tic.Lim” şirkətinin Azərbaycan Respublikasının nümayəndəliyənə usta, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci tarixə qədər Şirvan İstismar vaqon Deposu H.Z.Tağıyev çeşidləmə CTS-nə 4-cü dərəcəli çilingər, xx.xx.2018-ci il tarixdən xx.xx.2018 H.Z.Tağıyev çeşidləmə sexində hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2018-cil tarixdən X7 Təmir-Tikinti İdarəsində yol fəhləsi peşələrində çalışmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.2020-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, həmin tarixə onun 27 ildən çox ümumi iş stajı olmuş, həmin müddətin 12 il 6 aydan çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən boruların isti yayma stanlarının yaymaçı köməkçisi, isti boru yayması ilə məşğul olan boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı peşələrində işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (boruların isti yayma stanlarının yaymaçı köməkçisi, isti boru yayması ilə məşğul olan boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı) iş stajı 20 il 11 ay 1 gün olduğu halda, ümumi iş stajı (27 il 08 ay 4 gün olduğu üçün) 25 ildən çox olduğu, 10 il 08 ay 10 gün üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan Аzərbаycаn Rеspublikаsının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 325 saylı xx.xx.2019-ci il tarixli arayışa əsasən iddiaçı Əfqanıstan Demokratik Respublikasınında gedən döyüşlərdə iştirak etmişdir və “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Həmin arayışa əsasən döyüşən ordunun tərkibində xidmət etdiyi müddət sığorta stajına güzəştli şərtlərlə ikiqat ölçüdə əlavə edilməklə iddiaçının xx.xx.2006-ci il tarixinədək ümumi iş stajı 25 ildən şox təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsində əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına daxil edilir. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçının boruyayma sexində isti şöbəsində 250- 1, 250-2 dəzgahda işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli Siyahısının bölməsinin, 1030300, 3. “Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları” bölməsinin, 1030400a-11344 yarımbölməsinin ”boruların isti yayma stanların yaymaçıları” peşəsinə ; digər - boru yayma 1 sexində 250 dəzgahda metal çeşidləyən və təhvil verən peşəsi 2 nömrəli Siyahının 20404000, 4.”Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” bölməsinin, 2040400a-1753v yarımbölməsinin “istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadalar” peşəsi güzəştli şərtlərlə əmək pensiayları hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2017-ci ilədək ümumi iş stajı 25 ildən çox olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddənin müddəası tətbiq olunmalıdır. İddiaçıya pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin olunmalıdır və birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3261/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar