Məhkəmə qərarları › İş №2-1(103)-860/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-860/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X5, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2021 saylı, 28.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra ərizənə əlavə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1965-ci il təvəllüdlü iddiaçı “...1982-1989-cu illərdə Azərbaycan Neft və Kimya İnstitututunda təhsil almış, həmin müddət çərçivəsində 26.06.1984-10.05.1986-cı illərdə hərbi xidmətdə olmuşdur. O, 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan pensiya fərqinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin sonuncu 22 oktyabr 2020-ci il tarixli, **********8 saylı məktub ilə cavab verərək göstərilmişdir ki, «..Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b- 17541) nəzərdə tutulmuşdur. X11 təqdim etdiyi 08 iyul 1983-cü il tarixli ИT-İ ******* saylı əmək kitabçasında 21 avqust 1989-01 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində «X6 Kontoru əsasında Kompleks X8 İdarəsi»-nin kəşfiyyat pensiyasına mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinasını əsassızdır. Belə ki, əmək fəaliyyətinə 21 avqust 1989-cu ildə X6 Kontorunda (12 oktyabr 1989-cu ildən X7 İdarəsi adlanmışdır) qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamışdır. 02 yanvar 1992-ci ildən-01 iyun 1996-cı ilədək X2 böyük mexanik vəzifəsində, 01 iyun 1996-cı ildən həmin X1ma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01 may 2003-cü ilədək həmin vəzifədə işləmişdir. 02 yanvar 2004-cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmişdir. 03 fevral 2006-cı ildə «Kompleks geoloji və topoqrafiya İdarəsi» mövcud təşkilati hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Geofizika və geodeziya» İdarəsinin tabeçiliyinə verilmişdir. 01 iyun 2008-ci ildən X3 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti «Qaz İxracı» İdarəsində əmək fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b-17541) nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin siyahının “kod1100000b-23485”-də quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexanikləri də, nəzərdə tutulmuşdur...” Cavabdehin işə əlavə olunmuş 21 dekabr 2020-ci il tarixli iddia ərizəsinə etirazında cavabdehə ünvanladığı imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni 26.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “... məhkəmənin qərarı əsassızdır. Belə ki, 1 N-li Siyahının “Neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (1100000), quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b-17541) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 08 iyul 1983-cü il tarixli ИT-İ ******* saylı əmək kitabçasında 21 avqust 1989-01 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində «X6 Kontoru əsasında Kompleks X8 İdarəsi»-nin kəşfiyyat pensiyasına mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir...» Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi N.Rüstəmli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Z.Abıyev cavabdehin nümayəndəsi ilə razılaşmamış, apellyasiya mərhələsində məhkəmənin sorğusuna alınmış cavab məktubuna istinadən iddiaçının X8 İdarəsi»-nin kəşfiyyat pensiyasına mexanik və böyük mexanik X8 İdarəsi»-nin kəşfiyyat pensiyasına mexanik və böyük mexanik kimi mütəxəssis vəzifələrinin 1 saylı Siyahıda güzəştli pensiya hüququ verən vəzifələrə aid olunduğunu bildirərək, qərarı qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin iddiaçıya ünvanladığı imtina məktubu ilə üst-üstə düşən dəlillərində mübahisələndirir ki, Mərkəzi Filiala təqdim etdiyi, əmək kitabçasında 21.08.1989-01.06.1996-cı illərdə iddiaçının «X6 Kontoru əsasında Kompleks X8 İdarəsində “mexanik” və “böyük mexanik kimi işlədiyi vəzifələri 1 N-li Siyahının “Neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (1100000), quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri:mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b-17541) vəzifələrinə aid deyildir» Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinə əsasən isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; 13.06.1997-ci il 321-İQD saylı Azırbaycan Respublikası Qanunu ilə 13-cü maddəyə edilən dəyişikliyə görə “a” (və “b”) bəndlərində göstərilən yaş hədləri müvafiq olaraq 1997ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsindən isə görünür ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları araşdırıldıqda, iddiaçının aşağıdakı kimi sığorta stajı mövcuddur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-318 nömrəli, 31.08.2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçı “1982-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş, 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olunmuş, 1989-cu ildə həmin ixtisası üzrə İnsttitutu bitirmişdir (hərbi xidmətlə birlikdə 7 il ). O, 08 iyul 1983-cü il tarixli ИT-İ ******* №-li əmək kitabçasının surətinə əsasən aşağıdakı vəzifələrdə işləmişdir: 21.08.1989 - 02.01.1992 X6 Kontorunda (12 oktyabr 1989-cu ildən X7 İdarəsi adlanmışdır) qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik ( 2 il 4 ay 9 gün); 02.01.1992 – 01.06.1996-cı illərdə həmin X2 böyük mexanik (4 il 4ay 29 gün); 01.06.1996 – 01.05.2003-cü illərdə həmin X1ma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis (8 il 11 ay ); 02.01.2004-01.06.2008-ci illərdə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik (31.12.2005-ci ilədək 2 il 4 ay 29 gün). Qeyd olunmalıdır ki, 03 fevral 2006-cı ildə “Kompleks geoloji kəşfiyyat və topoqrafiya İdarəsi” mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geodeziya” İdarəsinin tabeçiliyinə verilmişdir. 01 iyun 2008-ci ildən X3 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsində əmək fəaliyyətini davam etdirir. İddiaçının qeyd olunan əmək fəaliyyəti ümumiləşdirildikdə onun 2006-cı ilin yanvar ayının 1-nə qədər 20 ildən çox ümumi sığorta stajı toplanır. Həmin stajın da 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə“Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrdə işləmişdir. Belə ki, 21.08.1989 - 02.01.1992-ci illərdə 2 il 4 ay 9 gün X6 Kontorunda (12 oktyabr 1989-cu ildən X7 İdarəsi) “qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik”, 02.01.1992 – 01.06.1996-cı illərdə 4 il 4ay 29 gün həmin X2 “böyük mexanik” kimi mütəxəssis vəzifələri (cəmi: 6 il 9 ay 8 gün) 1 №-li Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və Qaz kondensatının hasilatı” yarımbölməsinin “1100000b—23485” kodunda (“Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər”) yer almışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, sözügedən mexanik və böyük mexanik vəzifələrinin 1 N-li Siyahının “Neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində “1100000b-17541” kodunda (quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) nəzərdə tutulmadığına istinadən, iddiaçının tələbini rədd edir. Məhkəmə kollegiyası mübahisələndirilən həmin məqama aydınlıq gətirilməsi, habelə, iddiaçının çalışdığı SOCAR Geofizika və Geologiya İdarəsinin arxiv arayışlarında “mexanik və böyük mexanik vəzifələrinin 1 N-li Siyahının “1100000b-17541” aid edilməsi ilə bağlı olan ziddiyyyətin aradan qaldırılması və həmin idarədə iddaçının çalışdığı “qazma avadanlıqlarına xidmət və təmiri üzrə “mexanik” və “böyük mexanik” vəzifələrinin 1 saylı Siyahının müvafiq kodları üzrə dəqiqləşdirilməsi məqsədilə həmin İdarəyə sorğu göndərilmişdir. İdarə tərəfindən həmin sorğuya 19 aprel 2022-ci il tarixli məktubu ilə aşağıdakı kimi cavabdlandırılmışdır: 1) 1 No-li Siyahının “1100000b-23485” kodunda “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri – “qazma avadanlıqlarına xidmət və təmiri kimi” başa düşülür. 2)”1100000b-23485” kodunda nəzərədə tutulan “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” üzrə mexaniki və böyük mexaniklərin gördüyü işlər, İddiaçı gördüyü işlərə ayğundur. Göründüyü kimi, SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən mübahisələndirilən məsələyə aydınlıq gətirilərək, iddiaçının İdarədə 6 il 9 ay 8 gün çalışdığı quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” üzrə mexaniki və böyük mexanik vəzifələri - 1 N-li Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və Qaz kondensatının hasilatı” yarımbölməsinin “1100000b—23485” kodunun “Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri” hissəsinə uyğun gəldiyi müəyyən olunmuşdur. İddiaçının həmin X2 01.06.1996–01.05.2003-cü illərdə (8 il 11 ay) çalışdığı “qazma avadanlıqlarının xidməti və təmiri üzrə mühəndis” vəzifəsinə gəldikdə isə birincisi, cavabdeh tərəfindən həmin vəzifənin “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və Qaz kondensatının hasilatı” yarımbölməsinin 1 No-li Siyahının 1100000b-17541” kodunda təsbit olunduğu təsdiq edilir. İkincisi, SOCAR Geofizika və Geologiya İdarəsinini işə əlavə olunmuş 13 iyul 2021ci il tarixli arayışında da iddiaçının çalışdığı həmin “qazma avadanlıqlarının xidməti və təmiri üzrə mühəndis” vəzifəsi 1 No-li Siyahının “1100000b-17541” koduna aid edilmişdir (Quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) Beləliklə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinin şərtləri, o cümlədən, iddiaçının güzəştli pensiya hüququnu təmin edən şərtlər - 52 yaşa, 20 il ümumi və 10 il xüsusilə zərərli iş staja malik olması sübuta yetirilir. Belə olan halda, sözügedən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə müvafiq olaraq 52 yaşından, yəni, 26.08.2017-ci il tarixindən pensiya hüququ yaranmış olur (İşə əlavə olunmuş ******** saylı şəsiyyət vəsiyqəsinə əsasən xx.xx.1965-ci ildə anadan olmuşdur). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunmasının əsassız olduğu və iddiaçının hüqüqlarını pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki,nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir.Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar