Məhkəmə qərarları › İş №2-1(103)-860/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-860/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və qeyrilərinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı13 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllə ünvanda inşa olunmuş yaşayış binasının su və kanalizasiya xəttinin layihələndirilməsi üçün verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərtlərə və 10 iyun 2021-ci il tarixli, 04/04-2/8553 saylı məktuba əsasən hazırlanmış layihə sənədləri Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən razılaşdırılmışdır. Verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərtlərin tələblərinə, 10 iyun 2021-ci il tarixli, 04/04-2/8553 saylı məktuba və 21 iyun 2021-ci il tarixli, VM-01/06-832 nömrəli razılaşdırılmış layihə sənədlərinə əsasən tikinti quraşdırılma işlərinin aparılmasına etiraz edilmir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı paylayıcı şəbəkə və qurğulara qoşulması üçün Cavabdeh1 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və qurğuları layihəyə və tikinti normalarına uyğun tikildiyi müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmadığı müəyyən olunmuşdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1092/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, iddiaçılar cavabdehə (üçüncü şəxs "xxxx" MMC-yə) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 100 nömrəli layihə sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2191/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

5. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermiş, eyni zamanda, apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2557/2023 nömrəli qərardadı ilə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamış və şikayətinin qəbulundan imtina edilmişdir.

7. Üçüncü şəxs "xxxx" MMC həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1092/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2557/2023 nömrəli qərardadından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-526/2019 saylı, 29 avqust 2019-cu il tarixli Qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı13 Səfər oğlunun, İddiaçı1, İddiaçı14 və X2 iddiaları təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş, ərazinin əvvəlki vəziyyətə qaytarılması iddiaçılara həvalə edilmişdir.

10. Borclu "xxxx" MMC ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)- 1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına 1 il 6 ay müddətinə möhlət verilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)-754/2019 saylı qərardadı ilə ərizəçi "xxxx" MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)- 1232/2018 saylı qətnaməsi icra edilməsi qərara alınmışdır.

12. Həmin qərardaddan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-526/2019 saylı, 29 avqust 2019-cu il tarixli Qərardadının surətindən görünür ki, qərardadla borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)-754/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılması, Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır.

14. Həmin Qərardadda qeyd olunmuşdur ki, “...Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı qətnaməsinin mahiyyətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş və ərazinin əvvəlki vəziyyətə qaytarılması həvalə edilmişdir. Yəni qətnamə ilə təmin olunmuş tələb ondan ibarət olmuşdur ki, borclu tərəfindən aparılan tikinti-quraşdırma işlərində mübahisələndirilən torpaq sahəsindən və ərazidən istifadə qadağan edilsin. ....Belə olan halda borclunun ərizəsinin təmin edilməsi, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına 1 il 6 ay müddətinə möhlət verilməsi və bu müddətdə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması faktiki olaraq həmin qətnamənin əhəmiyyətini sıfıra endirəcək, qətnamənin gələcəkdə icrasını mənasız edəcəkdir.”

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 860/2024 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-mühəndis ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki,:

1. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və kanalizasiya xətləri həmin ünvanda iddiaçıların yaşadıqları binanın su xətlərinə və kanalizasiya xətlərinə qoşulduğu müəyyən edilmişdir.

2. Cavabdeh1 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətləri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001 )-1232/2018 saylı qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) iddiaçılara həvalə edilmiş ərazidən keçdiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan tikintiyə dair Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli texniki şərtin və xx.xx.2021 tarixli layihə sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini və qanuni mənafeləri pozulmuş sakinlərin hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların sakini olduğu binaların əhatəsində - 8-ci mikrorayon, N.Nərimanov küçəsi 3078-ci məhəllədə "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. Həmin tikintiyə dair su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində Cavabdeh1 və BŞİH tərəfindən sənədləşmə işləri aparılmışdır, eyni zamanda həmin xətlərin istifadəsi məhkəmə qətnaməsinə əsasən "xxxx" MMC-yə qadağan edilmiş ərazidə yerləşdirməklə iddiaçıların yaşadığı binalara dair kommunikasiya xətlərinə qoşulması nəzərdə tutulmuşdur. Qeyd olunan hallar iddiaçıların narazılığına səbəb olmuşdur. Bu iddiaçıların qanuni mənafeyinə ziddir, hüquqlarını pozur.

18. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

19. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən texniki şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olmaqla, həmin texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Qərardan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçıların iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı13 Səfər oğlunun, İddiaçı1, İddiaçı14 və X2 iddiaları təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmasına baxmayaraq həmin qətnaməyə zidd olaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinə həmin ərazidən istifadəyə şərait yaratmışdır.

24. Həmçinin, apellyasiya baxışı zamanı ərizə təqdim olunaraq iddia tələbinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 002/1/264-tş saylı texniki şərtin və xx.xx.2021 tarixli, VM-01/06-832 saylı layihə sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuş, ərizə icraata qəbul edilmişdir

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

26. Məhkəmə Kollegiyasının iclasında İddiaçı13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

27. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

29. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər 1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. ...

4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”: 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir; 1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar iddiaçılar tərəfindən tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir.

35. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 28-30-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

36. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçılar cavabdehə (üçüncü şəxs "xxxx" MMC-yə) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 100 nömrəli layihə sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2191/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.Həmin Qərar qanuni qüvvəsini almışdır.

37. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-526/2019 saylı, 29 avqust 2019-cu il tarixli Qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı13 Səfər oğlunun, İddiaçı1, İddiaçı14 və X2 iddiaları təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş, ərazinin əvvəlki vəziyyətə qaytarılması iddiaçılara həvalə edilmişdir.

38. Borclu "xxxx" MMC ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)- 1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına 1 il 6 ay müddətinə möhlət verilməsini xahiş etmişdir.

39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)-754/2019 saylı qərardadı ilə ərizəçi "xxxx" MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)- 1232/2018 saylı qətnaməsi icra edilməsi qərara alınmışdır.

40. Həmin qərardaddan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-526/2019 saylı, 29 avqust 2019-cu il tarixli Qərardadının surətindən görünür ki, qərardadla borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)-754/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılması, Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır.

42. Həmin Qərardadda qeyd olunmuşdur ki, “...Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı qətnaməsinin mahiyyətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş və ərazinin əvvəlki vəziyyətə qaytarılması həvalə edilmişdir. Yəni qətnamə ilə təmin olunmuş tələb ondan ibarət olmuşdur ki, borclu tərəfindən aparılan tikinti-quraşdırma işlərində mübahisələndirilən torpaq sahəsindən və ərazidən istifadə qadağan edilsin. ....Belə olan halda borclunun ərizəsinin təmin edilməsi, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 saylı məhkəmə qətnaməsinin icrasına 1 il 6 ay müddətinə möhlət verilməsi və bu müddətdə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması faktiki olaraq həmin qətnamənin əhəmiyyətini sıfıra endirəcək, qətnamənin gələcəkdə icrasını mənasız edəcəkdir.”

43. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-mühəndis texniki ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində yuxarıda istinad olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş ərazilərə texniki şərtin verilib-verilmədiyi müəyyən olunmamışdır.

44. Odur ki, apellyasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-860/2024 saylı qərardadı ilə məhkəməmühəndis ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki,:

1. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və kanalizasiya xətləri həmin ünvanda iddiaçıların yaşadıqları binanın su xətlərinə və kanalizasiya xətlərinə qoşulduğu müəyyən edilmişdir.

2. Cavabdeh1 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətləri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001 )-1232/2018 saylı qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) iddiaçılara həvalə edilmiş ərazidən keçdiyi müəyyən edilmişdir.

45. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla (xüsusən iddiaçılarla "xxxx" MMC arasında uzun müddət getmiş və iddiaçının xeyrinə nəticələnmiş inzibati və mülki məhkəmə mübahisələrinə dair yekun məhkəmə aktları ilə) yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli rəyi ilə razılaşmamağa əsaslar görmür.

46. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətləri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001 )- 1232/2018 saylı qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) hazırkı iş üzrə iddiaçılara həvalə edilmiş ərazidən keçir.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

49. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçıların şikayətin dəlilləri kimi istinad etdiyi halları əsaslı hesab edir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

51. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, ləğv olunaraq iddia təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 002/1/264tş saylı texniki şərtin və xx.xx.2021 tarixli, VM-01/06-832 saylı layihə sənədlərinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 ( yüz ) manat məbləğində pul Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar