Məhkəmə qərarları › İş №2-1(103)-860/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-860/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin bərpa edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13124/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti xx.xx.2017-ci il tarixində Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında baxılmış və “Ürəyin aterosklerotik xəstəliyi. Aterosklerotik kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks. Hidroperikard. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX: stabil gərginlik stenokardiyası F.S.İİİ, tez-tez tutmalarla. Ürək çatmamazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, hipertoniya xəstəliyi, ən yüksək risk.” Diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə Bakı 38 nömrəli Şəhər Poliklinikasının 4118003AAE14 nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokardiyası İİİ f\s (Üç). İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmamazlığı İİ f\s AF= 49 %, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə Mərkəzə geri göndərilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli R00069740ANG nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xoralı kolit. Soltərəfli zədələnmə ilə. Xroniki fasiləsiz residivləşən gedişli aktiv faza. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:. Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə Mərkəzə geri göndərilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin K00146728İAL ömrəli göndərişi əsasında baxılmış və “Qeyri spesifik xoralı kolit. Soltərəfli zədələnmə ilə. Xroniki fasiləsiz residivləşən gedişli aktiv faza. Anal kanal çatmamazlığı.3- cü dərəcə.” Diaqnozu ilə ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 80 % (səksən faiz) pozulması ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “...Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7720/2022 nömrəli qərarı icra edilərək, aparılmış xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv edildiyi tarixdən bərpa edilmişdir. Əlillik müddəti bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişiniz əlilliyin müəyyən edildiyi tarixdən (xx.xx.2023-cü il tarixindən) etibarən hesablanılacaqdır”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

6. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə də ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, əlavə müalicəsinin uğursuz olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə də ikinci dərəcə əlilliyi bərpa edilməmişdir.

8. İddia tələbinə yazılı münasibət bildirilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13124/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında iddiaçıya əlillik təyinatı aparılmasından imtina qərarları hazıradək qüvvədə olduğundan və həmin qərarlar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçının əlillik təyin edilməsi barədə qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13124/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh nəzərə almır ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra edilərək ona xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv edildiyi tarixdən bərpa edilmişdir.Həmin dövr COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən həmin məhkəmə qərarı ilə bağlı Ali Məhkəmənin qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə poçtla göndərilmişdir.Odur ki, iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-1-cü maddəsində müəyyən olunan müddəti ötürməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətiinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ....

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Məhkəmə Kollegiyası iddia tələbinin mahiyyəti və iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

26. Əlillik müddəti bitəndən sonra iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında qiymətləndirilmiş və ona hər iki göndəriş əsasında əlavə müalicəyə ehtiyacının olması əsas gətirərələk əlillik təyinatının aparılmasından imtina edilmişdir.

27. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və həmin tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 80 % pozulması ilə əlaqadar əlillik təyinatı aparılmışdır.

28. Hazırkı işdə iddaçı ona ilkin olaraq əlillik təyinatının müddətinin bitməsindən sonra rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli göndəriş əsasında həmin tarixdən ona təyin əlillik təyinatı aparılan xx.xx.2023-cü il tarixədək əlilliyin bərpa edilməsi tələbini irəli sürüb.

29. İddiaçı iddia tələbini həmin dövlər üzrə əlilliyin bərpa edilməsi şəklində irəli sürsə də, həmin dövrlərdə iddiaçının əlilliyi olmadığından əslində iddiaçının hüquqi marağı əlilliyin bərpasına deyil, həmin dövrlər üzrə əlillik təyinatının aparılmasına yönəlib.

30. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Bu iddianı irəli sürməkdə isə iddiaçının çatmaq istədiyi hüquqi marağı ondan ibarətdir ki, həmin dövrlər üzrə almadığı əlilliyə görə pensiya ödənişlərini alsın.

32. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEKin qərarının qəbul edildiyi tarixdən hesablanır.

33. Odur ki, məhkəmə tətbiq olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının TSEK qərarı ilə xx.xx.2023-cü il tarixdə yenidən əlilliyi müəyyən edildiyindən, həmin təyinatın xx.xx.2022-ci il tarixdən təyin edilməsi barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq diqqətə çəkir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh nəzərə almır ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra edilərək ona xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv edildiyi tarixdən bərpa edilmişdir.Həmin dövr COVİD- 19 pandemiyası dövrünə təsadüf etdiyindən həmin məhkəmə qərarı ilə bağlı Ali Məhkəmənin qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə poçtla göndərilmişdir.Odur ki, iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-1-cü maddəsində müəyyən olunan müddəti ötürməmişdir.

35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tətbiq olunan qanunvericilik normalarına əsasən şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.

36. Müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)- 7720/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək həmin qərar qanuni qüvvəsini almış və icra edilərək, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv edildiyi tarixdən bərpa edilmişdir.

37. Əlillik müddəti bitəndən sonra iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında qiymətləndirilmiş və ona hər iki göndəriş əsasında əlavə müalicəyə ehtiyacının olması əsas gətirərələk əlillik təyinatının aparılmasından imtina edilmişdir.

38. Belə ki, iddiaçı 5 nömrəli xəstəxanada müalicə almış və yenidən 2022-ci ilin dekabr ayında müraciəti və Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında qiymətləndirilmiş və ona yenə də əlavə müalicəyə ehtiyacının olması əsas gətirərələk əlillik təyinatının aparılmasından imtina edilmişdir.

39. Bundan sonra Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

40. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

41. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq daha sonra qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

42. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

43. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında iddiaçıya əlillik təyinatı aparılmasından imtina qərarları hazıradək qüvvədə olduğundan və həmin qərarlar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçının əlillik təyin edilməsi barədə qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

44. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1776/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli və 2-1(102)- 324/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13124/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13124/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar