Məhkəmə qərarları › İş №2-1(103)-861/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-861/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-861/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2555/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində yerləşən ümumi sahəsi 58,42 kv.m, yaşayış sahəsi 36,88 kv.m. olan 3 otaqdan ibarət 3/1 saylı evin kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, mübahisə edilən yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadığına görə dövlət mülkiyyətində olan əmlak hesab olunur. Dövlət mənzil fonduna aid edilməyən yaşayış binalarının dövlət qurumu olan Bakı ŞİH-in və onun bu sahədə səlahiyyətlərini icra edən MKTD-nin balansına verilməsi həmin Departamentin mənzil fondunun istismarı və qorunması ilə bağlı fəaliyyətinə uyğun hesab edilmir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasının xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, AR Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı ŞİH başçısının 25.01.2012-ci il tarixli 029 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial inkişaf idarəsi Mənzil kommunal xidmətlər departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanda yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2019-cu il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçının onunla mənzilə kirayə müqaviləsi bağlanması tələbinə dair iddia ərizəsində qeyd edilən Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi ev 3/1 ünvanda yerləşən yaşayış sahəsi fərdi yaşayış evi olmaqla dövlət mənzil fonduna aid deyildir. Qeyd edilən yaşayış sahəsi özbaşına tikilidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. Cavabdeh iddiaçıya ünvanladığı 03.06.2019-cu il tarixli A-47 nömrəli imtina məktubunda göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquq müəyyənedici sənəd (order) əsasında bağlanır. Dörd otaqdan ibarət evin istifadəyə verilməsinə dair order (əsli və ya notariat qaydada təsdiq olunmuş surəti) təqdim olunmadığından, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişi təmin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 01.01.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə icarə müqaviləsinin bağlanması mənzil-hüquq münasibətlərinin orderdən sonrakı mərhələsidir. Həmin normaya əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İddiaçının mübahisəli yaşayış sahəsinə dair əvvəlki MM-lə nəzərdə tutulan orderə malik olması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə bir sənədin olduğunu irəli sürmür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). İddiaçının mübahisəli yaşayış sahəsini tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində, buna lazımi icazələr almaqla, şəhərsalma və tikinti normaları və qaydalarına uyğun surətdə tikməsi iş materialları ilə təsdiq edilmir, iddiaçı da işin bu halını təkzib edən sübutları Məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır; 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İstinad olunan normaların təhlili göstərir ki, cavabdeh yalnız dövlət mənzil fondunun yaşayış sahəsi barədə sosial kirayə müqaviləsi bağlamaq səlahiyyətinə malikdir. Lakin sonuncu, mübahisəli yaşayış sahəsinin dövlət mənzil fonduna aid olmadığını, özbaşına tikinti olduğunu bildirir. Həmçinin, mübahisəli yaşayış sahəsində qeydiyyatsız yaşayan iddiaçının həmin sahə üzərində hüquqlarının yaranması ilə bağlı yaşayış yeri üzrə qeydiyyatda olması fərz edilən hal da tikilinin hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə səhv qərar qəbul etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2555/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində yerləşən ümumi sahəsi 58,42 kv.m, yaşayış sahəsi 36,88 kv.m. olan 3 otaqdan ibarət 3/1 nömrəli evin kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar