Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-861/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün satınalmaya məruz qalmış Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 43 saylı ünvanda yerləşən yaşayış binası üzrə ödənilməyən 72800 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 501 saylı xx.xx.2013-cü il tarixli Sərəncamının təmin edilməsi məqsədilə Bakı şəhərinin Baş planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 43 saylı ünvanda yerləşən Xəzri MTK tərəfindən inşa edilən yaşayış binası kooperativ üvzlərinin ümümi vəsaiti hesabına inşa edilməklə, payına uyğun olaraq mənzili, qeyri-yaşayış sahəsi, qaraj sahələri mövcud olmuşdur. Cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixdə kompensasiya məbləğinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraciətinə baxmayaraq cavab verilməmişdir. Şifahi olaraq heç bir kompensasiyanın ödənilməyəcəyi bildirilmişdir. Belə ki, onunla Xəzri MTK arasında bağlanmış 16 saylı mənzilə dair xx.xx.2014-cü il tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında müqaviləyə əsasən 165 kv.m. olan yaşayış sahəsi ona məxsus olmuş və həmin sahəyə görə 19 saylı Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış binasının dəyəri olaraq 364000 manat ödəniş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, iddiaçı MTK-nin üzvü olaraq inşa edilmiş və sökülməyə məruz qalmış mənzilin vəsaitini almışdır. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətində olmuş dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, tranformator otağı, binanın dəhliz və digər sahələrinə) kompensasiya ödənilmədiyi sübuta yetirilir. Bu sahələrin iddiaçıya bundan əvvəl ödənilmiş kompensasiya məbləğinə (mənzilə ödənilmiş kv.m. sahələr) heç bir aidiyyatı yoxdur. Hazırki iddia olunan sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırma aparılmamışdır. İş materiallarında olan notarıal qaydada bağlanmış alqı-satqı müqaviləsindən də görünür ki, əmlak kompensasiyası olaraq ona Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20% ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğinin ödənilməsinə dair məlumat mövcud deyildir. Məhkəməyə cavabdeh orqan tərəfindən iddia tələbini təkzib edən heç bir sübut təqdim edilməmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı Cavabdehnə qarşı tələbi Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 43 saylı ünvanda yerləşən yaşayış binasının dövlət ehtiyacları üçün satınalmaya məruz qalması ilə əlaqədar ödənilməyən 72800 manat məbləğində vəsaitin cavabdehdən tutulması ilə bağlıdır. İddiaçı ona istinad edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyəri ona ödənilsə də, əlavə haqq cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdeh tərəf iddiaçıya ödənilən kompensasiya məbləğinin qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla hesablandığını bildimişdir. Birinci instansiya məhkəməsi iddiaçının artıq özgəninkiləşirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürməsinə, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyinə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməklə bağlı subyektiv hüququnun olmadığına əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Qiymətləndirmə cədvəlindən görünür ki, İddiaçı məxsus olan mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 364.000 manat məbləğində kompensasiya hesablanmışdır. İşə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli notarial qaydada bağlanılmış müqavilədən görünür ki, İddiaçı Cavabdehndən 364.000 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından Cavabdeh xeyrinə imtina edir. İkinci tərəf bu müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı birinci tərəfə ödədi. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsinə əsasən onun daşınmaz əmlakına görə kompensasiya verilərkən əlavə xərclər də nəzərə alınmışdı. İddiaçının yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd olunan ümumi istifadədə olan binanın dəhlizi, pilləkanları, lift, su anbarı, balkonlar, işıq tranformatoru və otağı, həyətyanı sahə və sair sahələrə görə kompensasiyanın ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir, lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən Mülki Məcəllənin 527.1 və 528ci maddələrinin tələbləri baxımından tərəflərin üzərinə götürdükləri öhdəliklərə artıq xitam verilmiş olur. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-209/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdə iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hazırkı iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-861/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-861/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver