Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-861/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığrota üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına qarşı «iddiaçının anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığrota üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası 29 noyabr 2021-ci il tarixdə vəfat etmiş 1954-cü il təvəllüdlü X1 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ünvan 1 ünvanında yaşayır. Onun mərhum anası X3 təzyiq xəstəliyindən müalicə olunurdu. 29 noyabr 2021-ci il tarixdə dərhal növbətçi həkim çağırılsa da, Sumayə Məmmədova həkim gələnədək artıq vəfat etmişdir. Növbətçi həkim bunun əsasında onun ölümü haqqında arayış vermişdir. X7 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindəki Dədə-Qorqud qəbiristanlğında dəfn olunmuşdur. O, rayon qeydiyyat şöbəsindən anasının ölümü haqqında şəhadətnamə almaq məqsədilə cavabdeh poliklinikaya “ölüm haqqında tibbi şəhadətnamə (forma-106 arayışı)” verilməsi üçün müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və buna səbəb olaraq mərhumun ambulator kartının və poliklinikaya hər hansı xəstəliklə bağlı müraciətinin olmaması göstərilmişdir. Cavabdeh 38 saylı Şəhər Poliklinikasının iddiaya qarşı yazılı münasibəti birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Onun işə əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 111 saylı 1 aprel 2022-ci il tarixli məktubunda isə bildirilmişdi ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 3 ünvanında yaşamış X2 Poliklinika tərəfindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, anasının vəfatı barədə tibbi şəhadətnamənin alınmasının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə onsuz baxmış, anasının ölümü haqqında tibb şəhadətnamənin verilməsini təmin etməmişdir. Ona görə də həmin qərarda apellyasiya şikayəti vermişdir. Mərhumun ölümünə aid olan poliklinika və Topçubaşov adına xəstəxanadan alınmış sənədlər məhkəməyə təqdim olunmuşdur. Ölüm faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Hara müraciət edilməli, iddianın əsası harada axtarılmalıdır.Xəstəlik tarixçəsi, ondan çıxarış və başqa sənədlər məlumdur. Axır ki, evində vəfat edənlərə ölüm haqqında şəhadətnamə verilməlidir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilməş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə anasının ölümü barədə tibbi şəhadətnamənin verilməsi vəzifsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olmunmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının mərhum anası - 1954-cü il təvəllüdlü X3 müalicə və ya müayinə olunduğu tibb müəssisəsində vəfat etməmiş, eləcə də, müvafiq “Xəbərdarlıq vərəqəsi” üzrə ölümünün səbəbi də müəyyən olunmur. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» isə aşağıdakıları nəzərədə tutur: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır...; 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndi isə nəzərədə tutur ki, bu Qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın: 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4.1-4.4.6-cı bəndlərinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: - hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; - infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; - tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; - (4.4.4) zorakı ölümə şübhə olduğu hallarda; - ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; - ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir...” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 9.1-ci bəndində məhz göstərilmişdir ki,- -«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Beləliklə də qanunvericiliyin tələblərindən göründüyü kimi, “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi “xəbərdarlıq vərəqəsi”nin və tibbi sənədlərin (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) təqdim edilməsi ilə şərtləndirilir və belə şəhadətnamənin verilməsi səlahiyyəti ayrı-ayrı kateqoriyadan olan tibb müəssisələrinə aid edilmişdir. O cümlədən: 1) stasionar tibb müəssisəsi – ölüm hadisəsi vəfat edən şəxsin həmin tibb müəssisəsində müayinə və ya müalicə olunduğu vaxt baş vermişsə; 2) patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi – hamiləlik və doğuşla əlaqədar, infeksion xəstəliklər, zorakı ölümə şübhə olduqda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 3) şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi – yuxarıda sadalananlardan başqa digər hallarda. Konkret halda isə cavabdeh tibb müəssisəsi tərəfindən iddiaçının anasını ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün qanunvericiliyin müəyyən etdiyi həmin halların mövcudluğu müəyyən olunmur. «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4-cü bəndinin tələbi baxımından, iddiaçının anasının ölümü barədə tibbi şəhadətnamə ambulator tibb müəssisəsi və stasionar tibb müəssisəsi tərəfindən deyil, müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilə bilərdi. Birinci instansiya məhkəməsinin TƏBİB-ə ünvanlanmış sorğusuna həmin qurumdan alınmış 16 avqust 2022-ci il tarixli cavab məktubunda isə bildirilmişdir ki, 38 saylı Şəhər Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərir, pataloji anatomoya və məhkəmə-tibbi ekspertiza müayinəsi aparan müəssisələr kateqoriyasına aid deyil. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya tibbi şəhadətnamənin verilməsindən imtina olunması əsasılıdır. Birinci instansiya məhkəməsinin qərarından da məhz, əsaslı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyul 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş «Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat»ın müddəalarını da rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikası İddiaçı mərhum anası 25 fevral 1954-cü il tarixdə doğulmuş X1 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd sayılmamalıdır. Odur ki, iddia əsaslı qiymətləndirilmir.” Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqların pozan hərəkətlərə yol verildiyi sübuta yetirilmir. Belə olan halda, iddiaçının qanunla qorunan hüquqlarını pozmasından söhbət gedə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə belə hallara gavabdeh tərəfindən yol verildiyi sübuta yetirilmir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, anasının ölüm faktının müəyyən edilməsi barədə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq xüsusi icraat qaydasında qaydasında iddia qaldırmaqla, məsələnin həllinə nail ola bilər. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-861/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-861/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver