Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-862/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Sadıqova Zibeydə Söhbət qızının, Cavabdeh AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri X4 və X1, Cavabdeh AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı şikayət ərizəsinə cavab verilməsi və internet informasiya ehtiyyatına edilmiş haker hücumunun araşdırılması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3821/2019 saylı qərarından iddiaçının vəkili və nümayəndəsi Z.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3821/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim E.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi Z.Sadıqova tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin İddiaçı təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019-cu ildə məhdudlaşdırılması və xx xxxxx 2019-cu ilkdə haker hücumuna məruz qalması barədə ərizəsinin araşdırmamasını və cavab verməməsinin qanunsuz hesab edilməsi və “arqument.info” və “arqument.az” saytının təsisçisi və baş redaktoru İddiaçı şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ikinci cavabdeh qismində işə cəlb edilməklə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin İddiaçı təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019-cu ildə məhdudlaşdırması və xx xxxxx 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi, İddiaçı ərizəsinin araşdırılmaması və cavab verməməsi qanunsuz hesab edilməsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinə “arqument.info” və “arqument.az” saytının təsisçisi və baş redaktoru İddiaçı şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ikinci cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “arqument.info” və “arqument.az” domeni online internet qəzetidir. Ölkədə kifayət qədər reytinqli, baş verən ictimai fikirə təsir imkanı olan internet qəzetidir. Sayt ölkədə baş verən hadisələri, vətəndaşların şikayətlərini, siyasi, ictimai və s. fikirləri, son xəbərləri verir. Sayt mütəmadi olaraq məmurların özbaşınalığı, korrupsiya halları barədə də geniş yazılar verir. Saytın baş redaktoru, təsisçisi jurnalist İddiaçıdir. xx xxxxxx 2018-ci ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə sözügedən saytın ölkə ərazisində yayımlanması qadağan edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sayta qoyulmuş qadağa götürülmüşdür. xx xxxxx 2019-cu ildə axşam saatlarında saytlara giriş məhdudlaşdırılıb. Məhdudlaşdırılma sayta Cəlilabad rayonunda fermerlərin etiraz etməsi barədə xəbərlər verildikdən sonra baş vermişdir. xx xxxxx 2019-cu ildə isə saytlar haker hücumuna məruz qalmış və məlumat bazası tamamilə dağıdılmışdır. Saytların ölkə ərazisində girişinin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri daxilindədir. Lakin 08 aprel, xx xxxxx 2019-cu ildə nə sayta, nə də jurnalistə hər hansı xəbərdarlıq məktubu təqdim edilməmişdir. İddiaçı xx xxxxx 2019-cu ildə Baş Prokurora, X11, DTX və cavabdehə şikayət ərizəsi ünvanlamış və xahiş etmişdir ki, təsis etdiyi “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08-xx xxxxx 2019-cu ildən məhdudlaşdırılmasının səbəbinin açıqlanması, məhdudlaşdırmanın qanunsuz hesab edilməsi və saytları qanunsuz bloklayan və bazasını dağıdan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onlar barədə cinayət işinin başlanması, “arqument.info” və “arqument.az” saytlarına qoyulmuş blokun götürülməsi barədə göstəriş verilsin. İddiaçının ərziələrinə bu günə kimi cavab verilməyib. Lakin xx xxxx 2019-cu ildə iddiaçıya təqdim edilən Elektron Təhlükəsizlik Xidmətinin rəisi cənab Faiq Fərmanovun xx xxx 2019-cu il tarixli məktubunda ETX-nın sayta girişin məhdudlaşdırılması ilə bağlı heç bir hərəkəti olmadığı göstərilmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi iddiaçının müraciətinə heç bir cavab verməmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçının nümayəndəsi Sadıqova Zibeydə Söhbət qızı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, məhkəmə qərarında göstərilmişdir ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması məhkəmə qərarına əsasən həyata keçirilir. Həmçinin təxirəsalınmaz hallarda müvafiq icra hakimiyyəti orqanı öz qərarı əsasında internet informasiya ehtiyatına müraciəti müvəqqəti olaraq məhdudlaşdırır. Hər iki halda müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatının Siyahısına” daxil edir. Lakin iddiaçıya məxsus informasiya ehtiyatının təxirəsalınmaz hal olaraq cavabdehin qərarı əsasında müvəqqəti məhdudlaşdırılması və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunması halı mövcud deyildir. Birinci inastansiya nəhkəməsi nəzərə almadı idi ki, ölkədə saytlara girişin məhdudlaşdırılması ilə bağlı səlahiyyət yalnız AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ona tabe olan qurumlardadır. Məhkəmə cavabdehlərin iddiaçının saytını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatının Siyahısına” salmadıqları ilə bağlı arqumentləri ilə kifayətləndi. Məhkəmə belə bir məhdudlaşdırmanın digər hansı səbəbdən, hansı orqan tərəfindən tətbiq oluna biləcəyini araşdırmadı. Halbuki bu tip başqa bir orqan AR ərazisində fəaliyyət göstərmir. İddiaçı bildirmişdir ki, o iddiasını AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı vermişdi. Lakin Nazirlik məhkəmə iclasında bildirmişdi ki, o, müraciəti müvafiq qaydada araşdırmanı aparmağa səlahiyyətli olan Elektron Təhlükəsizlik Xidmətinə göndərib. ETX isə iclasda bildirdi ki, onlar yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri gömrək və elektron təhlükələrin qarşısının alınması istiqamətində tədbirlər hazırlamağa səlahiyyətlidirlər. Lakin hazırda iddiaçının saytlarına iddiaçı tərəfindən edilmiş müraciətlər əsasında baxış keçirilmiş və araşdırma nəticəsində hər hansı məhdudiyyətin olması aşkar edilməmişdir. Haker hücumunun araşdırılması isə onun səlahiyyətində deyil. Lakin məhkəmə nəzərə almadı ki, bu qurum AR Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərir və bu nazirlikdən başqa ölkədə saytlara girişi məhdudlaşdıra bilən bir qurum yoxdur. Həmçinin nümayəndə bildirdi ki, ölkə ərazisində internetə və internet resurslarının yayımlanmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabdehdir, iddiaçının təsis etdiyi və baş redaktoru olduğu internet qəzetinin ölkə ərazisində yayımlanmasına qadağa qoyulması birbaşa Nazirliyin göstərişi ilə mümkündür. İddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubda da sayta məhdudiyyətin qoyulmaması barədə məlumat verilməyib. Sadəcə ETX-nin sayta məhdudiyyət qoyulması üçün heç bir tədbir görmədiyi qeyd edilib. Çünki “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirlik internet saytın məhdudlaşdırılmasım istəyirsə məhkəməyə müraciət etməli idi. Həmçinin nümayəndə bildirdi ki, iddiaçı dövlət orqanlarına bildirmişdir ki, sözügedən saytlara kiberhücum da olub. Bu hücum Azərbaycan ərazisindən baş verib. Xahiş edib ki, bu hücumu təşkil edənlər araşdırılsın və məsuliyyətə cəlb edilsin. Lakin cavabdeh heç bu istiqamətdə də heç bir iş görməyib və iddiaçıya bu günə kimi cavab verməyib. İddiaçının şikayət ərizəsinə ETX cavab verib və bildirib ki, o saytın məhdudlaşdırılması ilə bağlı heç bir tədbir görməyib. Halbuki, ETX-nin Əsasnaməsində onun hər hansı bir tədbir görmək kimi səlahiyyəti də yoxdur. Nümayəndə bildirdi ki, ETX monitorinq edib və belə nəticəyə gəlib ki, böhtan xarakterli məqalələr olduğundan sayta blok qoyulmalıdır. Elektron Təhlükəsizlik Xidmətinin Əsasnaməsində ETX-nin belə bir hüquq və ya vəzifəsinin olması qeyd edilməyib. Bundan əlavə nümayəndə bildirdi ki, ETX-nin 2013-cü il hesabatında 2013-cü ildə baş vermiş Kiberhücumlar və geniş yayılmış ziyanverici proqramlar haqqında araşdırma etdiyi yazılıb. ETX-nin saytında 2013-cü ildən sonrakı hansısa araşdırma və ya hesabatları yoxdur. Baxmayaraq ki, ETX özü birbaşa internet resursları ilə bağlıdır, saytında yenilənmələr edilmir. Deməli, kiberhücumları araşdırmaq ETX-nin vəzifəsi olsa da, vəzifəsini yerinə yetirməyib.Ərizədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İşin hallarından göründüyü kimi, cavabdeh ərizə ilə məhkəməyə müraciət etmədən sözügedən sayta girişi bloklayıb. Sayt bloklanan gün iddiaçı mediaya məlumat verib. Bildirib ki, saytın bloklanması şikayətçilərin məlumatlarının getməsindən sonra baş verib. İddiaçı bildirir ki, xx xxxxxx 2018-ci ildə də şikayətçilərin müraciətlərini dərc etdikdən sonra sayta giriş bloklanmışdir. Nümayəndə apellyasiya şikayətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3821/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri X8 və X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli, ETX-01/150-19 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması barədə müraciətinə aidiyyəti üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baxılmışdır. Bildirilmişdir ki, “arqument.info” və “arqument.az” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (bundan sonra - Xidmət) kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların (bundan sonra - istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən, habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi və fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görən, əlaqələndirici qurum olan icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətləri; 2.1.7. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək; 2.1.2. informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra - elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; Həmin Əsasnamənin 3.1.20-1-ci bəndinə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilmiş informasiyanın yayılmasının və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının (dövlət qurumlarının internet informasiya resursları istisna olmaqla) fəaliyyətinin monitorinqini aparmaq, nəticələrinə dair dövlət qurumlarını məlumatlandırmaq və bu sahədə mütəxəssis hazırlığı və mövcud kadr potensialının artırılması üzrə tədbirlər görmək xidmətin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindəndir. “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. Həmin Qanunun 13-1.2-ci maddəsinə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Həmin Qanunun 13-1.3-cü maddəsinə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.4-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir. Həmin Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Həmin Qanunun 13-3.2-ci maddəsinə əsasən xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Həmin Qanunun 13-3.3-cü maddəsinə əsasən dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Həmin Qanunun 13-3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. Həmin Qanunun 13-3.5-ci maddəsinə əsasən məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Qanunun 13-3.6-cı maddəsinə əsasən məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-3.7-ci maddəsinə əsasən internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər. Həmin Qanunun 13-3.8-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Göründüyü kimi internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması qanunla tənzimlənir. Qanunvericliyin tələblərindən göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı olaraq cavabdeh yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində informasiya götürülmədikdə, aidiyyəti üzrə məhkəməyə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət olunur. Digər halda dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet infomasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Göründüyü kimi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması məhkəmə qərarına əsasında həyata keçirilir. Həmçinin təxirəsalınmaz hallarda müvafiq icra hakimiyyəti orqanı öz qərarı əsasında internet infomasiya ehtiyatına müraciəti müvəqqəti olaraq məhdudlaşdırılır. Hər iki halda müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Hazırki halda iddiaçıya məxsus informasiya ehtiyatının təxirəsalınmaz hal olaraq cavabdehin qərarı əsasında müvəqqəti məhdudlaşdırılması və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunması halı mövcud deyildir və belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin onun təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019cu ildə məhdudlaşdırması barədə iddiaçının tələbi əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının cavabdehin xx xxxxx 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi hissəsində də iddia tələbini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin Əsasnaməsindən görünür ki, Xidmətin fəaliyyət istiqaməti kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edilməsindən, kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərmək olduğu halda iddiaçının cavabdeh tərəfindən haker hücumuna məruz qalmasını iddia etməsi əsassızdır. Bundan əlavə, iddiaçının tələbini onun ərizəsinin araşdırılmaması və cavab verməməsinin qanunsuz hesab edilməsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinə “arqument.info” və “arqument.az” saytının təsisçisi və baş redaktoru İddiaçı şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin qoyulması hissəsində də əsassız hesab edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüquqları vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10cu maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli, ETX-01/150-19 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması barədə müraciətinə aidiyyəti üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baxılmış və müraciəti araşdırılaraq cavab verilmişdir. Məhkəmə kollegiyası hesab edir, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək haqlı olmuşdur, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Z.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3821/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-862/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-862/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver