Məhkəmə qərarları › İş №2-1(103)-862/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-862/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-862/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənzil növbəsinə götürülməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənzil növbəsinə götürülməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5124/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, ona X1 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı 2 saylı mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 1992-ci ildən 2019-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrində Döyüş bölgəsində xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan mayordur. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərara əsasən xidmət dövründə ürək əməliyyatı olunaraq, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. 5 nəfər ailə üzvü var. Uşaqları məktəblidir. Kirayə yaşayır. 2019-cu ilin dekabr ayında onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciət əsasında ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində mənzil ayrılmış, lakin 2020-ci ildə evlər sənədləşdirildikdə o, yenidən müraciət etdikdə ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddələrinin 1-ci hissəsinə əsasən məhkum olunduğu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nörəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci il 11 fevral tarixli 11/05-34-1020 nömrəli məktubu ilə ona məlumat verilmişdir”. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 19 avqust 2020-ci il tarixli 11/05-139-4065 nömrəli məktubuna əsasən mənzil verilməsi barədə məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq mənzil növbəsindən çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanında göstərilir ki, 20 il və 20 ildən daha artıq qüsursuz xidmət edənlərə mənzil verilir. 1997-ci il dekabr ayından 1998-ci ilin may ayına kimi həbs olunsa da amnistiya olunmuşdur və sonradan həmin vaxtdan 2019-cu ilin aprel ayına qədər qüsursuz və nümunəvi xidmət etmişdir. Dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlar və pul mükafatı almışdır. 25 iyun 2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley Medalı ilə təltif olunmuşdur. 19 iyul 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı ilə, 24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi Yubiley Medalı ilə, 24 iyun 2013- cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə, 24 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə, 26 iyun 2013-cü ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə, 26 fevral 2019-cu ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. O, Əfqanıstan veteranı və Qarabağ, həm də Silahlı Qüvvələrin veteranıdır. Bütün yuxarıda göstərilənlər onun vətənə, dövlətə, yüksək xidmətinin bariz nümunəsidir. Qüsursuz 20 il xidmət etməsi ona mənzil verilməsinə maneçilik törətmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5124/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın Maliyyə Nazirliyinə yönəldilməsi yanlışdır və mümkün deyildir. Buna baxmayaraq məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Halbuki, iş materiallarından da məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubu ilə İddiaçı məhkumluğu olduğu bildirilmiş və bu səbəbdən də onun adı mənzil növbəsindən çıxarılmışdır. Bu baxımdan sözügedən siyahının Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib edildiyini nəzərə alaraq, məhkəmə işi üzrə cavabdeh qismində Müdafiə Nazirliyi cəlb edilməli idi. Çoxsaylı analoji məhkəmə işləri üzrə də cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tanınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Fərmana “qüsursuz xidmət” müddətinin anlayışı verilmişdir. Bu baxımdan hesab edirik ki, İddiaçı yenidən Müdafiə Nazirliyinə müraciət etməli və onun qüsursuz xidmət illəri yenidən hesablanmalıdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları 09.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, və apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini, bununla bağlı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 20 ildən çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunmağını xahiş edir. Lakin cavabdeh müraciətin həllindən imtina edir və bunu onunla əsaslandırır ki, məhkum edilməsi onun xidmətinin qüsursuz olmadığına əsas ola bilməz. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hüquqi statusunun (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onun, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verməsinə, sözügedən Fərmanın ona da şamil edilməli olmasına istinad edərək, işə mahiyyəti üzrə baxmış və iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, əvvəlcə məhkəmə iddiaçının iddiası üzrə cavabdeh kimi qoyulmuş orqanın bu iddia üzrə cavabdehlik daşımalı olub-olmadığını yoxlamalı idi. Qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılması qərara alınmışdır. Fərmana 15.11.2021-ci il tarixdə edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikasının Maliyyə Naziri Komissiyanın sədri, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini Komissiyanın üzvləri olaraq müəyyən olunmuşlar. Adı çəkilən Fərmanla Komissiyaya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almaq; hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək tapşırılmışdır. Göründüyü kimi, Fərmanla bu kateqoriya şəxslərin siyahısının tərtib olunması Komissiya üzvlərinə, o cümlədən Müdafiə Nazirliyinə həvalə olunmuş, müvafiq siyahı tərtib edildikdən sonra isə onun Komissiya sədri Maliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Komissiya sədri olan Maliyyə Nazirliyi ona təqdim olunmuş siyahı üzrə mənzillərin bölüşdürülməsini həyata keçirir. Bununla bağlı iddiaçının onun mənzil növbəsinə bərpa olunması tələbi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşımır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan olmadığı halda, işə baxmış məhkəmə həmin orqana qarşı işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5124/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5124/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar