Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-862/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı X9 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı işğaldan əvvəl yaşadığı mənzilə köçürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11703/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işğaldan əvvəl yaşadığı mənzilə köçürülməyinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X15 1959-cu ildə Laçın rayonunun Ziyirik kəndində anadan olmuş, orada aböyüyüb boya-başa çatmış, orta təhsil almış, ailə qurmuşdur. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin may ayında Laçını işğal etdikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüşdür. Bir müddət keçdikdən sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Hazırda bu ölkənin vətəndaşıdır. ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli ümumi yaşayış binasında 3 otaqlı mənzildə yaşamışdır. Yaşadığı mənzil ailəsinə Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən növbəlilik əsasında verilmişdir. Mənzilin order üzrə sahibi həyat yoldaşı X7 idi. 2021-ci ildə bu yaşayış binasının sakini kimi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə dəvət olunmuş, özü və ailə üzvləri barədə məlumatları qeydiyyatdan keçirmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi binaya, işğaldan əvvəl iddiaçının yaşadığı Laçın şəhəri, H.Aslanov küçəsi 2, mənzil 6-a köçürüləcəkləri bildirilmişdir. Eləcə də iddiaçıya köçün başlanması barədə əlavə məlumat veriləcəyi bəyan edilmişdir. 404 nömrəli kodla istismara verilmiş binanın keçmiş sakini kimi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsindən mənzilə köçürülməyi barədə ikinci təklifi almışdır. İddiaçı təklifi alandan sonra Azərbaycana gəlmiş, köç üçün hazırlıq işlərinə başlamışdır. xx.xx.2024-cü il tarixdə Laçına daşınması nəzərdə tutulan daşınar əmlakların siyahısını Dövlət Komitəsinin Repotriasiya Departamentinin nümayəndəsi ilə razılaşdırıq müvafiq Akt bağlanılmışdır. xx.xx.2024-cü il tarixdə Komitə tərəfindən göndərilmiş bildirişə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Saray qəsəbəsində olan əşyaları Komitə tərəfindən ayrılmış yük avtomobillərinə yığmışlar. Əşyaların böyük bir hissəsi avtomobildə olarkən yüklənmə prosesinin dayandırılması barədə göstərişlə iddiaçı və ailəsinin Laçına köçürülməsi prosesi dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinın xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının kçürülmə şərtlərinə uyğun olmadığını, köçürülmə ilə bağlı müraciətinə Azərbaycan Respublikası vətəndaşlığını və məcburi köçkün statusunu əldə edəndən sonra təkrarən baxılacağı bildirilmişdir. İş üzrə cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, X2 müraciəti daxil olmuş və müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Nəzərinizə çatdırırq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərində, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək və yaxud da bərpa ediləcək evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. Laçin şəhərində məcburi köçkün statusuna malik olan və daimi qeydiyyatı şəhər ərazisində olan ailələr köçürülür. Bildirik ki, siz Azərbaycan Respublikasının vətəndaşlığını və məcburi köçkün statusunu əldə etdikdən sonra sizin müraciətinizə mövcud qaydalara əsasən baxılacaqdır”. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. X11 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X3 Respublikasının vətəndaşı deyil, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11703/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı X15 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11703/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və torpaqlar işğal olunan zaman iddiaçı və ailəsi Laçın rayonundan məcburi köçkün düşərək, rayonu tərk etmiş, lakin imtinada göstərilmişdir ki, guya onların statusu olmamışdır. Burda da görünür ki, məhkəmə işi hərtərəfli araşdırmadan qərar qəbul etməklə iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı mülkiyyətlərində olan mənzili istəyir. Həyat yoldaşının mülkiyyət hüququ da bu hissədə pozulmuşdur. Həmçinin iddiaçının isə yaşayış hüququ bu hissədə pozulur. Belə ki, həmin mənzil iddiaçının həyat yoldaşına onunla birgə nikah dövründə verilmiş və onların atababa yurdunda yeganə yaşayış yeri ora olmuşdur. Cavabdeh isə iddiaçının Azərbaycan Respublkasınm vətəndaşı olmamasına və məcburi köçkün statusunun olmamasına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və qardaşı olan iddiaçının tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmiş (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə məcmu halında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - Rusiya Federasiyanın 76 ******* №-li Pasportuna əsasən, iddiaçı X4 Federasiyasının vətəndaşıdır. - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ 0****** №-li Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsinə əsasən, X12 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Gənc kosmonavt” düşərgəsi ünvanında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. - ЖГ 451329 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, X10 xx xxxx 1959cu il tarixdə Laçın rayon, Ziyrik kəndində doğulmuşdur. - İ-КБ 547318 №-li Adın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, xx xxxx 1959-cu il təvəllüdlü, Azərbaycanlı, Azərbaycan SSR, Laçın rayonu, Ziyrik kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı X1 dəyişdirərək X15 etmişdir. - xx.xx.2024-cü il tarixli Aktla xx.xx.1959-cu ildə anadan olmuş, Məmmədov (Laçın) Xaliq Tapdıq oğlunun ailəsi ilə birlikdə 1992-ci ilə kimi Laçın şəhəri, H.Aslanov küçəsində yerləşən 4 mərtəbəli binanın 3-cü blokunun 2-ci mərtəbəsində 3 otaqlı (hazırda bina 404, mənzil 24) mənzildə yaşamaları qonşular kimi qeyd olunmuş şəxslər tərəfindən aktlarşdırılmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-36-3/2-L-79xx-xx/2024/8662 nömrəli məktubunda bildirilmişdir ki, “...Ölkə rəhbərliyinin tapşırığına əsasən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikilicək və yaxud da bərpa ediləcək evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. Laçın şəhərinə məcburi köçkün statusuna malik olan və daimi qeydiyyatı şəhər ərazisində olan ailələr köçürülür. Bildiririk ki, siz Azərbaycan Respublikasının vətəndaşlığını və məcburi köçkün statusunu əldə etdikdən sonra sizin müraciətinizə mövcud qaydalara əsasən baxılacaqdır”. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1-ci bəndinə görə, Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. X6 6.2.3-cü bəndinə əsasən, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması İşğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir. İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir. Eyni zamanda, əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması da prioritet işlərdəndir. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur. İstinad edilmiş normaların mənasından görünür ki, iddiaçının tələbinin təmin olunması üçün iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmalı, iddiaçının işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqəsi olmalı və iddiaçının məcburi köçkün statusu olmalıdır. Halbuki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı deyil, onun hazırkı vəziyyətdə məcburi köçkün statusu yoxdur və o, köçürülməsini tələb etdiyi mənzilə dair nə inzibati orqana, nə də ki, məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən qərarda iddiaçıya izah edilmişdir ki, iddiaçı, həqiqətən, Laçın şəhərində mənzilə sahibdirsə, bunu hüquqmüəyyənedici sənədlərlə (order, sərəncam, çıxarış, qeydiyyat vəsiqəsi və s.) təsdiq edilə bilər. Buna baxmayaraq qeyd olunan sənədlər nə apellyasiya şikayətinə əlavə edilmiş, nə də ki, həmin sənədlərdən hər hansı birinin mövcudluğuna məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi istinad edə bilmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxslərin xx.xx.2024-cü il tarixli yazılı aktı iddiaçının mənzilin olmasının sübut edilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11703/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11703/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-862/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-862/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver