Məhkəmə qərarları › İş №2-1(103)-863/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-863/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-863/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)- 5737/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-5737/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya pensiya hüququ yarandığı 15 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 sentyabr 2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı tamam olduğu 15 sentyabr 2017-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi iddiaçıya ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə iddiaçı tərəfindən müraciət olunmuşdur. Lakin cavabdeh 07 iyul 2017 -ci il tarixli **********6 nömrəli məktubla iddiaçının xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli pensiya hüququ verən iş stajında 03.10.2005- 21.11.2006-ci il tarixində quraşdırma çilingəri vəzifəsi güzəştli iş stajı hüququ verən vəzifələrə uyğun deyil və üstəlik, 14.07.1987-20.06.2005-ci il tarixləri arasında Şirvanneft NQÇİ-nin Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində çalışarkən tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfinin hansı sənədlərə əsasən müəyyən olunmasının təqdim etdiyi arayışda öz əksini tapmamışdır. İddiaçı natamam orta təhsilini başa vurduqdan sonra 15 fevral 1978-ci il tarixində 8 nömrəli X1 Dəstədə fəhlə kimi əmək fəaliyyətimə başlamış,. 01 aprel 1979-cu ildə işdən çıxmışdır. 19 oktyabr 1979-21 oktyabr 1981-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, 10 fevral 1982- 28 aprel 1983-cü illərdə Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatında gil kərpic sexində çıxarıcı-qalaqlayıcı, 01 iyul 1983-08 yanvar 1987-ci illərdə Tamamlama işləri üzrə Bakı şəhəri 4 nömrəli X2 suvaqçı, və suvaqçı- rəngsaz, 13 fevral 1987-26 mart 1987-ci il tarixində 7 nömrəli Trestin 75 saylı Tikinti İdarəsində suvaqçı peşələrində çalışmışdır. 14 iyul 1987-ci il tarixində Şirvannefit NQÇİ-də Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz peşəsinə işə qəbul edilmiş və 20 sentyabr 1990-cı il tarixinə kimi həmin peşədə çalışmışdır. 20 sentyabr 1990-20 sentyabr 2005-ci il tarixləri arasında həmin müəssisədə quraşdırıcı çilingər, 20 sentyabr 2005- 03 oktyabr 2005-ci il tarixində X4 şöbəsində bağban, 03 oktyabr 2005- 01 yanvar 2006-cı il tarixlərində (sonrakı dövr əmək fəaliyyətim əmək kitabçasında qeyd edilmişdir) həmin idarənin Tikinti Təmir sexində quraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi qeyd edilən peşələrdə 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı toplamışdır. Onu da qeyd edir ki, cavabdeh iddiaçının müraciətinə vermiş olduğu imtina cavabında ümumi is stajını və digər müəssisələrdə topladığı güzəştli is stajını mübahisələndirməmişdir və hesab edir ki, hazırki iddia üzrə işində həmin iş stajı dövrləri mübahisələndirilməyən hal kimi qəbul olunmalıdır. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına (sonradan-Siyahı) uyğun olaraq, 10 fevral 1982- 28 aprel 1983-cü ildə Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatında çıxancı-qalaqlayicı (Siyahıda21806000 6. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsində 2180600a—11578 şifrəsi ilə qeyd edilmiş cıxarıcılar peşəsində)- 1 il 2 ay 18 gün, 01.07.1983- 08 yanvar 1987-ci ildə Tamamlama işləri üzrə Bakı şəhəri 4 nömrəli X2 (metropoliten tikintisi sahəsində) suvaqçı və suvaqçı-rəngsaz peşəsində (Siyahıda22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa bölməsində 2290100a—19727 şifrəsi ilə suvaqçılar və 2290100a—13450 şifrəsi ilə rəngsazlar ) - 3 il 6 ay 7 gün, 14 iyul 1987- 20 sentyabr 1990-cı ildə Şirvanneft NQÇİ-də Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz peşəsində Siyahıda 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000— 13450 şifrəsi ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar)- 3 il 2 ay 6 gün, 20.09.1990-20.09.2005-ci illərdə Şirvanneft NQÇİ-də quraşdırıcı çilingər peşəsində ( Siyahıda- 22900000 XXVİİ. bölməsində 2290000a— 14612 şifrəsi ilə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar)- 15 il 0 ay 0 gün, 20.09.2005-01.01.2006-cı il tarixində Şirvanneft NQÇİ-də quraşdırıcı çilingər peşəsində( Siyahıda- 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—14612 şifrəsi ilə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar)- 3 ay 12 gün olmaqla toplanmışdır. Güzəştli əmək stajı üst-üstə 23 il 2 ay 15 gün təşkil edir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafdiə edərək, izahatında göstərmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi 27.04.1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 14.07.1987-20.06.2005-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 01.10.2019-cu il tarixli dair arayışına əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda 03.10.2005-21.11.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçıya güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əlavə olaraq nümayəndə bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: - 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - НZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Əli-Bayramlı şəhər hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, 19 oktyabr 1979-cu il tarixdə hərbi xidmətə daxil olmuş və 21 oktyabr 1981-ci il tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhəri Şöbəsinin 285 saylı, 23 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü vətəndaş İddiaçı 19.10.1979-cu il tarixdən 21.10.1981-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 07 iyul 2019-cu il tarixli, **********6 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim olunan 27.04.1979-cu il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 14.07.1987-20.06.2005-ci il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 01.10.2019-cu il tarixli arayışa əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda 03.10.2005- 21.11.2006-cı il tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir.Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - “Socar” Baş ofisinin Mərkəzi filialı tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Socarın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 14.07.1987-ci ildə NQÇİ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. Şəxsi vərəqədə göstərilən qeydə əsasən 5-ci dərəcəli quraşdırma çilingəri peşəsinə keçirilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli, 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci ildən ləğv olunmuş və onun bazasında “xxxx” BMMM yaradılmışdır. 20.06.2005-ci ildə 1 aylıq sınaq müddəti ilə X5 Şöbəsinə bağban peşəsinə keçirilmişdir. 03.10.2005-ci ildə sınaq müddətindən keçə bilmədiyi üçün əvvəlki iş yerinə -TTŞ-yə 5-ci dərəcəli quraşdırma çillingəri peşəsinə keçirilmişdir. 21.11.2006-cı ildə 3 günlük sınaq müddəti ilə TTS-yə 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilmişdir. 05.10.2009-cu ildə Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli, 32 saylı arayışından görünür ki, İddiaçı həqiqətən “X12 Limited” Şirkətinin Təmir Tikinti Sexində 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Onun 07.09.2018-ci il tarixədək ümumi iş stajı 39 il 01 ay 23 gündür. İddiaçı 01.01.2006-cı il tarixinə ümumi iş stajı 26 il 05 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 35-ci bölməsinə (Ümumi peşələr) və 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən İddiaçı “Şirvanneft” NQÇİ və “xxxx” BMMM-də 01.01.2006-cı il tarixinə güzəştli şərtlərlə 18 il 05 ay 04 gün iş stajı vardır. Belə ki, 13.07.1987-ci il tarixli, 42/k saylı əmrlə 14.07.1987-ci il tarixdən 20.09.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ Təmir Tikinti Sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. (03 il 02 ay 06 gün). 19.09.1990-cı il tarixli 47/k saylı əmrlə 20.09.1990-cı il tarixdən 20.09.2005-ci il tarixədək (15 il); 30.09.2005-ci il tarixli 158/k-b saylı əmrlə 03.10.2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək (02 ay 28 gün) “Şirvanneft” NQÇİ və “xxxx” BMMM-nin Təmir Tikinti Sexində 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı 07.09.2018-ci il tarixli 760/k saylı əmrlə 07.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razlığı) əmək müqaviləsinə xitam verilmişdir. Şirvan Tikinti Sənaye ASC tərəfindən verilmiş 20 may 2020-ci il tarixli, 11 saylı arayışından görünür ki, İddiaçı Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatına 10 fevral 1982-ci il tarixində gil kərpic formalaşdırma sexinə 2-ci dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə işə qəbul edilmişdir. Həmin vəzifədə 14.01.1983-cü il tarixindən etibarən 3-cü dərəcə verilmişdir. 28.04.1983-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 № Siyahısın”da 6. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsində 2180600a-11578 şifrəsi ilə qeyd olunmuş çıxarıcılar vəzifəsinə uyğundur və güzəştli pensiya hüququ verir. İşdə olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 15.02.1978-ci il tarixdən 01 aprel 1979-cu il tarixədək 1-ci dərəcəli fəhlə vəzifəsində, 10.02.1982-ci il tarixdə Əli-Bayramlı 5 nömrəli Sənayə Kombinatına 2-ci dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə işə qəbul olunmuş, 14.01.1983-cü il tarixdə 3-cü dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə keçirilmiş və 28.04.1983-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.07.1983-cü il tarixdə 3-cü dərəcəli suvaqçı vəzifəsinə təyin edilmiş, 01.11.1985-ci il tarixdə 4-cü dərəcəli suvaqçı, 16.09.1986-cı il tarixində 5-ci dərəcəli suvaqçı vəzifəsinə keçirilmiş və 08.01.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 13.02.1987-ci il tarixdən SU-75 trestində 5-ci dərəcəli suvaqçı vəzifəsinə təyin edilmiş və 26.03.1987-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş; 14.07.1987-ci il tarixdən 20.09.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ Təmir Tikinti Sexində 5-ci dərəcəli rəngsaz peşəsində, 20.09.1990-cı il tarixdən 20.09.2005-ci il tarixədək 5-ci dərəcəli quraşdırıcıçilingər peşəsində işləmiş, 20.09.2005-ci il tarixdə X4 şöbəsinə bağban keçirilmiş, 03.10.2005-ci il tarixdə Tikinti Təmir Sexinə 5-ci dərəcəli quraşdırmaçilingər vəzifəsinə keçirilmiş, 21.11.2006-cı il tarixdə 5-ci dərəcəli suvaqçı vəzifəsinə keçirilmiş və 05.10.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 05.10.2009-cu il tarixdən 07.09.2018-ci il tarixədək “X12 Limited” Şirkəti Tikinti Təmir Sexində 5-ci dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuşdur. Məhkəmə sorğusu əsasında Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 oktyabr 2020-ci il tarixli **********6 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Məhkəmə sorğusu əsasında “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli 620/10 saylı arayışından görünür ki, İddiaçı Poladxan oğlu 13.07.1987-ci il tarixli 42/k saylı əmrlə 14.07.1987-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. 01.01.1988-ci ildə “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir Tikinti İdarəsi 15 saylı 06.01.1988-ci il tarixli əmrlə “Şirvanneft” NQÇİ-nin Təmirtikinti sexi adlandırılmış və İddiaçı Poladxan oğlu 20.09.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ- nin Təmir Tikinti Sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. İddiaçı rəngsaz kimi “Şirvanneft” NQÇİ-nin əmək stajının müddəti 03 il, 02 ay, 06 gün (üç il, iki ay, altı gün) olmuşdur. İşlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı), etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziv örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsalat zərurəti ilə əlaqədar daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilərkən, xüsusi fərdi qoruyucu vasitələrdən istifadə edilir. Rəngsaz peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. O cümlədən, rəngsaz peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişdir. İddiaçı 14.07.1987-ci il tarixdən 20.09.1990-cı il tarixədək Şirvanneft NQÇİ-nin Təmirtikinti sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-13450 şifrəsi ilə qeyd edilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur. İddiaçı 13.07.1987-ci il tarixli 42/k saylı əmrlə 14.07.1987-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. 01.01.1988-ci ildə “Şirvanneft” NQÇİnin Təsərrüfat hesablı Təmir Tikinti İdarəsi 15 saylı 06.01.1988-ci il tarixli əmrlə “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexi adlandırılmış və İddiaçı Poladxan oğlu 20.09.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin Təmir Tikinti Sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. İddiaçı rəngsaz kimi “Şirvanneft” NQÇİ-nin əmək stajının müddəti 03 il, 02 ay, 06 gün (üç il, iki ay, altı gün) olmuşdur. İşlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı), etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziv örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188- 72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsalat zərurəti ilə əlaqədar daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilərkən, xüsusi fərdi qoruyucu vasitələrdən istifadə edilir. Rəngsaz peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. O cümlədən, rəngsaz peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təsdiq edirik ki, İddiaçı Poladxan oğlunun 14.07.1987-ci il tarixdən 20.09.1990-cı il tarixədək Şirvanneft NQÇİ-nin Təmir-tikinti sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-13450 şifrəsi ilə qeyd edilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur. Quraşdırıcı çilingər vəzifəsində İddiaçı əsas vəzifə öhdəlikləri aşağıdakılardan ibarət olmuşdur; Mancanaq dəzgahlarının (ayrı-ayrı polad və beton konstruksiya elementlərindən ibarətdir) təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının (polad konstruksiyalardır) çəkilməsi, təmiri və işçi meydançada mürəkkəb təmir işlərinin həyata keçirilməsi; Müxtəlif tipli nasosların və poladdan hazırlanmış tutumların quraşdırılması, quraşdırıldıqları yerdən istehsalat zərurətləri səbəbi ilə sökülüb digər neft quyularında və nəzarət - ölçü qurğularında quraşdırılması; Neft hasilatı obyektlərində texnoloji prosesin tərkib hissəsi olan müxtəlif təyinatlı polad və dəmir beton konsruksiyaların quraşdırılması (quyuağzı meydançada beton plitələrlə döşənməsi, polad və ya dəmir beton elektrik dirəklərinin quraşdırılması, sökülməsi; Quyu qazılması üçün meydançaların hazırlanmasında polad konstruksiyaların quraşdırılması. Qeyd edilənlərə əsasən İddiaçı quraşdırıcı çilingər peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraitini nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və “xxxx” BMMM-in Təmir-tikinti sexində çalışdığı quraşdıncı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf’nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə qurasdırıcılcır peşəsinə uyğundur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamış, eyni zamanda 03.10.2005- 21.11.2006-cı il tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin arayışından görünür ki, iddiaçı 19.10.1979-cu il tarixdən 21.10.1981-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 03 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz 01.10.2019-cu il tarixdə verilmiş arayışında iddiaçının 14.07.1987-20.06.2005-ci il tarixlərdə rəngsaz vəzifəsində işlədiyi qeyd olunsa da, maddələrin təhlükəlik sinfi göstərilmədiyindən, həmçinin, 03.10.2005-21.11.2006-cı il tarixləri arasındaki dövr ərzində quraşdırma çilingəri vəzifəsinin Siyahıda qeyd olunan vəzifəyə uyğun olmadığına əsaslanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.01.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. “X12 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, 22 oktyabr 2020-ci il tarixli arayışından məlum olmuşdur ki, İddiaçı Poladxan oğlu 14.07.1987-ci il tarixdən 20.09.1990-ci il tarixədək rəngsaz vəzifəsində işlədiyi zaman QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə 3-cü təhlükəlik sinifinə aid olan toluol (epoksid qətranı), etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və qruduqda antikorroziv örtük yaradan maddələr ilə işləmişdir. İddiaçının quraşdırma çilingəri vəzifəsində işlədiyi zaman əsas vəzifələrinin polad və dəmir beton quraşdırılması ilə bağlı olduğu vurğulanılmışdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-13450 kodu ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; həmçinin, 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000a-14612 şifrəsi kodu ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; o cümlədən də, 17-ci bölməsində (Tikinti materialları istehsalı) 2180600a-11578 şifrəsi kodu ilə çıxarıcılar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə gün 20 il 05 ay 22 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 03 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən (27 il 07 ay 14 gün) çox iş stajı mövcuddur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 10.02.1982-28.04.1983-cü il tarixədək çıxarıçı-qalaqlayıcı, 14.07.1987- 20.09.1990 rəngsaz, 20.09.1990-20.09.2005-ci il tarixədək, 03.10.2005-01.01.2006-cı il tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, Şirvan Tikinti Sənaye ASC tərəfindən verilmiş 20 may 2020-ci il tarixli, 11 saylı və “X12 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, 22 oktyabr 2020-ci il tarixli arayışlarda öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 15 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının təqdim etdiyi arayışda rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmaması, eyni zamanda, 03.10.2005-21.11.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun olmaması dəlillərini qəbul etmir. Belə ki, arayışda rəngsaz peşəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən olunması, həmçinin, iddiaçının məşğul olduğu quraşdırma çilingəri peşəsinin hansı konstruksiyalar üzrə işləməsi qeyd edilmədiyindən məhkəmə tərəfindən “X11 LTD” şirkətinə ətraflı arayışın təqdim edilməsi üçün sorğu göndərilmişdir. “X11 LTD” şirkətinin məhkəməyə təqdim etdiyi 28 aprel 2021-ci il tarixli, 23 saylı arayışda aşağıdakılar qeyd edilmişdir ki:

1. İddiaçı Poladxan oğlu 13.07.1987-ci il tarixli 42/k saylı əmrlə 14.07.1987-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. 01 01.1988-ci ildə “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir Tikinti İdarəsi 15 saylı 06.01.1988-ci il tarixli əmrlə “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexi adlandırılmış və İddiaçı Poladxan oğlu 20.09.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin Təmir Tikinti Sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. İddiaçı Poladxan oğlunun rəngsaz kimi “Şirvanneft” NQÇİ-nin əmək stajının müddəti 03 il, 02 ay, 06 gün (üç il, iki ay, altı gün) olmuşdur. İşlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı) ,etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziv örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsalat zərurəti ilə əlaqədar daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilərkən, xüsusi fərdi qoruyucu vasitələrdən istifadə edilir. Rəngsaz peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı Poladxan oğlunun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. O cümlədən, rəngsaz peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təsdiq edilir ki, İddiaçı 14.07.1987-ci il tarixdən 20.09.1990-cı il tarixədək Şirvanneft NQÇİ-nin Təmir-tikinti sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf’nda 23200000-13450 şifrəsi ilə qeyd edilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur.

2. İddiaçı 19.09.1990-cı il tarixli 47/k saylı əmrlə 20.09.1990-cı il tarixdən 20.09.2005-ci il tarixədək 15 il, 00 ay, 00 gün (on beş il, 00 ay, 00 gün) və 30.09.2005-cı il tarixli 158/k-b saylı əmrlə 03.10.2005-ci il tarixdən 01.01,2006-cı il tarixədək 02 ay, 28 gün (0 il, iki ay, iyirmi səkkiz gün), yəni ümumilikdə 15 il, 2 ay, 28 gün (on beş il, iki ay, iyirmi səkkiz gün) “Şirvanneft” NQÇİ və “xxxx” BMMM-in Təmir-tikinti sexində 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Quraşdırıcı çilingər vəzifəsində İddiaçı Poladxan oğlunun əsas vəzifə öhdəlikləri aşağıdakılardan ibarət olmuşdur; - Mancanaq dəzgahlarının (ayrı-ayrı polad və beton konstruksiya elementlərindən ibarətdir) təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının (polad konstruksiyalardır) çəkilməsi, təmiri və işçi meydançada mürəkkəb təmir işlərinin həyata keçirilməsi; Müxtəlif tipli nasosların və poladdan hazırlanmış tutumların quraşdırılması, quraşdırıldıqları yerdən istehsalat zərurətləri səbəbilə sökülüdigər neft quyularında və nəzarət - ölçü qurğularında quraşdırılması; -Neft hasilatı obyektlərində texnoloji prosesin tərkib hissəsi olan müxtəlif təyinatlı polad və dəmir beton konsruksiyaların quraşdırılması (quyuağzı meydançada beton plitələrlə döşənməsi, polad və ya dəmir beton elektrik dirəklərinin quraşdırılması, sökülməsi; - Quyu qazılması üçün meydançaların hazırlanmasında polad konstruksiyaların quraşdırılması. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, İddiaçı quraşdırıcı çilingər peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və “xxxx” BMMM-in Təmir-tikinti sexində çalışdığı quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft” İB-nin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və 01.09.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X3 “xxxx” yaradılmışdır. X9 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq “xxxx” X6 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X11 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-5737/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar