Məhkəmə qərarları › İş №2-1(103)-863/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-863/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-863/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 6278/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.05.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək , ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur, hazırda 61 yaşı var. Əmək kitabçasından göründüyü kimi, 38 ildən artıq ümumi iş stajı var. Həmçinin 01.01.2008-ci ildən 26.02.2021-ci il tarixədək o, Dənizdə elektrik vəzifəsində işləmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) 10.1-ci bəndində “fəhlələr” siyahısında göstərilmiş buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsi ilə onun dənizdə işlədiyi elektrik peşəsinin adları fərqli olsa da, əmək funksiyaları eynilik təşkil edir. Bu səbəbdən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbini “ona 60 yaş 6 ayının tamam olduğu gündən, yəni 29.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29.09.2021-ci il tarixli, 2-1(112)-6278/2021 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6278/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, İddiaçı 60,5 yaşının tamam olduğu 29.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi buruq elektriki, qazma elektriki və elektrik vəzifələrinin müvafiq siyahıda qeyd olunan buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifələrinə uyğun deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6278/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. - ИТ-l ******* nömrəli əmək kitabçasının surətinə əsasən 10.11.1982-ci il tarixdə İ.Q.Yesman adına Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutuna mühəndis vəzifəsinə qəbul olunmuş, 02.03.1987-ci il tarixdə işdən azad edilmişdir. 03.03.1987-04.12.1989-cu il tarixlərində “Ulduz” Bakı Zavodunda mühəndis texnoloq və texniki büronun rəisi, 05.12.1989-cu il tarixdən 26.04.1990-cı il tarixədək “Cənub” Müstəqil Kooperativində sahə rəisi işləmiş, 27.04.1990-20.11.1990-cı il tarixlərində “Qarqar” Müstəqil Kooperativinə üzv kimi qəbul edilmişdir. 05.01.1991-ci il tarixdə “Paritet” Kooperativinə kommersiya direktoru vəzifəsinə qəbul edilmiş, 21.02.1992-ci il tarixdə işdən azad edilmişdir. 23.02.1992- 09.11.1992-ci il tarixlərində "xxxx" X5 kommersiya direktoru, 10.11.1992-08.02.1993-cü il tarixlərində Bakı Kimya-Əczaçılıq Zavodunda aparıcı mühəndis, 01.09.1992-01.08.2003cü il tarixlərində "xxxx" X5 direktor müavini, kommersiya məsələləri üzrə məsləhətçi, 04.08.2003-29.06.2007-ci il tarixlərində “Azneft” X6 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində energetik, 01.01.2008-ci il tarixdə "xxxx" MMC-də buruq elektriki peşəsinə işə qəbul edilmiş, 01.02.2011-ci il tarixdə qazma elektriki vəzifəsinə keçirilmişdir. 30.12.2012ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 07.01.2013-08.01.2018-ci il tarixlərində "xxxx" MMC-də qazma elektriki peşəsində işləmişdir. 09.01.2018-ci il tarixdə "xxxx" MMCyə qazma elektriki peşəsinə işə qəbul edilmiş, 07.03.2018-ci il tarixdə dənizdə elektrik peşəsinə keçirilmiş, 02.03.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir - “SOCAR” Geofizika və Geologiya İdarəsinin 01 iyun 2021-ci il tarixli, SOCAR**********80020123X00052 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X8 və Topoqrafiya İdarəsinin (indiki X9 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən energetik vəzifəsində çalışması haqqında məlumat vardır. İddiaçı 04.08.2003-cü il tarixli 35-k saylı əmrə əsasən “Azneft" X6 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin Əli Əmirov gəmisinə 12-ci dərəcəli energetik vəzifəsinə işə qəbul olunub 01.08.2005-ci il tarixli 39-k saylı əmrə əsasən X2 Ekspedisiyasının dəniz geoloji partiyasına 12-ci dərəcəli energetik, 01.03 2007-ci il tarixli 10-k saylı əmrə əsasən Müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasında 12- ci dərəcəli energetik vəzifəsinə keçirilmış, 29.06.2007-ci il tarixli 34-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı iş stajı 04.08.2003-cü il tarixindən 29.06 2007-ci il tarixinə 3 il 11 ay təşkil edir. İddiaçı işlədiyi energetik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli və 23 yanvar 2007-ci il 12 nömrəli qərarlarında göstərilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması aşağıdakı elementlər mövcud olmalıdır:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Məhkəmə kollegiyası ilk tələblə bağlı qeyd edir ki, iddiaçı iddia tələbi ilə ona 60,5 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını xahiş etsə də, qanunverici minimum norma kimi 60 yaşı müəyyən etdiyindən və güzəştli stajın tamam olduğu tarixdə şəxsin yaşının minimum normadan çox olduqda pensiya təyin edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etmədiyindən, əks mövqenin zərərli şəraitdə işləyən şəxslərin daha tez pensiya almaq imkanını məhdudlaşdırmaqla bu zaman qanunvericinin güddüyü məqsədə uyğun gəlmədiyindən iddiaçı zəruri olan yaş tələbini ödəyir. İddiaçının 25 il ümumi iş stajının olması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçasındakı qeydlərə əsasən həmin tarixədək iddiaçı 25 ildən artıq ümumi sığorta stajına malik olmuşdur, bununla o ümumi staj tələbini də ödəyir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin və imtinasının əsası olan iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Göründüyü kimi, mövcud qanunvericilik peşə adlarının Vahid X3 əsasən müəyyən edilməsini təsbit edir, hansı ki, həmin kitabçalarda işin xüsusiyyətləri, həmin vəzifəni tutan şəxsin bilməli olduğu hallar göstərilmişdir. Lakin Siyahıdan görünür ki, onun 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) 10.1-ci bəndində (Qazma) sadalanan vəzifə adı – “buruqlara xidmət üzrə elektrik montyorları”, yaxud “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” adı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli və 13-6 nömrəli qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçaları”nda qeyd edilən vəzifə adlarının heç biri eynilik təşkil etmir. Aydındır ki, bu zaman işəgötürən tərəfindən Vahid X3 əsasən müəyyən olunan neft sənayesi sahəsinə aid olan fəhlə peşələrinin adları Siyahıda göstərilən müvafiq peşə adları ilə üst-üstə düşməyəcəkdir. Belə olan halda isə Vahid X1 göstərilməyən, lakin Siyahıda təsbit olunan vəzifə üzrə işçinin əmək funksiyalarının nədən ibarət olması qeyrimüəyyən qalır. Bu halda həmin vəzifə üzrə əmək funksiyasının nədən ibarət olması müvafiq müəssisələrin veridiyi vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının iş yeri olan "xxxx" MMC-nin 0596 nömrəli, 30 iyun 2021-ci il tarixli Arayışına əsasən 1960-cı il təvəllüdlü İddiaçı “SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 yanvar 2008-ci il tarixindən 01 fevral 2011-ci il tarixinə qədər “Buruq elektriki” peşəsində, 02 fevral 2011-ci il tarixindən 30 dekabr 2012-ci il tarixinə qədər “Qazma elektriki” peşəsində, 07 yanvar 2013-cü il tarixindən 08 yanvar 2018-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Neft və Qaz Quyularının qazmaçısı; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində, 09 yanvar 2018-ci il tarixindən 06 mart 2018-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Elektrik; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində və 07 mart 2018-ci il tarixindən 02 mart 2021-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Qazmaya xidmət edən elektrik montyoru; Əmək müqaviləsi üzrə: Dənizdə elektrik peşəsində işləmişdir və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasını Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən platformalardakı iş yerlərində yerinə yetirmişdir. İddiaçı işlədiyi peşələrin adları eynilik təşkil etməsə də, əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci bəndində göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinə uyğun hesab edilə bilər. Məhkəmə qeyd edir ki, müvafiq arayışı verən "xxxx" MMC 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir. X14 və X12 və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, X7 və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. Hazırda dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı X15 Özüllərində (DDSÖ) qazma işləri aparır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq (məsələ ilə bağlı SOCAR-a göndərilmiş sorğu da cavablandırılması üçün aidiyyəti üzrə həmin müəssisəyə göndərilmişdir), onun tərəfindən verilən arayışı və buna uyğun olaraq iddiaçının işlədiyi peşələrlə Siyahıda göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinin əmək funksiyalarının eyniliyini qəbul edir. Bir halda ki, cavabdeh yalnız peşələrin adlarının eyni olmamasına istinad etmiş, həmin peşəyə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmiş, ümumiyyətlə “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi üzrə əmək funksiyasının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməyərək istinad etdiyi dəlili əsaslandırmamışdır. Halbuki Vahid X4 təsdiq edən qurum iddiaçının tabeliyində olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19- cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış işin birinci instansiya icraatı zamanı təqdim olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 29.07.2020-ci il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olduğundan, o, qanunvericiliklə tələb olunan üçüncü tələbi də ödəyir. Sonuncu tələblə bağlı isə qeyd edilməlidir ki, cavabdeh Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbini mübahisələndirməmiş, əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq tələbin ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60,5 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər dörd element mövcud olduğundan, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən verilmiş güzəştli arayışlarla əksini tapmışdır və göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6278/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6278/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar