Məhkəmə qərarları › İş №2-1(103)-864/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-864/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-864/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ona İİİ dərəcə əlillik təyin etməsi ilə bağlı protokolunun qanunsuz hesab edilərək ləğv edilməsi və İİ dərəcə əlilliyinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İkram oğlu Şirinovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ona İİİ dərəcə əlillik təyin etməsi ilə bağlı protokolunun qanunsuz hesab edilərək ləğv edilməsi və İİ dərəcə əlilliyinin bərpa edilməsi” tələbinə dair idddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirmə 13 mart 2020-ci il tarixli Protokolunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13.03.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi, müayinənin nəticəsinin alt sistemə daxil edilməsi qərara alınmışdır. 04.04.2007-ci il tarixdə keçirilmiş müayinənin qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı əlillik vəziyyəti belədir: əmək qabiliyyətsizdir, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63- Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Xroniki dəmi defisitli anemiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 04.04.2008-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. 20.05.2014-cü il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: Xüsusi yaradılmış şəraitdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63- Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Xroniki dəmi defisitli anemiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 20.05.2015-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. 26.05.2015-ci il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: yüngül oturaq sahələrdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63- Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 b/b xorası, qanaxma ilə. Yüngül anemiya. Xroniki xlesistit. NSD hipertonik tip. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 26.05.2016-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 saylı qiymətləndirilmə aktından görünür ki, iddiaçı 26.05.2016-ci il tarixində müayinə olaraq, ona “12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla; ikitərəfli nefropotoz; somatogen mənşəli astemik vəziyyət, xroniki dəmi defisitli anemiya” diaqnozu qoyulmuş, ona 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 26.05.2021-ci il tarixdə həyata keçirilməsi olduğu göstərilmişdir. 13.03.2020-ci il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: Xüsusi yaradılmış şəraitdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63- Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 b/b xora xəstəliyi. Qastroduodenit. tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66- D68.1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 393 nömrəli (ekspertizanın başlanma tarixi 03.08.2021-ci il, başa çatma tarixi 15.09.2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1961-ci il təvəllüdlü İddiaçı məhkəmə tibb ekspertizasına, adına tərtib edilmiş sənədə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı mütəxəssis müayinələrinə əsasən onda onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (qanayan) residivləşən, asteno-nevrotik sindrom, posttravmatik diensefal krizləri müəyyən edilmiş, lakin ümumi qidalanmada kəskin anemiya və çəki defisiti (boy: 165; çəki 50 kq) aşkar edilməmişdir. Qeyd edilən diaqnozlar Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5. bəndinə uyğun olaraq komissiyanın üçüncü dərəcəli əlillik barədə verilmiş qərarını düzgün hesab etmək olar. Müəyyən edilmiş diaqnoz laborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq edilmişdir. A. V.Şeyxzadənin müayinəsi zamanı ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) kimi qiymətləndirilən patoloji ağırlaşma müəyyən edilməmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “İİ qrup əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq 20 ilə yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Mərkəzi Laboratoriyasının baş məsləhətçisi vəzifəsində qulluq keçir. Qulluq keçdiyi dövrdə hər zaman qanunun aliliyini əsas tutaraq vəzifə funksiyalarını vicdanla yerinə yetirmişdir. Fəaliyyətinə xidməti qaydada və tabeçilik qaydasında nəzarət edən rəhbərlərinin göstəriş, əmr və tapşırıqlarını 2-ci qrup əlil olduğuna baxmayaraq yerinə yetirmişdir. Çalışdığı sahə ağır və zərərli iş yerlərində müvafiq ölçmələr apararaq iş yerlərində əmək şəraitinin qiymətləndirilməsindən ibarətdir. Qulluq funksiyasını həyata keçirərkən onun səhhətinə də hər hansı zərərli amillərin təsiri qaçılmazdır. 01.05.2020-ci il tarixdə ona məlum olmuşdur ki, 30 aprel 2020-ci il tarixli **********7 saylı əmrlə ona intizam tənbehi tədbiri kimi töhmət verilmiş, əmrdə onun öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozması qeyd edilmişdir. Onun tərəfindən heç bir etik davranış qaydaları pozulmamış və intizam tənbehi verilməsinə səbəb olan heç bir addım atılmamışdır. O, İİ qrup əlildir. 13 mart 2020-ci il tarixdə əlilliyi ləğv edilərək təkrar müayinədən keçmək üçün müvafiq tibb müəssisəsinə göndərilmiş, tibbi rəyə əsasən əlilliyinin təsdiqi rəsmi olaraq qiymətləndirilmişdir. Lakin uzun illər qulluq keçdiyi Nazirliyin əməkdaşları ona ömürlük olaraq İİİ qrup əlillik dərəcəsi vermişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 413 saylı Qərarının 4.2 bəndində göstərilmişdir; İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyin müəyyən olunması vaxtı 2021-ci ildə keçirilməli olduğu halda ona 2020-ci ildə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması həyata keçirilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 128 saylı Qərarında “Yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması konkret olaraq göstərilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2. bəndində ikinci və üçüncü dərəcə əlilliyin 5 (beş) il müddətinə müəyyən edilib, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edildiyinin qeyd olunduğuna baxmayaraq, ardıcıl olaraq 10 il ikinci dərəcə əlilliyi olduğu, 10 ilin tamamında əlilliyi müddətsiz təyin edilməli olduğu halda edilməmiş, çəkisi, qan azlığı, səhhəti ikinci dərəcə əlilliyin təyininə əsas verdiyi halda əsassız olaraq əlilliyi üçüncü dərəcəyə keçirilmişdir. Sənədlərin təhlilindən məlum olur ki, İddiaçı 04.04.2007- ci il tarixdə ilkin qiymətləndirilməsi keçirilərək ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə də qiymətləndirmə aparılaraq İİ dərəcə əlillik təyin edilmişdir. 26.05.2015-ci il tarixdə də təkrar qiymətləndirilmə keçirilərək ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi 1 il müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin keçid müdəalarının qeyd olunduğu 6.1. bəndində göstərilir ki, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Yəni iddiaçının əlilliyinin 10 ili tamam olmamış, 26.05.2016-cı ildə sistem tərəfindən 5 il müddətinə, 26.05.2021-ci il tarixədək uzadılmışdır. Bəzi işçilərin vəzifələrindən sui-istifadə edərək saxta əlillik alma halları aşkar olunduğundan, Nazirliyin tapşırığına əsasən əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, habelə əlillik təyinatlarının düzgünlüyünün araşdırılması istiqamətində aparılan işlərin davamı olaraq, sosial islahatlar çərçivəsində şəffaflığın artırılması, yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya alan əməkdaşları vaxtından əvvəl əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Agentlik) dəvət edilmişlər.O cümlədən İddiaçı qeyd olunan tədbirlər çərçivəsində dəvət edilən digər əməkdaşlar kimi 13.03.2020-ci il tarixdə əyani müayinəyə dəvət edilmiş, təkrar qiymətləndirmə aparılmışdır. Əyani müayinə zamanı İddiaçı ümumi vəziyyəti kafi, dəri və görünən selikli qişaları normal olmuş, ağ ciyərlərdə bir qədər sərt tənəffüs eşidilmiş, ürək tonları ritmik (AT-120/80 mm.c.s.) qarnı yumşaq, palpariya zamanı epiqastral nahiyyə bir qədər ağrılı olmuşdur. Qara ciyər və dalaq əllənməmiş, stul və diurez normada olmuşdur. İddiaçı təqdim etdiyi tibbi sənədlərdə qeyd edilmiş (12 b/b xorası, qanaxma ilə yüngül anemiya. Xroniki xlesistit NSD hipertonik tip.) mövcud sağlamlıq vəziyyəti ilə (12 b/b xora xəstəliyi. Qastroduodenit) eynilik təşkil etmədiyindən, ümumi vəziyyətinə əsasən ona həmin tarixdən İİİ dərəcə əlillik təyin edilmişdir. Bundan başqa iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli Qərarına əsasən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından, əlilliyinin müəyyən olunması vaxtı 2021-ci ildə keçirilməli olduğu halda 2020-ci ildə əyani müayinəyə dəvət edilməsi, əlilliyinin qiymətləndirilməsi, İİ dərəcədən İİİ dərəcəyə keçirilməsi qanunsuz olubdur.İddiaçının istinad etdiyi Qərarda qeyd olunur ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılsın.Qeyd olunan 128 nömrəli Qərar 7 aprel 2020-ci il tarixdə verilmişdir və 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, İddiaçı əyani müayinəyə dəvət edilməsi müddətin bitməsi ilə əlaqədar deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxlaması əsasında həyata keçirilmişdir. Digər tərəfdən 128 nömrəli Qərar İddiaçı əyani müayinəyə dəvət edildiyi 13 mart 2020-ci il tarixdən 24 gün sonra qəbul edilmişdir. Eləcə də nəzərə alınmalıdır ki, əlilliyin müddətli və ya müddətsiz olması şəxsin əyani müayinəyə dəvət edilməməsi, əliliyinin dərəcəsinin dəyişdirilməməsinə əsas vermir. İddiaçının ekspert-cərrah İlkin Yusifovun onun müayinəsində iştirak etmədiyini bildirməsi həqiqətə uyğun deyil. Çünki əlilliyin təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, İlkin Yusifov komissiyada həm iştirak, həm də çıxış etmişdir. Göründüyü kimi iddiaçının əlilliyin dərəcəsinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2-1(112)-1014/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Ona görə də məhkəmənin qərarı ilə razı deyildir. Məhkəmə ona əlilliyin təyin edilməsi ilə müayinələri nəzərdən keçirərkən onun həqiqətən ikinci dərəcəli əlilliyinin olmasını bir daha öz qərarında təkzib etmişdir. Daha sonra məhkəmə qərarında göstərilmişdir ki, “Əlilliyinin təyin olunmasını tənzimləyən qüvvədə olan normativ hüquqi aktdan görünür ki, şəxsə ikinci dərəcəli əlillik yalnız o halda təyin ola bilər ki, onda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə aid olsun”. Halbuki “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsinə əsasən ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25- K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85- K86.9) olduqda ikinci dərəcə əlillik təyin edilir. Eyni zamanda məhkəmə qərarında göstərilmişdir ki, “İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirmə 13 mart 2020-ci il tarixli Protokolunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13.03.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi, müayinənin nəticəsinin alt sistemə daxil edilməsi qərara alınmışdır”. Halbuki məhkəmə 13 mart 2020-ci il tarixli Protokolu və 13.03.2020-ci il tarixdə keçirilmiş müayinə aktını birlikdə araşdırsaydı məlum olardı ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində qeyd olunan ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilməmiş, həzm traktınm müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin etməmişdir. O, 11 mart 2021-ci il tarixdə Məhkəmə-tibbi ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinə dəvət olunmamış və ondan iş üzrə müvafiq sənədlər alınaraq, müayinə ediləcəyi bildirilmişdir. O, heç bir canlı müayinəyə cəlb edilməmiş, ondan hər hansı analiz götürülməmiş, ümumiyyətlə ekspert rəyi yalnız formal mülahizələrə əsaslanaraq, əvvəlki iş materiallarında olan sənədlər əsasında tərtib olunmuşdur. Tərəflərin izahatları: İddiaçı, onun vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı ilk dəfə tələbində inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulunu deyil, xeyrinə olan inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsini tələb etmişdir, yəni tələbi öhdəliyin icrası haqqında iddia olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Daha sonra apellyasiya baxışı zamanı müəyyən olundu ki, onun hazırki işdə hüquqi marağı həm də cavabdehin ona İİİ dərəcə əlillik təyin etməsi ilə bağlı 13.03.2020-ci il tarixli protokolunun ləğv edilməsinə yönəlib. Odur ki, iddiaçıya tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə kollegiyası tərəfindən hüquqi yardım göstərilmiş, bununla bağlı iddiaçı ərizə təqdim edərək, İİ dərəcə əlilliyinin bərpa edilməsi ilə yanaşı, həm də cavabdehin ona İİİ dərəcə əlillik təyin etməsi ilə bağlı 13.03.2020-ci il tarixli protokolunun qanunsuz hesab edilərək onun ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirilən protokolun iddiaçıya nə vaxt təqdim olunması iş üzrə müəyyən olunmur. İddiaçının iddia ilə məhkəməyə 01.06.2020-ci il tarixdə müraciət etməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ötürülmədiyi üçün və bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya 04.04.2007-ci il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətinə İİ dərəcəli əlillik təyin edilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 13 mart 2020-ci il tarixli təkrar qiymətləndirmə Protokolundan görünür ki, İddiaçı 13.03.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi qərara alınmışdır. Hazırda iddiaçı ona 26.05.2016cı il tarixdə 5 il müddətinə verilmiş İİ dərəcə əlilliyinin bərpa olunması ilə yanaşı, həm də sözügedən 13.03.2020-ci il tarixli protokol qərarı mübahisələndirir. İş materiallarından görünür ki, iddiaçının “İİ dərəcə əlilliyinin bərpası” ilə bağlı iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, məhkəmə cavabdeh inzibati orqanın hərəkətinin qanunauyğun olmasına, iddiaçının qanunla qorunan hüquqlarının pozulmamasına, imtinanın cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı əlilliyinin yenidən yoxlanılması ilə bağlı inzibati icraat materiallarının təsdiq olunmuş surətinin, əlilliyin mərkəzləşdirilmiş altsistemindən hazırki vəziyyətə dair çıxarışın, iddiaçıya 3-cü dərəcə əlilliyin verilməsi ilə bağlı onun müayinəyə dəvət olunması və müayinədən keçməsi ilə bağlı sənədlər toplusunun məhkəməyə təqdim edilməsi, o cümlədən inzibati icraatın aparılması üçün əsas olan hallar, iddiaçının inzibati icraata dəvət olunub-olunmaması, müayinənin onun iştirakı ilə aparılıb-aparılmaması, iddiaçının 2-ci dərəcə əlilliyin verilməsi barədə qərarın ləğv edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı “ümumi xəstəlik” səbəbindən 04.04.2007-ci il tarixdə ilkin təyin edilmiş İİ dərəcə əlillik sonuncu dəfə 26.05.2016-cı ildə “Əlillik altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır.13.03.2020-ci il tarixdə İddiaçı nəzarət qaydasında əyani müayinə edilmiş və əlillik vəziyyəti qiymətləşdirilmişdir. Ezofaqoqastrobulboskopiya müayinəsinin nəticəsində onda 12 barmaq bağırsağın soğanağının xorası dioqnozu təsdiqlənmişdir. Lakin xəstədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) aşkar edilmədiyinə görə hissəvi reablitasiya olunmuş və 13.03.2020-ci ildən müddətsiz İİİ dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş 26.05.2016-cı il tarixli müayinənin qiymətləndirilmə nəticələrindən görünür ki, İddiaçı əlilik vəziyyəti belədir: yüngül oturaq sahələrdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63- Bağırsağın digər xəstəlikləri=> K63- Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xorası, qanaxma ilə, yüngül anemiya, xronikixlesistit, NDS hipertonk tip. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 26.05.2021-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. 13.03.2020-ci il tarixli müayinənin qiymətləndirilmə nəticələrindən görünür ki, İddiaçı əlilik vəziyyəti belədir: yüngül oturaq sahələrdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63-Bağırsağın digər xəstəlikləri => K63.3-Bağırsağın xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi, qastroduodenit, Meyar: 2.32. Üçüncü dərəcə əlillik => 2.5.17. Müddətisiz olaraq İİİ dərəcə əlillik təyin edilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyən edilmişdi ki, iddiaçıya 26.05.2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş İİ dərəcəli əlillik ləğv edilmədən, icraatın təzələnmə səbəbləri də kifayət qədər əsaslandırılmadan ona 13.03.2020-ci il tarixdə - 5 il müddət bitmədən müddətsiz olaraq İİİ dərəcəli əlillik təyin edilmişdir. Hazırki işdə iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı qərarın mövcud olması müəyyən edilmir. Həmçinin bununla bağlı cavabdeh inzibati orqana müvafiq sorğunun göndərilməsinə, eləcə də məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə belə qəararın təqdim edilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş İİ dərəcəli əlillliyin ləğv edilməsi ilə bağlı hər hansı qərar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıya sonuncu dəfə 5 il müddətinə 26.05.2016-cı il tarixdə verilmiş İİ dərəcəli əlillik cavabdeh inzibati orqan tərəfindən ləğv edilmədən onun əlilliyinin dəyişdirilərək, 13.03.2020-ci il tarixdə İİİ dərəcə əlillik verilərkən aşağıda sadalanan maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya 5 illik müddətinə əlilliyin təyin olunması qüvvədə olduğu halda həmin əlilliyin altsistemdə 13.03.2020-ci il tarixdə müddətsiz olaraq İİİ dərəcə əlillik hesab edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1014/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (keçmiş Xidmətin) İddiaçı İİİ dərəcə əlillik təyin edilməsi ilə bağlı 13.03.2020-ci il tarixli protokol qərarı qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı 26.05.2016-cı il tarixdə 5 illik müddətə verilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar