Məhkəmə qərarları › İş №2-1(103)-865/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-865/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-865/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4462/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4462/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Baksol yolunun (İ.Abışov küçəsi 7) «kəsişməsində yerləşən 105.8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyəthüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən cıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işəşikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. AR İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qanunun tələbindən göründüyü kimi, maraqlı şəxs arzuladığı inzibati aktın qəbul olunması üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət etməlidir. Yəni, inzibati orqan maraqlı şəxsin arzuladığı müvafiq inzibati aktı qəbul etməkdən rəsmi şəkildə imtina etdiyi və ya inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətsizlik göstərdiyi hallarda iddiaçının inzibati orqanın imtina barədə qərarından və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüququ yaranır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idddia mümkün sayılır. Qanunun normasının məzmunundan (tələbindən) görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması (AR İPM-nin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. İşin hallarından görünür ki, iddiaçı hazırda qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini istəsə də, bu barədə cavabdehə reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciəti olmamışdır. Hazırki halda iddianın mümkün hesab edilməsi üçün tələb olunan cavabdehin iddiaçının müraciətinin icrasından imtina etməsi, bununla da iddiaçının hüquqlarının pozulmasının əsaslandırılmasıdır ki, qeyd olunan bu hallar hazırki iş üzrə müəyyən edilmir. Beləliklə, şərh olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4462/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar