Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-865/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdehlər Bakı Şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə qarşı xəbərdarlığın qanunsuz hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4003/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər Prokurorluğu, prokurorun müavini Mehman Qocayevin xx.xx.2020-ci il tarixdə onu dindirməsinin, ona rəsmi xəbərdarlıq elan etməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, iddiaçı iddia ərizəsində Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən ona xx.xx.2020-ci il tarixdə təqdim olunmuş yazılı xəbərdarlığı mübahisələndirməmiş, Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən xx.xx.2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi, cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulmasını xahiş etmiş, lakin bu zaman məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 13-cü maddəsinin tələblərinə uyğun olaraq ona iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) təklif olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq iddia tələbini dəqiqləşdirməmiş və hazırki tələbin bilavasitə hansı cavabdehə yönəldiyini göstərməmişdir. Buna görə də iddia bu hissədə mümkün sayıla bilməz. İddiaçının “prokurorluğun üzərinə gələcəkdə müəyyən hərəkətlərin edilməməsi kimi öhdəliyin qoyulması” tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd olunan tələb qeyri-müəyyən olduğundan iddia həmin hissədə də mümkün sayıla bilməz. Bundan əlavə, məhkəmə araşdırması zamanı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd olunan tələblə (vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi) bağlı cavabdehlərə heç bir müraciət olunmamışdır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə xəbərdarlığın qanunsuz hesab edilməsi tələbini nə üçün mümkün saymadığını əsaslandırmamışdır. Məhkəmə bildirib ki, iddiaçı xəbərdarlığı mübahisələndirmir. Halbuki, iddiaçı xəbərdarlığın jurnalist fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsini xahiş edir. Beləliklə, əgər məhkəmə həqiqətən də xəbərdarlığı jurnalist fəaliyyətinə qanunsuz müdaxilə hesab edən qərar qəbul etsəydi, məhkəmə qərarından sonra xəbərdarlıq heç bir hüquqi əhəmiyyət daşımayacaqdı. Məhkəmə qərardadında bildirib ki, iddiaçı BŞP-yə müraciət edib, mənəvi zərərin ödənilməsini xahiş etməyib. Buna görə də həmin hissədə də iddia mümkün deyil. Məhkəmə İPM-in 2.2.3 və 34.1-ci maddələrinə istinad edib. Halbuki, məhkəmənin istinad etdiyi maddələr iddiaçının xeyrinə təfsir edilməlidir. Belə ki, İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Yəni iddiaçının BŞP-dən kompensasiya istəməsi tam qanuni idi. İPM-də müəyyən edilməyib ki, iddiaçı kompensasiya istədiyi zaman birinci cavabdehə müraciət elməlidir. O, kompensasiyanı ödəmədiyi halda məhkəməyə iddia ilə müraciət etməlidir. İddiaçı məhkəmədən xahiş edib ki, BŞP-nin üzərinə gələcəkdə belə hərəkətlərə, yəni jurnalisti çağırıb xəbərdarlıq etməsi kimi hərəkətlərə yol verməməsi vəzifəsi qoyulsun. Məhkəmə isə bu tələbi qeyri-müəyyən hesab edib və iddianı mümkün saymayıb. Halbuki, iddia tələbi qeyri-müəyyən deyildi. İddiaçı məhkəmədə bildirdi ki, zaman-zaman prokurorluq orqanları jurnalistləri idarəyə dəvət edir, onlara hədə-qorxu gəlir və xəbərdarlıq elan edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-in 34.1-ci maddəsi, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İddiaçının kompensasiyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır. İddiaçı apellyasiya şikayətində faktı təkzib etmir, əksinə, qanunvericilikdə belə bir tələbin olmadığını irəli sürür. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bundan əlavə, İPM-in 37-ci maddəsi ilə yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilə biləcəyi qeyd olunmuş, bir iddia ilə bir neçə cavabdehə qarşı müxtəlif tələblərin yönəldilməsi bu qanunda nəzərdə tutulmamış, məsələnin praktiki əhəmiyyəti birdən çox cavabdehə qarşı qaldırılmış inzibati iddialarda tələblərin xronoloji ardıcıllığı və mübahisələrin həll növbəliliyindən irəli gəlmiş, bu da öz növbəsində hər bir inzibati orqana yönəlmiş tələbin ayrılıqda dəqiqləşdirilməsi və müstəqil qaydada həll edilməsi zərurəti ilə şərtlənmişdir. Hazırkı işdə isə hər iki cavabdeh eyni subyektə aiddir. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunun “İnzibati orqanların məsuliyyəti” adlı 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Eyni Qanunun “İnzibati orqanların vəzifəli şəxslərinin məsuliyyəti” adlı 90-cı maddəsinə əsasən isə, inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar (90.1). Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər (90.2). İPM-in 30-cu maddəsi anlamında da birgə cavabdehliklə bağlı şərtlərə əməl olunmur. İddianın gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması tələbi isə, hansı hərəkətlərə kim tərəfindən gələcəkdə yol verilib-verilməyəcəyi indidən bəlli olmadığı və bu baxımdan hazırda belə bir mübahisə mövcud olmadığı üçün, mümkün sayıla bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4003/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-865/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-865/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver