Məhkəmə qərarları › İş №2-1(103)-865/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-865/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-865/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi vəkil), Üçüncü şəxs X12 və vəkili X9 (fərdi vəkil) iştirakları ilə, İddiaçı X3 (xx.xx.1980-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X8 xx.xx.2020-ci il tarixində cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə X3 adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsi anası X4 ayrılmışdır. Anası vəfat etdikdən sonra Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №li sərəncamı ilə bu torpaq sahəsi onun adına keçirilmişdir. Lakin torpaq sahəsinin dəqiq yerinin müəyyən olunması sərəncamla birlikdə cizgi planı təqdim edilmədiyi üçün mümkün olmamışdır. Buna görə də ona məxsus torpaqdan istifadə faktiki olaraq mümkün deyildir. Çünki Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahə ümumi ünvan olmaqla, təxminən 1.0 ha ərazini əhatə edir və müxtəlif şəxslərə buradan fərqli ölçülərdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ünvanı eyni adlandırıldığı üçün müxtəlif şəxslərə müxtəlif ölçülərdə ayrılan torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq tərəflərindən cavabdehə müraciət olunmuş cavabdehin xx.xx.2020-ci il tarixli, C66-091 saylı cavab məktubu ilə bildirilmişdir ki, “RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edirlər”. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, P196 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, müvafiq sərəncama cizgi əlavə edilməmişdir. Göründüyü kimi müvafiq dövlət orqanlarından torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan verən cizginin əldə olunması mümkün olmamışdır. Onun anasına torpağın 1998-ci ildə ayrılmasını nəzərə alaraq, həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bütün bu maddələrdən göründüyü kimi torpağın ayrılması ilə yanaşı torpağın dəqiq yerinin müəyyən edilməsi də müvafiq icra hakimiyyətinin öhdəliyində olmuşdur. Lakin bu halda cavabdeh iddiaçıya torpağın dəqiq yerini müəyyən edən hər hansı yerləşmə cizgisi təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şübhə yardan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizgi-plan verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Halbuki, İddiaçı mərhum anası X2 adına verilmiş Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 155 saylı sərəncamın öz adına dəyişərkən cizgi-plan verilməsi ilə bağlı müraciət edə bilərdi. Bu kimi hallara RİHB-nin sərəncamı ilə ayrılmış torpaq sahəsin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsində cəhd edilir . Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 155 saylı sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs, onun vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq, sərəncamların surətlərini təqdim edərək, sərəncamlar mövcud olsa da, torpağa dair cizginin olmadığını bildirdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, ayrılmış torpaq sahəsinə hasar və darvaza olduğundan içəri keçə bilmədiklərini bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından olan; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-00626-2021 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli “Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 22-də yaşayan X4 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncama əsasən X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə 1200 (min iki yüz) kv.m torpaq sahəsinin ayrılmasına, E.Qazıbəyova ayrılmış sahədə 185-000-111S №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə, kürsülüyün 2 m müəyyən edilməsinə, mütəxəssis S.Məmmədzadənin sahənin ölçülərinin naturada təyin etməsinə sərəncam verilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 nömrəli “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 10 ünvanında yaşayan vətəndaş İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək anası X5 qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,00 (min iki yüz) kv.m. torpaq sahəsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş X6 xx.xx.2004-cü il tarixdə vəfat etmişdır (ölum haqqında xx.xx.2004-cü il tarixli, AZ № 028012 şəhadətnamənin surəti əlavə olunmuşdur). Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamının 1-ci bəndinin quvvədən duşmuş hesab edilməsi, Qaraçuxur qəsəbəsı, 4048-cı məhəllə 73 №-li mağazanın qarşısındakı sahədə ayrılmış 1200,00 (min iki yuz) kv.m torpaq sahəsınin vətəndaş İddiaçı adına dəyişdirilməsi, sərəncamın qalan bəndlərınin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/7 №-li, xx.xx.2021-ci il tarixli, 1/545 №-li, xx.xx.2021-ci il tarixli, 1/808 №-li, xx.xx.2021-ci il tarixli və 1/1165 №-li, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidən 1200 kv.m torpaq sahəsi X4 ayrılmışdır. X7 vəfat etdikdən sonra sözügedən torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə mərhumun qızı, bu iş üzrə İddiaçı adına dəyişdirilmişdir. Qanunverciliyin tələblərinə uyğun olaraq vətəndaşlara həmin dövrdə torpaq sahəsi ayrılarkən plan-sxemin verilməsi RİH tərəfindən təmin edildiyindən və həmin dövrü o cümlədən 1998-ci ili əhatə edən sənədlər RİH-də saxlanılmadığından vətəndaşa, bu iş üzrə iddiaçıya Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etməsi tövsiyə olunmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/983 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 900,0 kvm. torpaq sahəsinin X13 ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi haqqında məktuba Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, rayon İcra Hakimiyyətinin 2008-ci il də daxil olmaqla sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğununun cavablandırlması imkanları xaricindədir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-03229-2021 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış C66-091 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə yerləşən 1200,00 torpaq sahəsinin iki ayrı sərəncamla eyni ünvanda vətəndaş İddiaçı və vətəndaş Dostəliyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızına ayrıldığından, həmin torpaq sahəsinin üst-üstə düşüb düşməməsinə aydınlıq gətirilməsinə və ayrılmış torpaq sahəsinə dair ayrıc aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə anası X4 ayrılmış 1200,0 kv.m torpaq sahəsi İddiaçı adına dəyişdirilmişdir. Bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 ha ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir necə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq “73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X4 -1200,0 kv.m və X13 -900,0 kv.m) ayrıldığı, eləcə də sözügedən torpaq sahəsinin 1998-ci ildə Suraxanı RİHB-nın iki ayrı sərəncamı ilə iki şəxsə ayrılması faktı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və sözügedən torpaq sahəsi ilə bağlı vətəndaş Dostiyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızı ilə aralarında mübahisə predmeti olan məsələlərin həllinin qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qaydasında mümkünlüyünü nəzərə alaraq aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı üçüncü şəxs tərəfindən təqdim edilmiş, Suraxanı Rayon İcra Başçısının 22 iyun 1998-ci il tarixli, 954 saylı sərəncamında qeyd edilmişdir ki,

1. Vət. X10 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi 4048 məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə 900,0 kv.m torpaq sahəsi ayrılsın. Vət. A.Süleymanovaya ayrılmış sahədə İ85-000-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin.- Kürsülük 2 m. müəyyən edilsin.” Həmçinin təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1290 №-li Sərəncamın surətindən müəyyən edilir ki, Suraxanı Rayon İcra Başçısının 22 iyun 1998-ci il tarixli, 954 saylı sərəncamının 1-ci və 2-ci bəndində dəyişiklik aparılmış və aşağıdakı kimi oxunması qərara alınmışdır: “1. Vət. X13 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi 4048 məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə 900,0 kv.m torpaq sahəsi ayrılsın.

2. Vət. L.İsmayılovaya ayrılmış sahədə İ85-000-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin.- Kürsülük 2 m. müəyyən edilsin.” Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “nə qədər ki, iddiaçının anasına torpaq sahəsi ayrılması barədə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli sərəncamı, həmçinin həmin sərəncamda qeyd edilən torpaq sahəsinin iddiaçının adına dəyişdirilməsi barədə xx.xx.2008-ci il tarixli, 155 nömrəli sərəncam mübahisələndirilməmişdir və qüvvədədir, eyni zamanda Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli sərəncamı verilən zaman cavabdeh Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-ölçü sxeminin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh iddiaçının müraciətinə imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Dostuyeva (İsmayılova) Lalə Əhməd qızına Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən torpaq sahəsi ilə bağlı çıxarışın verilib-verilməməsi barədə məlumatların, ümumiyyətlə qeyd edilən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı hansı şəxslərə çıxarışın verilməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 1,0 ha ərazi ilə bağlı X1 və Dostiyeva (İsmayılova) Lalə Əhməd qızından başqa hansı şəxslərə sərəncamların, cizgilərin verilməsi barədə məlumatların, eyni zamanda Dostiyeva (İsmayılova) Lalə Əhməd qızına verilmiş sərəncamın və cizginin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Həmçinin məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 1,0 ha ərazi ilə bağlı X1 və Dostiyeva (İsmayılova) Lalə Əhməd qızından başqa hansı şəxslərə sərəncamların, cizgilərin verilməsi barədə məlumatların, eyni zamanda Dostiyeva (İsmayılova) Lalə Əhməd qızına verilmiş sərəncamın və cizginin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 №-li cavab məktubunda qeyd edilmişdir ki, “Dostuyeva (İsmayılova) Lalə Əhməd qızının adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir.” Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01146-2022 saylı, 01 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 1/535 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 hektar ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir neçə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq "73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X4 -1200,0 kv.m və X13 -900,0 kv.m) ayrıldığı müəyyən edilmiş, eləcə də həmin ərazidə eyni torpaq sahəsinin iki ayrı sərəncamla iki şəxsə ayrılması faktı öz təsdiqini tapmamışdır. Vətəndaş tərəfindən surəti təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 155 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə X4 ayrılmış 1200,0 kv.m torpaq sahəsi qızı İddiaçı adına dəyişdirilmişdir. Eyni zamanda bildiririk ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğunuzda qeyd etdiyiniz məsələ ilə bağlı məlumatların təqdim edilməsi imkanlarımız xaricindədir. Göründüyü kimi cavabdehin müvafiq məktubu ilə iddiaçının cizgi planın tərtib edilməsini xahiş etdiyi ərazinin Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə bölünərək, X4 və X13 ayrıldığı qeyd edilsə də , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Dostuyeva (İsmayılova) Lalə Əhməd qızının adına dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilmədiyi, eyni zamanda həmin ərazinin müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Dostuyeva (İsmayılova) Lalə Əhməd qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki əhəmiyyətə malik olan hallar araşdırılmamış, əsassız olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar araşdırılmalı, iddiaçı tərəfindən cizginin tərtib edilməsinin tələb edildiyi torpaq sahəsində başqa digər şəxslərin adına sərəncamların,cizgilərin verilməsi, dövlət qeydiyyatının aparılıb-aparılmaması, hazırkı mübahisənin digər şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunulub-toxunulmadığı müəyyən edilməli, toxunduğu təqdirdə həmin şəxslər üçüncü şəxs qismində icraata cəlb edilməli, torpaq sahəsinə tərəflərin, üçüncü şəxsin və mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilməklə,zərurət yarandıqda ekspertiza təyin etməklə iddia tələbinə qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qəraraaldı:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə X3 adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar