Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-865/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “onun adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş yüngül tipli yaşayış evinin X5 mülkiyyətinə verilməsinə dair onun adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4850/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X10 İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli qərarı ilə X7 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X5 mülkiyyətinə verilməsinə dair iddiaçının adına arayışın (çıxarışıç) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4850/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzbati Məhkəməsinin qərarında çoxlu sayda hüquq normalarının məzmunları sadalandıqdan sonra, iddia tələbinin təmin olunmaması üçün Torpaq Məcəlləsinin 46-cı maddəsinə istinad olunaraq qeyd edilir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Qərarda həmçinin Torpaq Məcəlləsinin 62-ci maddəsinə istinad olunaraq qeyd edilir ki, elektrik, rabitə, nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya-mühafızə zonaları altındakı torpaq sahələri də onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Halbuki, mübahisə predmeti olan torpaq sahəsi, dövlət mülkiyyətindəki qeyd olunan torpaq kateqoriyalarına aid deyil, işdə bunu təsdiq edəcək heç bir sübut yoxdur və həmin torpaq sahəsi dəniz kənarından 200-300 metr aralıda yerləşir. Bundan başqa cavabdehin etirazında da bu barədə heç nə yazılmır və məhkəmənin belə bir şübhəsi vardısa, torpaq sahəsinə yerində baxış keçirər, yaxud da cavabdehdən bununla bağlı müayinə aktı tələb edərdi. Birinci instansiya instansiya məhkəməsinin qərarında daha sonra göstərilir ki, “...iddiaçının, üzərində onun mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınmasını istədiyi Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, dəniz kənarında yerləşən 10 sot torpaq sahəsi X5 istifadəsinə müvəqqəti olaraq, yalnız bostan üçün verilmişdir. Həmin torpaq sahəsinin X5 istifadəsinə və ya icarəsinə verilməsinə dair müqavilə mövcud deyil. İddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Mərdəkan qəsəbə X10 icraiyyə komitəsinin xx.xx.1987-ci il tarixli protokoldan çıxarışa gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mərdəkan qəsəbə X10 icraiyyə komitəsi torpaq ayırmaq səlahiyyətinə malik olan dövlət orqanı olmamış, onun 11 noyabr 1987-ci il tarixli protokol - torpaqayırmasına dair inzibati akt deyil...” Sonra da qərarda göstərilir ki, “’’İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1- ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir''. Mübahisə predmeti olan torpaq sahəsinin X5 istifadəsinə müvəqqəti olaraq, yalnız bostan üçün verilməsi, həmin torpaq sahəsinin X5 istifadəsinə və ya icarəsinə verilməsinə dair müqavilənin mövcud olmamasına gəldikdə, yerli icra hakimiyyəti orqanı tərəfindən məqsədli istifadə üçün qərarı olduğu halda, bu barədə müqavilənin tələb olunması da qanunvericiliyə zidd haldır. Məhkəmənin, mübahisə predmeti olan torpaq sahəsinin ayrılması barədə akt qəbul etmiş Mərdəkan qəsəbə X10 icraiyyə komitəsinin torpaq ayırmaq səlahiyyətinə malik olan dövlət orqanı olmaması, onun 11 noyabr 1987-ci il tarixli protokolunun da - torpaqayırmasına dair inzibati akt sayılmaması barədə fikri də absurd və qanunvericliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1-ci maddəsində də birbaşa göstərilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı və kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir. Mərdəkan qəsəbə X10 icraiyyə komitəsinin qeyd olunan 11 noyabr 1987-ci il tarixli protokolu, vətəndaşlara dəniz kənarında müvəqqəti olaraq bostan sahələri verilməsi barədə məsələnin müzakirəsinə dair protokoldur və protokoldan çıxarış da, həmin protokolun qərar hissəsindən edilmişdir. Həmin dövrdə də vətəndaşlara torpaq sahələrinin ayrılması, məhz bu qaydada aparılırdı. Həmin qeyd və qərarlarda da torpaq sahəsinin daimi və yaxud müvəqqəti ayrılıb-ayrılmaması fərqləndirilmir. Hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə də müddəti müəyyən edilməyən torpaqdan istifadə, torpaqdan daimi istifadə hesab olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddianın təmin olunmaması üçün gətirdiyi dəlillər, heç bir hüquqi əsası olmayan bəhanədən başqa bir şey deyildir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı tələbi “Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X10 İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli qərarı ilə X7 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X5 mülkiyyətinə verilməsinə dair iddiaçının adına arayışın (çıxarışıç) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizənin məzmunundan görünür ki, iddianın geri götürülməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X8 ərizənin təmin edilməsinə və iddia üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Azərbaycan Respublikası İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-nin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırki halda bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından- onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-nin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini-iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-865/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-865/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver