Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-865/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X6 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin istifadəsindədir. Həmin fərdi yaşayış evinə dair mərhum babası Rüstəm Nəsrulla oğlunun adına texniki pasport var. Babası xx.xx.1962-ci ildə vəfat etmişdir. Babasının vəfatından sonra adıçəkilən fərdi yaşayş evinə atası X1 etmiş və ailə üzvləri ilə birlikdə ondan istifadə etmişdir. Atası Z.Rüstəmov xx.xx.1997-ci ildə vəfat etmişdir. xx.xx.1988-ci ildə doğulduğu vaxtdan hal-hazırkı dövrədək adıçəkilən fərdi yaşayış evində yaşayır. Son 15 il ərzində fərdi yaşayış evinə sahiblik edir. Fərdi yaşayış evindən ondan başqa əri, iki azyaşlı uşağı və onlarla eyni təsərrüfat aparan anası istifadə edir. Onun, anasının və iki azyaşlı uşağının paspot qeydiyyatı sözügedən fərdi yaşayış evinədir. Bununla belə, istifadəsində olub sahiblik etdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində uzun müddət ərzində yaşamayan üçüncü şəxslərin pasport qeydiyyatı var. Qeyd olunan şəxslər fərdi yaşayış evindən uzun illər əvvəl köçüb gediblər. Bu şəxslərin harada yaşamaları ona məlum deyil, çünki onlarla uzun müddətdir ki, əlaqəsi yoxdur. Fərdi yaşayış evində yaşamayan şəxslərin qeydiyyatda olmaları ona əlavə problemlər və xərclər yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu tərtib edilmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəməyə ərizə ilə müraciət edərək, onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edərək düzgün nəticəyə gəlinmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Eyni zamanda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. İş materiallarında olan evlərin texniki iventarizasiya və qiymətləndirməsinə dair pasportdan müəyyən edilir ki, iddiaçının babası olan Rüstəm Nəsrulla oğlu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi, 22 nömrəli evə sahiblik etmişdir. Sonuncu vəfat etdikdən sonra onun oğlu olan X4 həmin evə sahiblik etmiş və ailə üzvləri ilə həmin evdə yaşamışdır. Hazırkı işdə iddiaçı olan İddiaçı həmin evdə ailə üzvləri qeydiyyatda olmaqla yaşadıqlarını, lakin üçüncü şəxslər olan X3 və X5 həmin evdə qeydiyyatda olmaqlarına baxmayaraq yaşamadıqlarını bildirmiş və bu səbəbdəndə sonuncuların qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. İddiaçının iddia tələbini əsassız hesab edən Kollegiya bildirir ki, üçüncü şəxslər olan X3 və X5 ata adından görünür ki, həmin şəxslər iddiaçının vəfat etmiş atası olan X2 ailə üzvləridir. Belə olduğu halda Kollegiya hesab edir ki, üçüncü şəxslərin sözügedən yaşayış evinə dair istifadə hüquqlarına xitam verilmədən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları mümkün deyil. Üçüncü şəxslərin həmin mənzildə uzun müddət yaşamadıqları iddiaçı tərəfindən qeyd edilsədə, bu halları təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Hətta buna dair iddiaçı tərəfindən sübut təqdim olunsa belə, üçüncü şəxslərin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması - yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Eyni zamanda Kollegiya bildirir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında iddiaçının hüquqmüəyyənedici sənəd olaraq göstərdiyi texniki pasport hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısında qeyd edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, “...iddiaçı mübahisəli evə dair sahiblik və istifadə hüququna istinad edərək hazırkı iddianı vermiş, lakin üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılması ilə bağlı, yəni evə dair sərəncam vermək hüququnu təsdiq edəcək hər hansı bir sənədi (vərəsəlik şəhadətnaməsi, mülkiyyət hüququna dair sənəd və ya mülkiyyət hüququnu təsdiq edən digər sənəd) təqdim edə bilməmişdir.” Beləliklə, qeyd edilənləri nəzərə alan Kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-865/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-865/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver