Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-866/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X7 qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-7227/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X5 adına verilmiş MA seriyalı ******* nömrəli 07.01.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-7227/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. İddiaçının vəkili X8 apellyasiya şikayətinin müdafiə edərək, çıxışında bildirmişdir ki, belə ki, inzibati mübahisələrin predmetini izibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarkterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Göründüyü kimi, inzibati orqan olan DƏDRX tərəfindən verilmiş əsassız inzibati akt-çıxarış (texniki pasport) iddiaçının hüquqlarının, mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarış və texniki pasport alqı-satqı müqaviləsinə əsasən verilməmişdir, belə ki, cavabdeh tərəfindən bir il əvvəl verilmiş çıxarışda üçüncü şəxsin adına bir otaq qeydiyyatdan keçdiyi halda, heç bir əsas olmadan cavabdeh üçüncü şəxsin adına 2 otağa dair yeni çıxarış vermişdir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığı mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Bu qeyd olunanlardan əlavə vəkil bildirmişdir ki, bundan əvvəl iddiaçı tərəfindən qaldırılmış eyni iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmış və sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.08.2020-ci il tarixli qərardadına əsasən icraata xitam verilmiş, buna əsas olaraq işə inzibati məhkəmədə baxılması qeyd olunmuşdur. Xüsusilə qeyd edilməlidir ki, eyni məzmunlu münasibət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2019-cu il tarixli Qətnaməsində bildirilmişdir. Qeyd edilən məhkəmə aktları barədə birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli iclasında məlumat verilmiş, qərardadın surəti təqdim edilmişdir. Bunlara baxmayaraq, məhkəmə tərəfindən iddianın mümkün saylımaması haqqında qərardad qəbul olunmuşdur. Qeyd olunanlara əsasən vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı qismində X5 adına verilmiş MA seriyalı ******* nömrəli 07.01.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsini tələb edir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli 15.03.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X12 ünvan 1 ünvanda yerləşən mənzili X1. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1, mənzil 4 X5 adına 07.01.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən mənzil Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçərək X5 adına mübahisə predmeti olan çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19.05.2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” 20.02.2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış daşınmaz əmlakın dövlət reyestrində mülki-hüquqi əqd əsasında, yəni alqı-satqı müqaviləsi əsasında qeydiyyatı aparılmış mənzilə dair verildiyindən, hazırkı iddiaya mülki xarakterli iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələblə mülki qaydada müvafiq məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində gğstərilən dəlilləri qəbul etmir, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayraq, düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-7227/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-866/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-866/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver