Məhkəmə qərarları › İş №2-1(103)-866/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-866/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-866/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4 Konsaltinq” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-11302/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X4 Konsaltinq” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 04 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın 1-ci bəndində göstərilmişdir ki, “X4 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin. Yoxlama ilə əhatə olunan vergi dövrü İyul 2020 - Avqust 2021. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən hallarda keçirilə bilər. Həmin hallardan biri də (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edildiyindən vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 15-ci bəndinin tələblərinə əsasən, vergi ödəyicisinin hüquqlarına istinad edərək, vergi orqanında olan və müəssisənin vergitutma obyektinin gizlədilməsi əlamətləri hesab edilən, mənbəyi bəlli olan məlumatların vergi ödəyicisi olaraq, müəssisəyə təqdim edilməsi xahiş edilmiş, lakin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin məlumatları almaq mümkün olmamışdır. Cavabdeh iddiaya qarşı yazılı münasibətini təqdim edərək göstərmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36, 38-ci maddələri ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir. İddianın mahiyyətinə gəldikdə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. İddiaçının növbədənkənar vergi yoxlamasının hansı mənbəyi bəlli olan məlumata əsasən keçirilməsinin məlum olmaması və yoxlamanın keçirilməsi ilə bağlı dəlillərinə gəldikdə cavabdeh orqana Beynəlxalq Vergitutuma və Vergi monitorinqi Baş İdarəsinin xidməti məktubuna əlavə edilmiş vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi səbəbindən və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150301 nömrəli Qərar çıxarılmışdır və yoxlama hal-hazırda davam edir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-11302/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarına əsasən “X4 Konsaltinq” MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə iyul 2020 – avqust 2021-ci il yoxlama ilə əhatə olunan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05.10.2021-ci il tarixli çıxarışa əsasən yoxlamanın müddəti: 05.10.2021-17.11.1021, yoxlanılan dövr: 01.07.2020-01.09.2021-ci il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, işdə olan Dövlət Vergi Xidmətinin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin cavabdehə ünvanlanmış 30.09.2021-ci il tarixli **********697300 nömrəli növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xidməti məktubundan görünür ki, idarə tərəfindən seçilmiş və məktuba əlavə edilmiş vergi ödəyicilərində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, habelə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasına zərurət yarandığından xidməti məktuba əlavə edilmiş vergi ödəyicilərində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba əlavə olunmuş siyahıdan görünür ki, siyahının 8-ci sırasında “X4 Konsaltinq” MMC-nin adı qeyd olunmuşdur. Cavabdeh vergi orqanının istinad etdiyi VM-nin 38.3.5-ci maddəsi vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsini nəzərdə tutur ki, iddiaçının istinad etdiyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması da əldə edilmiş əmlakın gizlədilməsi, ört basdır edilməsini ehtiva edir. Vergi orqanı növbədənkənar vergi yoxlaması vasitəsilə vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrünü yoxlaya bilər. Əvvəlki vergi yoxlaması ilə müəyyən edilmiş hallar, habelə qəbul edilmiş qərarlar növbədənkənar yoxlamanı aparan vergi orqanı üçün məcburi deyil, hətta əsas olarsa, sonrakı vergi yoxlamasını həyata keçirən vergi orqanı əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın dəyişdirilməsi, hətta ləğv edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 5.0-cı maddəsinə əsasən, vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasan, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 36.4. Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun: 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.4-cü maddəsinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci maddəsinə əsasən Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. 1.8-ci maddəsinə əsasən Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən 04.10.2021-ci il tarixli **********50301 nömrəli qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi halda növbədənkənar vergi yoxlamasının keçirilə bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə göstərilən əsas (vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi) qeyd olunan normada nəzərdə tutulmamışdır. Qeyd olunan normada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün belə bir əsasın müəyyən edilmədiyi halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi isə qanunsuz və əsassızdır. Bundan başqa, mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, həmin maddəyə uyğun olaraq cavabdeh vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qərarla təyin edilən yoxlama ilə Reyestrdən çıxarışda göstərilən yoxlama uyğun olmadığından, habelə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün qeyd olunan əsas nəzərdə tutulmadığı halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi üçün göstərilən hallar iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-11302/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarı ləğv edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-11302/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilsin və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar