Məhkəmə qərarları › İş №2-1(103)-866/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-866/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-866/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2518/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş geriyə üç il pensiyayının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək “Naxodka X5çılıq bazası”nda, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək “Məişət” Koperativində, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2001-ci ildən xx.xx.2019cu ilədək “Bakı Dəniz Limanı” İdarəsində və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək "xxxx" MMCdə işləmişdir. Odur ki, İddiaçı ümumi iş stajı 25 ildən artıq, o cümlədən xx.xx.2017-ci il tarixinə kimi 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması əmək kitabçası və iş yerlərindən alınmış arayışlarla təsdiq olunur. xx.xx.2001-ci il tarixdən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 4 avqust 1980-ci il tarixli ИT ******* nömrəli əmək kitabçasında iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 16 gün) təşkil edir. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmədiyi qeyd edilmişdir. Belə ki, iddiaçı xx.xx.1980-ci il tarixdə “Naxodka X5çılıq” bazasına emal ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək həmin müəssisədə 10 il, 18 gün, xx.xx.1990-cı il tarixdə “Bakı Emal qabları istehsalı” zavodunda təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək həmin müəssisədə 8 ay, 30 gün, xx.xx.1992-ci il tarixdə "xxxx" kiçik müəssisəsinə hisləmə sexinə balıq emalı ustası vəzifsinə işə qəbul olunmuşdur. xx.xx.1992- ci ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə 8 il 11 ay 15 gün və xx.xx.2006-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qaz (əl ilə), və elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək həmin müəssisədə 7 ay 27 gün işləmişdir. İddiaçının ümumi əmək stajı 25 ildən artıq, güzəştli şərtlərlə yaşa görə pensiya stajı isə 12 il 6 aydan artıqdır. İddiaçının işlədiyi müəssisələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı peşələr ilə üst-üstə düşür. Cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının 01 iyul 2017-ci il tarixdən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hesablanmalı və ödənilməmiş geriyə üç il pensiyayının ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İşin birinci instansiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiyanın geriyə üç ilinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 avqust 1980-ci il tarixli WT ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 16 gün) təşkil edir. Göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Qanunun qeyd olunan müddəasının tələblərinə cavab vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2518/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiyanın geriyə üç ilinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərar alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2518/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili olan iddiaçının 12 il 06 ay güzəştli iş stajının olmaması ilə bağlı qeyd edir ki, iş materiallarında olan: - Bakı Hövsan Beynəlxalq Dəniz Limanı ASC-nin xx.xx.2021-ci il tarixli 15/21 №-li Arayışında göstərilmişdir: “Verilir xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən Bakı Dəniz Balıq Limanı İdarəsində işləyib:

1. xx.xx.2001-ci il tarixindən təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə işə qəbul edilib. (xx.xx.2001-ci il tarixli 07k №-li əmr)

2. xx.xx.2004-cü il tarixindən gəmi və sahil avadanlıqları təmiri üzrə əl ilə elektrik qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2004-cü il tarixli 05k №-li əmr)

3. xx.xx.2006-cı il tarxindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bədinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006- cı il tarixli 27k №-li əmr)

4. xx.xx.2006-cı il tarxindən ‘‘Bakı Dəniz Balıq Limanı” ASC-də qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilib (xx.xx.2006-cı il tarixli 72 №-li əmr)

5. xx.xx.2007-ci il tarixindən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2007-ci il tarixli 07ak №-li əmr)

6. xx.xx.2011-ci il tarxindən İcraçı direktor vəzifəsinə təyin edilib. (xx.xx.2011-ci il tarixli 15k №-li əmr)

7. xx.xx.2011-cı il tarixindən Texniki-Təhlükəsizlik və Mülki Müdafiə üzrə mühəndis vəzifəsinə keçirilib. (xx.xx.2011-ci il tarixli 34k №-li əmr)

8. xx.xx.2015-ci il tarixindən Texniki-Təhlükəsizlik üzrə baş mühəndis vəzifəsinə keçirilib. (xx.xx.2015-ci il tarixli 50k №-li əmr)

9. xx.xx.2019-ci il tarixindən İstehsalat və təmir tikinti şöbəsinə rəis vəzifəsinə keçirilib (xx.xx.2019-cu il tarixli 86k №-li əmr)

10. xx.xx.2019-cu il tarxindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bədinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006- cı il tarixli 27k №-li əmr) Bakı Dəniz Balıq Limanı İdarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Yuxarıda adı çəkilən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı və qaz qaynaqçısı peşələri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.” - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/21 nömrəli Arayışında göstərilmişdir: “Verilir 01 iyun 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 03 aprel 2006-cı il tarixindən 01 dekabr 2006-cı il tarixinə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyib: xx.xx.2006- cı il tarixindən qaz (əl ilə) və elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. (xx.xx.2006-cı il tarixli 15k N-li əmr) xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası Əmək məcəlləsinin maddəsinin 2a bəndinə (öz xahişi ilə) əsasən Əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006-ci il tarixli 39k N-li əmr).” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (10 il 18 gün) X5 ovu Bazasında emal ustası, matros peşələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 5 ay 5 gün) "xxxx" Kiçik Müəssisəsində balıq emalı ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay) gəmi və sahil avadanlıqları təmiri üzrə əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi dövlər onun güzəştli iş stajına hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod ********) nəzərdə tutulmuşdur, “XXİİ. Yeyinti sənayesi” bölməsində “balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr” (kod 22417020— 17531), həmçinin “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000—11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000— 19906) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” nəzərdə tutulmuşdur, “27. Yeyinti sənayesi” bölməsində “balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr”, həmçinin “35. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan güzəştli iş stajına malik olmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmuşdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olduğundan, iddia tələbi əsaslıdır Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2518/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2518/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar