Məhkəmə qərarları › İş №2-1(103)-867/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-867/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, X1 vəkili X4, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4090/2019 nömrəli iş üzrə 04 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesinin 25-ci km-də yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. Torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmiş və eskiz layihəsi tərtib edilmişdir. Həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi tələbi ilə cavabdeh orqana müraciət edilmiş, lakin tələbin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, iş materiallarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər mövcuddur və sadalanan sənədlər cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin halları nəzərə almamış, qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərərək, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı rəsmi qaydada cavabdehə müraciət etməmiş, hüquq müəyyənedici sənədləri təqdim etməmişdir. Əmlak Bakı şəhərinin Qaradağ rayonunda yerləşdiyindən aidiyyət qaydaları pozulmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, hazırkı mübahisə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı inzibati hüquq münasibətlərindən irəli gəlmişdir. İddia öhdəliyin icrası haqqında iddia növünə aiddir (İPM-2.2.3). Belə ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın cavabdehdə qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı). İşdə olan, xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesi 25-ci km 3 ünvanda yerləşən ümumi sahəsi 555,1 kv.m. olan qeyri-yaşayış binası alqı-satqı əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa görə, Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesi 25-ci km 3 ünvanda yerləşən 555,1 kv.m. qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. İddiaçı notariat qaydada təsdiqli xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesi 25-ci km 3 ünvandakı qeyri-yaşayış binası söküldüyü üçün qeydiyyatının ləğv edilməsinə və yalnız torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən, Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesi 25-ci km 3 ünvanda yerləşən 0,06377 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesinin 25-ci km-də yerləşən iddiaçıya məxsus sahədə qeyri-yaşayış binasının eskiz layihəsi tərtib olunmuş, layihədə zirzəminin sahəsi 600,9 kv.m, 1-ci mərtəbənin sahəsi 602 kv.m. qeyd olunmuşdur. İddiaçının Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesinin 25-ci km-də yerləşən tikintinin vahid əmlak kimi özəlləşməsinə dair hüquqların qeydiyyatı ilə bağlı müraciətinə cavabdeh xx.xx.2019-cu il tarixli **********31 nömrəli imtina məktubunda göstərmişdir ki, ərizəyə hüquq müəyyənedici sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - ŞTM): 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir; 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur; 88.1. Bu Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla, aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir: 88.1.1. tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri - həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından; 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci bəndi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 302 nömrəli Qərarı ilə “Tikinti obyektinin istismarına icazə”nin forması təsdiq edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Savalan» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən tikintiyə icazə verilməsi barədə qərarı, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsini və tikinti obyektinin istismarına icazəni cavabdehə və Məhkəməyə təqdim etmədiyi üçün iddia əsassızdır. Belə ki, işdən müəyyən olunduğu kimi, iddiaçı 2019-cu ildə əldə etdiyi qeyri-yaşayış binasını söküb, yenisini inşa etsə də, tikintisinə icazə tələb olunan obyekt kimi həmin binanın tikilməsi üçün icazə alınmasına, tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun ekspertizadan keçirilməsinə və tikinti obyektinin istismarına icazə verilməsinə dair hər hansı mötəbər sübut iddia ərizəsinə əlavə olunmamış, bu barədə ərizədə də heç bir mülahizə irəli sürülməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi barədə dəlilini əsaslı sayır. Lakin şikayətin iddiaçının rəsmi qaydada cavabdehə müraciət etməməsinə dair dəlili cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubu ilə təkzib olunur. Şikayətin aidiyyət qaydalarının pozulması ilə bağlı dəlili isə artıq hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən Bakı şəhərində bir inzibati məhkəmə, Bakı İnzibati Məhkəməsi fəaliyyət göstərir. Bununla da, iş üzrə iddianın mümkün sayılmaması üçün əsaslar müəyyən edilmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin yeni inşa edilən qeyri-yaşayış binasının iddiaçının adına hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, qərar ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4090/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Sahil qəsəbəsi Salyan şosesinin 25-ci km-də yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar