Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb idarəsinə qarşı xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2352/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun 1993-cü ilin yanvar ayının 26-da Ağdərə uğrunda gedən döyüşlərdə yaralanması barədə aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 26 yanvar 1993-cü il tarixdə Ağdərə bölgəsində Qazançılar kəndi uğrunda gedən döyüşlər zamanı güllə yarası alaraq Gəncə şəhərinə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Cərrahiyyə şöbəsinə gətirilmişdir. Orada sol budunun yuxarı hissəsindən qəlpə çıxarılmışdır. 28 yanvar tarixinə kimi orada qalmış, sonra evə göndərilmişdir. O, Şamaxı rayon mərkəzi xəstəxanasında 22 mart 1993ci il tarixə kimi güllə yarası diaqnozu ilə müalicə olunmuşdur. Onun cəbhə yoldaşları şahiddirlər ki, o, Ağdərə uğrunda döyüşlərdə iştirak edərək güllə yarası almışdır. O, neçə illərdir Qarabağ müharibəsi veteran statusunu daşıyır. Verilən xüsusi güzəşt və imtiyazlardan istifadə edir. Müharibə əlili statusunun verilməsi ilə bağlı müraciətlərinə isə belə cavab verilmişdir ki, onun döyüş bölgəsinə ezam olunması barədə şəxsi işində məlumat yoxdur. Bunun qeyd olunmamasının günahı onda deyil. Bakı İnzibati Məhkəməsinin 30.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, iddiaçı döyüş bölgəsində yaralanması ilə bağlı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış təqdim edilmədiyinə görə xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır və imtina cavabı verilmişdir. İddiaçı aldığı xəsarətlə bağlı tibb müəssisələrində müalicə olunduğunu və həmin sənədlər əsasında cavabdeh tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar qəbul edilməsini tələb edir. Lakin iddiaçının qeyd etdiyi sənədlərlə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması müəyyən edilmir. Travma haqqında arayışda isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində iddianın faktiki əsasları ilə eyni olan dəlillərə əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” bir neçə bəndini sadalayıb, öz qərarında formal qaydada yazsa da, qanunvericiliyin iş üzrə uyğun maddələrini səhv təfsir etmişdir. Həmin Əsasnamənin 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların i şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bununla bağlı iş materiallarında görünür ki, DİN tərəfindən 02.11.2004-cü il tarixdə iddiaçıya 025008 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Bu açıq-aşkar təsdiq edir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Orqanının tabeliyində olan hərbi qulluqçu kimi döyüş bölgəsinə göndərilmişdir. Əks halda Daxili İşlər Nazirliyi tərəfindən ona müharibə veteranı vəsiqəsi verilə bilməzdi və deməli Bakı İnzibati Məhkəməsi öz qərarında bu halı nəzərə almamışdır. Əsasnamənin 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Bakı İnzibati Məhkəməsinin bu qərarından göründüyü kimi, məhkəmə sözügedən Əsasnamənin 7.4-cü maddəsinə də hüquqi qiymət verməmiş, qanunvericiliyin aydın formada yazılmış tələblərini ümumi ifadələrlə səhv təfsir etmişdir. Belə ki, xəsarətin alınma şəraiti haqqında arayışı özü üçün o, hazırlamalı deyil, xidmətində olduğu DİN orqanları verməlidirlər. Bundan əlavə, bu bənddə qeyd edildiyi kimi hərbi-həkim komissiyasının həmin arayış olmadan başqa sənədlər əsasında da xəsarətin səbəb əlaqəsi haqqında qərar çıxarmaq səlahiyyəti vardır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı X1 ünvanlanmış 31.10.2019-cu il tarixli 029-45035H-3219/4 nömrəli məktubda qeyd edilir: “Həyat yoldaşınız İddiaçı döyüş bölgəsində aldığı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığınız müraciət DİN Tibb İdarəsində araşdırılmışdır. Təqdim etdiyiniz sənədlər araşdırılarkən həyat yoldaşınız İddiaçı 26.01.1993- 28.01.1993-cü il tarixində Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında stasionar müalicə aldığı məlum olmuş, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən isə onun şəxsi işində döyüş bölgəsinə ezam olunması barədə qeydiyyat aşkar edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olubolmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, həyat yoldaşınız İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyildir.” Gəncə şəhər Səhiyyə İdarəsi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının 11.03.2020-ci il tarixli məktubuna əsasən iddiaçı 26.01.1993-cü il tarixdən 28.01.1993-cü il tarixə kimi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, onun adına stasionar xəstənin tibbi kartası açılmışdır. Tibbi kartada diaqnoz – sol budun yuxarı 1/3-də kor qəlpə yarası göstərilmişdir. Xəstənin ambulator, stasionar tibbi kartasının surətinə görə, iddiaçı 26.01.1993-cü il tarixdən 28.01.1993-cü il tarixə kimi Gəncə şəhər Səhiyyə İdarəsi A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, onun tam diaqnozu sol budun yuxarı 1/3-də kor qəlpə yarası olduğu göstərilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.10.2020-ci il tarixli 012- 20498-1220 saylı məktubundan və məktuba əlavə edilmiş iddiaçının arxiv işindən çıxarılmış xidmətkeçmə siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı arxiv işində onun hərbi əməliyyatların keçirildiyi bölgəyə ezam olunması, yaralanması barədə sənədlər və xidməti təhqiqat materialları aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Lakin işdən müəyyən edilir ki, iddiaçı xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa, habelə xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlərə malik deyil. Xəsarətin səbəb əlaqəsi haqqında qərar isə qeyd olunan sənədlərə uyğun olaraq çıxarılır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3-cü bəndi təşkil edir və birinci instansiya məhkəməsi də düzgün olaraq mübahisəni həmin bəndin tələbinə həll etmişdir. Bundan əlavə, DİN tərəfindən iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin qanuniliyi hazırkı məhkəmə tədqiqatının predmetinə daxil deyil. Amma, əvvəlki qərar və hərəkətlərin qanuniliyi artıq sual doğurursa, inzibati orqanın əvvəllər qəbul etdiyi inzibata aktlara və faktiki xarakterli hərəkətlərə qanunla nəzərdə tutulan hədlərdə yenidən baxmaq və hüquqi qiymət vermək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2352/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-867/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-867/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver