Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə , İddiaçı, Cavabdehin nümayəndəsi və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.1973-cü il tarixindən 20.11.1975-cü il tarixinədək Ermənistan Respublikası Kafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi işlədiyi illərin əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 57 yaşının tamam olduğu 01.04.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01.06.1973-cü ildən etibarən 30.08.1974-cü il tarixinədək Ermənistan Respublikasının Kafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi çalışmış, 01.09.1974-cü ildən 16.07.1975-ci ilə qədər Azərbaycan SSR-in X3 Məktəbində təhsil almış, təhsilini başa vurduqdan sonra 20.07.1975-ci il tarixindən 20.11.1975-ci il tarixinə qədər həmin müəssisənin anbarında işləmiş, 21.11.1975-ci il tarixindən 28.12.1977-ci tarixinədək Qazaxıstan Respublikasında hərbi xidmətdə olmuş, 22.09.1978-ci il tarixindən 113 nömrəli əmrlə V.İ.Lenin adına Toxuculuq Kombinatında baş elektrik şöbəsində blok xolodelnikində 2-ci dərəcə çilingər vəzifəsində təyin edilmiş, 03.06.1980-ci il tarixindən 63 nömrəli əmrlə həmin müəssisədə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 23.06.1981-ci il tarixindən 34 nömrəli əmrlə baş elektrik şöbəsində blok xolodelnikində 4-cü dərəcəli maşinist vəzifəsində, 03.01.1987-ci il tarixindən 4 nömrəli əmrlə həmin müəssisədə 5-ci dərəcə maşinist vəzifəsinə keçirilmiş, 24.08.1991-ci il tarixindən etibarən V.İ.Lenin adına Toxuculuq Kombinatının H.Z.Tağıyev adına BTTB adlandırılması ilə bağlı əmr verilmiş, 01.02.1994-cü il tarixindən etibarən 5 nömrəli əmrlə 6-cı dərəcə maşinist vəzifəsinə keçirilmiş və 01.06.1999-cu il tarixinədək həmin vəzifədə çalışmış, 15 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Ümumilikdə 21.09.1978-ci il tarixindən 01.06.1999-cı ilə qədər H.Z.Tağıyev adına TTSK ASC-nin (köhnə adla V.İ.Lenin adına Toxuculuq Kombinatı) soyuducu blokunda maşinist vəzifəsində çalışmışdır. Cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ərizəsinə 20.05.2021-ci il tarixli **********0 saylı məktubla verilən cavaba əsasən 01.06.1973-cü il tarixindən 30.08.1974-cii il tarixinədək Ermənistan Respublikasının Kafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi işlədiyi müddətin və 20.07.1975-ci il tarixindən 20.11.1975-ci il tarixinə qədər işlədiyi müddətin nəzərə alınmadıgı, bu səbəbdən əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il stajı olmadığı əsas gətirilərək ümumi stajının 23 il 7 ay 20 gün olduğu qeyd edilmişdir. Halbuki, iddiaçının adına açılmış şəxsi vərəqədə 1973-cü il tarixindən əmək fəaliyyəti ilə məşğul olmağı faktı öz təsdiqini tapmışdır. Yaşa görə pensiya almaq hüququ vardır. 01.06.1973-cü ildən Ermənistan Respublikasının Qafan şəhərində işləməyə başladığı dövrdən etibarən iddiaçıya əmək kitabçası təqdim edilmişdir ki, bundan sonra iddiaçı Lenin adına Toxuculuq Kombinatına müraciət edən zaman onunla işə qəbul edilmiş, lakin sonradan əmək kitabçası qeyrimüəyyən səbəblərdən həmin kombinatın işçi heyəti tərəfindən itirilmişdir. Bundan sonra iddiaçıya rəsmi şəkildə qeydə alınmış və möhürlənmiş arayış verilərək həqiqətən iddiaçının əmək kitabçasının itirildiyi, 01.06.1973-cü ildən etibarən Ermənistan Respublikasının Qafan şəhərində çalışdığı və əmək stajının olduğu təsdiq edilmişdir. İddiaçı uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmiş, bu barədə müvafiq qeyd olmadığından iddiaçının Konstitusiya ilə qorunan hüquqları birbaşa kobud surətdə pozulmaqdadır. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi ilə iddia qaldırmışdır. Lakin ona Mərkəzi Filial tərəfindən heç bir növ əmək pensiyası ödənilmir. İddiaçı 29 mart 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 12 oktyabr 2015-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 7 ay 20 gün) təşkil edir. İddiaçının iddia tələbində qeyd etdiyi 01.06.1973-cü il tarixindən 20.11.1975-ci il tarixinədək Ermənistan Respublikası Kafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi işlədiyi illərin əmək stajına daxil edilməsi barədə bildirilir ki, ona məxsus əmək kitabçasında qeyd olunan dövrdə işlədiyi barədə hər hansı qeyd yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Bu səbəbdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2021, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 01.04.2014-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2021, 27 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 12 oktyabr 2015-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 7 ay 20 gün) təşkil edir, iddiaçının iddia tələbində qeyd etdiyi 01.06.1973-cü il tarixindən 20.11.1975-ci il tarixinədək Ermənistan Respublikası Qafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi işlədiyi illərin əmək stajına daxil edilməsi barədə bildirilmişdir ki, ona məxsus əmək kitabçasında qeyd olunan dövrdə işlədiyi barədə hər hansı qeyd yoxdur, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Azərbaycan Respublikasının Zəngilan rayonunda doğulmuşdur. - "xxxx" ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) müəssisənin 26.01.2021-ci il tarixli 141 saylı arxiv arayışından görünür ki, iddiaçı 20.08.1981-ci ildən- 01.06.1999-cu ilə kimi soyuducu qurğuların maşinisti peşəsində işləmişdir. Müxtəlif sistemli və müxtəlif qüvvəli soyuducu qurğularına xidmətin göstərilməsi. İşin xüsusiyyyətləri: Soyuducu qurğularının ən sərfəli iş rejiminin dəstəklənməsi. Soyuducu qurğularının kompressorlarının, amonyaxlı və su nasoslarının, qəbuledicilərinin kondensatorlarının, buxarlandırıcılarının və digər mexanizmlərin işinin tənzimlənməsi. Mühərriklərin, su borularının, armaturların, cihazların və aparaturanın saz vəziyyətinə nəzarət. Soyuducu qurğuların aqreqatların və aparaturasının işində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Yoxlamanın aparılması, avadanlıq və kommunikasiyalarının təmiri üzrə qüsur siyahısının tərtib edilməsi. Rəhbərlik və bütün təmir işlərində birbaşa iştirak, təmir edilmiş avadanlığın qəbulu və sınaq olan keçirilməsi, göstərici diaqramalın çıxarılması və istismarına təhvil verilməsi. Buxarlandırıcılarına verilən soyutma agentinin keyfiyyətinə, habelə kompressorların daxilindəki təzyiq və temperatura nəzarət. Aşağı dərəcəli maşinistlərin işinə nəzarət. Qurğuların işi və soydanların (freonların) sərfiyyatı haqqında qeydlərin aparılması. Freonlar-halağen alkonlar, soyuducu maşınlarda soyuducu qismində istifadə olunan doymuş karbohidroğenlərin flor və xlor tərkibli törəmələrində ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası haqqındakı qərarı, güzəştli şərtlərlə pensiya olmağa səlahiyyət verir. § 36 səhifə 204 Amonyaklı soyuducu, qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri. - "xxxx" ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) müəssisənin 145 saylı arayışından görünür ki, V.İ.Lenin adına Toxuculuq kombinatı 24.08.1991-ci il tarixli Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin 350 saylı 24.08.1991-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına BTTB adlandırılmışdır. 27.12.2001-ci il tarixdən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 308 saylı 27.12.2001-ci il tarixli əmr ilə H.Z.Tağıyev adına BTTB-nin bazası əsasında H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı ASC yaradılmışdı. İddiaçının ümumi iş stajı 1973-1978-ci illərdə başlanmışdır. Əmək kitabçası tapılmadığından 12.10.2015-ci il tarixdə təkrar yazılmışdır. - "xxxx" ASC-nin 04 saylı 25.03.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 1994- 1997-ci illərdə və 1996-cı ilin yanvar-avqust aylarında həmin müəssisədə işləyərək əmək haqqı almışdır. - "xxxx" ASC-nin “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış”dan görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən "xxxx" ASC-nin soyuducu blokunda 22.09.1978-ci ildən 01.06.1999-cu ilə kimi işəlmişdir. 23.06.1981-ci il tarixdən 01.09.1998-ci ildə soyuducu blokda maşinist peşəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35 bəndində/(yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin ve vəzifənin xüsusiyyətləri ilə eynidir. - "xxxx" ASC-nin 164 saylı 22 sentyabr 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş iddiaçının şəxsi işinin surətindən görünür ki, iddiaçı həmin müəssisədə 22.09.1978-ci il tarixdən 01.06.1999-cu ilə qədər çilingər işləmişdir. İddiaçı 1973-cü ildən fəaliyyətə başlamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20.05.2021-ci il tarixli **********0 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 mart 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 12 oktyabr 2015-ci il tarixli ******* nömrəli əmək kitabçanızda və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (23 il 7 ay 20 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır” Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunmasa da, onun Ermənistan SSR-nin Qafan rayonunda yerləşən müəssəsisədə fəhlə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisəyə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkün deyil. Lakin bu hal sonrada işə qəbul edildiyi müəssisənin arxiv arayışı və iddiaçının şəxsi uçot vərəqəsi ilə təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, “iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.1957-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin iddiaçının ümumi iş stanın 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (23 il 7 ay 20 gün) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir” Məhkəmə kollegiyası ilk növbədə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, 23.06.1981-ci il tarixdən 04.06.1999-cu il tarixə qədər "xxxx" ASC-də baş elektrik şöbəsinin soyuducu blokunda (blok - xolodenikində) maşinist vəzifəsində ümumilikdə 17 il 11 ay 12 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Belə ki, onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—14341 ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri adı altında təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 12 il 6 aydan artıq güzəştli stajının olması təsdiq olunsa da, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi iş stajına malik olması iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı 01.06.1973-cü il tarixindən 20.11.1975-cü il tarixinədək Ermənistan Respublikası Qafan şəhərində yerləşən müəssisənin anbarında fəhlə kimi işlədiyini bildərərək, 25 il ümumi iş stajının tamamlandığını qeyd etsə də, bu dövr onun əmək kitabçasında öz əksini tapmamışdır. Cavabdeh organın imtinasının əsas dəlili də ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin idiaçının əmək kitabçasında qeyd olunmasa da, onun Ermənistan SSR-nin Qafan rayonunda yerləşən müəssisədə fəhlə işlədiyini təsdiq edən sənədlərin arxiv arayışı formasında əldə olunmasının mümkün olmaması səbəbindən iddiaçının şəxsi uçot vərəqəsindəki məlumatın nəzərə alınaraq sığorta stajına daxil olmasına dair gəldiyi nəticə haqlı deyildir. Belə ki, iddiaçının şəxsi uçot vərəqəsi arxiv arayışına bərabər sənəd deyildir, həmçinin həmin şəxsi uçot vərəqəsində İddiaçı Ermənistan SSR-nin Qafan rayonunda işləməsinə dair hər hansı bir qeyd, məlumat yoxdur. Belə olduğu vəziyyətdə iddiaçı Qaydaların 3.2.2ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. AR Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aydan artıq güzəştli iş stajı mövcud olsa da, 25 il ümumi iş stajına malik olmadığından birinci instansiya məhkəməsinin qərarı ləgv edilməli və yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 57 yaşının tamam olduğu 01.04.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-867/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-867/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver