Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-868/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2638/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus AZN 012602 saylı diplomun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Salyan rayonu Xalac kəndində anadan olmuş, 1986-cı ildə T.S.Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbin birinici sinfinə qəbul olmuş, 1994-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Həmin il Gəncə şəhəri X3 Xidməti Kollecinin Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi fakultəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakultəni bitirib AZ seriyalı 012602 saylı diplom almışdır. 1998-ci ildən hal-hazıra kimi Salyan rayonu T.S.Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik-bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmış, 2019-cu ildə Təhsil Nazirliyinə diplomun tanınması haqqında ərizə ilə müraciət etmiş və ərizəsinə cavab olaraq “diplomunuz dövlət nümunəli təhsil sənədi deyildir” cavabını almışdır. 2018-2019-cu tədris ilindən dərs saatları 6 saata endirilmiş və rəhbərlik etdiyi sinif əlindən alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3124/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2725/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3124/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın ləğv edilməsi və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sonardan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 012602 saylı diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2638/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2638/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək ibtidai təhsil kurikumu üzrə müəllimlərin təlimi proqramında iştirak etmiş və ona rəsmi olaraq 69 saylı xx.xx.2020-ci il tarixli Sertifikat verilmşdir. Onun diplomu Təhsil Nazirliyi tərəfindən tanınmadığı təqdirdə nə səbəb o təlimlərdə iştirak etmiş və ona sertifikat verilmişdir. Onun diplomunun saxta olması barədə kurs müddətində ona məlumat verilə bilərdi. Həmçinin diplomu tanınmadığı halda o neçə illərdi necə müəllim kimi işləyir. Əmr kitabının arxivə verilməməsi barədə o məsuliyyət daşımır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2016-cı ildə ona diplomunun saxta olduğu bildirilmiş, hazırda 6 saat dərsi var, onun dərs saatları minimuma endirilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarı əsasında kolleclərin yaradıldığını, həmin kollecin də Gəncə şəhərində fəaliyyət göstərdiyini, sonradan müxtəlif bölgələrdə filialların yaradıldığını, kollecin qanunsuz fəaliyyət göstərdiyini, Təhsil Nazirliyinin bu haldan diaqnostik qiymətləndirmə zamanı məlumatı olduğunu, iddia tələbinin də qeyri-müəyyən olduğunu bildirmişdir. Belə ki, idiaçının tələbi diplomun tanınması deyil, aldığı təhsilin qanuni hesab olunması barədə olmalıdır. Diplomun tanınması tələbi xaricdə təhsil alan şəxslərin aldıqları diplomun Respublikada tanınmasına aiddir. Hazırki halda isə iddiaçı təhsilini respublika daxilində almışdır, ona görə də onun diplomunun tanınmasından söhbət gedə bilməz. Əgər məhkəmə tərəfindən onun diplomunun tanınması ilə bağlı hər hansı qərar qəbul edilərsə onun icrası qeyri-mümkün olacaqdır. Sonda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Gəncə Məişət Xidməti Kolleci tərəfindən ona verilmiş AZ seriyalı 012602 saylı diplomun tanınması”nı tələb etmişdir. İddia birinci dəfə işə baxılan zaman qeyri-mümkün sayılmış, lakin sonradan bu barədə qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək, iddiaçıya məhkəmə tərəfindən hüquqi yardımın edilməməsi, iddia tələbinin dəqiqləşdirilməsinin ona təklif olunmaması ilə bağlı ləğv edilmiş və təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra işə baxmış məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərsə də, iddiaçı yenə də xx.xx.2020-ci il tarixdə verdiyi ərizəsində ona verilmiş diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Bu dəfə birinci instansiya məhkəməsi iddiaçının tələbini qərarda “diplomun dövlət nümunəli təhsil sənədi kimi tanınması” kimi göstərmiş və işə mahiyyəti üzrə baxaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının tələbi “diplomun tanınması” barədə olsa da, məhkəmə qərarında onun tələbi “diplomun dövlət nümunəli təhsil sənədi kimi tanınması” kimi göstərilmiş, işə təkrar birinci instansiya məhkəməsi tərəfindən baxılarkən hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında göstərilənlər nəzərə alınmamış, başqa sözlə, iddiaçı “diplomun tanınması” barədə tələb qoyarkən onun hüquqi marağının nəyə yönəldiyi müəyyənləşdirilməmiş və nəticədə iddiaçının hüquqi marağına uyğun hüquqi yardımın göstərilməməsi səbəbindən iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəsində tələbinə heç bir dəyişiklik etmədən onu yenə də “diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi göstərmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə iddiaçının tələbinin “ona verilmiş diplomun tanınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə olduğunu, lakin əslində iddiaçının hüquqi marağının aldığı təhsilin qanuni təhsil olması və ona aldığı təhsillə bağlı verilmiş diplomun qanuni, yəni dövlət nümunəli təhsil sənədi kimi tanınmasına yönəldiyini, lakin hazırki vəziyyətdə bu barədə belə bir tələbinin məhkəmədə olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, “diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması mümkün sayılmamalıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaların tələbinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə (1.2, 1.6, 3.3, 3.6, 3.7). Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, cavabdeh inzibati orqan yalnız xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması səlahiyyətini həyata keçirir. İddiaçı isə xarici dövlətdə ali təhsil almayan şəxsdir və ona görə də ona respublika ərazisində verilmiş diplomun bir daha respublikada tanınmasına qanunvericiliyin tələbləri baxımından ehtiyac yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2638/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddiaçının “diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddiaçıya izah olunur ki, onun hüquqi marağı nəzərə alınmaqla, aldığı təhsilin qanuni təhsil olması və ona aldığı təhsillə bağlı verilmiş diplomun qanuni, yəni dövlət nümunəli təhsil sənədi kimi tanınması ilə bağlı cavabdeh orqanın ona verdiyi imtinadan narazı qaldığı təqdirdə müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2638/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-868/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-868/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver