Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-868/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nurİddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi (və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, pensiyaya çıxdıqdan sonra fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.m .2.2.3; 34.1.). İddianın əsaslarına görə iddiaçı hərbi qulluqçu kimi yaşa görə ona pensiya təyin edildikdən sonra, işləməkdə davam etmiş, 6 ildən çox işləmişdir. Onun hal- hazırda fərdi hesabının sığorta hissəsində toplanan istifadə edilməyən pensiya kapitalı mövcuddur. O, cavabdeh orqana müraciət edərək həmin pensiya kapitalını nəzərə alaraq, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, lakin sonuncunın 23 iyun 2021-ci il tarixdə aldığı cavab məktubu ilə onun ərizəsi təmin edilməmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, onun sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüquq vardır, lakin bu zaman dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək . odur ki, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ona ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablapnması üçün yaşadığı ərazi üzrə DSMF-nin aidiyyəti filialına müraciət edə bilər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanununun 9cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Həmin Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nun aidiyyəti rayon şöbəsinə müraciət etməlidir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Nurİddiaçı pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təmnat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na, ”Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.6, 22.4-cü maddələrinə istinadən,aşağıdakılarla əsaslandırılmışdır. “...Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir.Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maşları, xidməti illərinə görə faiz əlavəsi və s., ümumilikdə, təminat xərcliyini təşkil edir. Daha sonra, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 29-ci maddələrinin tələblərini qeyd etdikdən sonra bildirir ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir:
1. Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ;
2. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. Həmin Qanunun 9-cu maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanlar baxımından, iddiaçıya Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İsgəndərova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Ə.Nurməmmədov, 07.04.2022-ci il tarixində elektron üsulla məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılıb birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” İddiaçının iş materiallarında olan pensiya işinə dair sənədlərə və əmək kitabçasının surətinə əsasən görünür ki, iddiaçıya, ilk öncə 17.06.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan Müdafiə Nazirliyinin 22.07.2014-cü il tarixli məlumat vərəqinə əsasən cavabdehin 01.08.2014-cü il tarixində ona 01.01.2014-cü il tarixindən hərbi qulluqçu kimi 476.78 manat məbləğində pensiya təyin edilmiş, lakin o, hərbi xidmətdən sonra da əmək fəaliyyətini davam etdirmiş, 2014-2021-ci illərdə 6 ildən də artıq olan müddət ərzində "xxxx" ASC-də işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. İşin 2-31-ci vərəqlərində olan «Sosial Arayışdan» görünür ki, iddiaçı hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra "xxxx" ASC-də işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqları ödənilmiş və onun fərdi hesabının sığorta hissəsində 9.383,85 manat məbləğində pensiya kapitalı yığılmışdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən “yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.” Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra, iddiaçı onun fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olduğunu sübuta yetirilir (İPM m.14.3). Belə olan halda, cavabdeh tərəfindən onun pensiyasının yenidən hesablanmasından imtina olunması qanunsuz olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulamaqla, əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2021 saylı, 04.11.2021-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Elmira Nağıyeva