Məhkəmə qərarları › İş №2-1(103)-868/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-868/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-868/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti və "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10552/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti və "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yaşayan sakinlərdir. İddiaçıların yaşadığı ərazidə hündürmərtəbəli, çoxmənzilli bina tikmək üçün Bakı şəhər İcra Hakimiyyətindən sərəncam almış şirkət illərdir ki, heç bir iş görməməklə yanaşı, onların həyatını çox ağır vəziyyətə salmış, onları antisanitar və təhlükəli vəziyyətə yaşamağa düçar etmişdir. Belə ki, "xxxx" MMC-yə Yasamal rayonu, H.Çavid küçəsi, 558- 566-ci məhəllələrdə 1.7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamla icazə verilmişdir. Bu sərəncam iddiaçıların maraqlarına birbaşa toxunur, çünki sərəncamla əhatə olunan 558-566-ci məhəllələr H.Cavid küçəsi ilə yanaşı, həmçinin iddiaçıların yaşadığı Şəfayət Mehdiyev küçəsinin 83/39 evini də əhatə edir. Həmin sərəncamla ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Buna baxmayaraq, "xxxx" MMC həmin sərəncamda ona aid edilmiş öhdəlikləri yerinə yetirmir. Halbuki sərəncam 20 ilə yaxındır ki, verilmişdir. Sərəncamda həmçinin birmənalı olaraq yazılmışdır ki, əgər "xxxx" MMC sərəncamla ona aid edilmiş vəzifələri yerinə yetirməsə, onun ləğv edilməsi məsələsinə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılacaq. Lakin "xxxx" MMC sərəncamın tələblərini yerinə yetirmədiyinə görə sakinlərin vəziyyəti dözülməz hala gəlmişdir. Uzun illərdir ki, iddiaçılar mənzillərinin tezliklə sökülərək və müqabilində onlara qanunla nəzərdə tutulmuş ədalətli kompensasiya, yəni sökülən evlərinin dəyəri, yaxud müasir tələblərə cavab verən mənzil veriləcəyini gözləməkdədirlər. Lakin "xxxx" MMC tərəfindən heç bir hərəkət edilmir, iddiaçılara heç nə təklif edilmir. Bu müddət ərzində iddiaçıların evləri yararsız hala düşüb, onu təmir edə bilmirlər, söküntüyə məruz qalacaq sahədə antisanitar və sağlamlıqları üçün təhlükəli vəziyyət yaranmışdır. Hər dəfə güclü külək əsəndə, yaxud yağış yağanda hər hansı qəzanın baş verəcəyi qorxusu ilə üzləşirlər. Göründüyü kimi, çıxılmaz vəziyyətdə qalmışlar - nə evlərini təmir edib həyəti abadlaşdıra bilirlər, nə də sökülməli olan evlərin söküntüsü "xxxx" MMC-nin məsuliyyətsizliyi səbəbindən həyata keçirilmir ki, iddiaçılar özlərinə normal vəziyyətdə olan yeni mənzil ala bilsinlər. Belə olan vəziyyətdə iddiaçılar hesab edirlər ki, sərəncamı vermiş və onu ləğv etməyə də səlahiyyəti olan dövlət orqam kimi Bakı şəhər İcra Hakimiyyətinin bu məsələyə müdaxiləsi zərurəti yaranıb. Əks təqdirdə iddiaçılar hələ uzun müddət həyatlarına və sağlamlıqlarına təhlükə yaradan belə acınacaqlı vəziyyətdə qalmalı olacaqlar. "xxxx" MMC-nin bu vəziyyəti aradan qaldırmaq üçün hər hansı real iş görmək iqtidarında olmadığı da iddiaçılara məlumdur. Belə ki, iddiaçıların aldığı məlumatlara görə həmin şirkət müflis vəziyyətdədir, ona rəhbərlik edən şəxs vəfat edib, sahibi və rəhbəri olmuş X1 dələduzluq, özü də eyni mənzili bir neçə şəxsə satmaqla törədilmiş cinayətə görə məsuliyyətə cəlb olunub, onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır, özünün əvəzinə indi qardaşı Zülfuqarı direktor təyin edib, şirkətin əvvəlki direktoru olmuş Ramiz Qazaxlı adlı şəxs də belə cinayətə görə həbs edilmişdi. Hazırda Mübarizin qardaşı Zülfüqarın da belə əməllər törətməsi barədə məlumatlar eşidirlər. "xxxx" MMC uzun illər ərzində sərəncamla üzərinə qoyulan öhdəlikləri yerinə yetirmədiyi üçün bundan sonra da külli miqdar maliyyə vəsaiti tələb edən bina tikintisi işlərini həyata keçirmək və sakinlərin köçürülməsini təmin etmək iqtidarında deyil. Hazırda həmin ərazidə, yəni 558-566-cı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0.89 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 204 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmışdır. Bu şirkət tərəfindən sərəncamın icrası ilə bağlı sakinlərlə tez-tez görüşlər keçirilir, qarşıya çıxan məsələlər operativ surətdə həll edilir, sakinlərin köçürülməsi ilə bağlı veriləcək kompensasiya barədə sakinləri də qane edən razılıqlar əldə edilmişdir, həmin MMC-yə qarşı sakinlərin heç bir iradı olmamışdır. İddiaçılar və digər sakinlər tərəfindən Sərəncamın ləğvi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə şikayətlə, sonradan şikayətə əlavə ilə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət edilmiş, lakin hal-hazıradək məktublara heç bir münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)-10552/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırda şikayət verilən qərardadla iddia ərizəsini mümkün hesab etməməklə, iddiaçıların yaşadığı ərazidə hündürmərtəbəli, çoxmənzilli bina tikmək üçün Bakı şəhər İcra Hakimiyyətindən sərəncam almış şirkətin illərdir ki, heç bir iş görməməklə yanaşı, onların həyatını çox ağır vəziyyətə salmasına, onları antisanitar və təhlükəli vəziyyətə yaşamağa düçar etməsinə göz yummuşdur. Məhkəmə iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqlarının olmadığını qeyd edərək 2 “əsas”a istinad edir: 1) sərəncamla əhatə olunan 558-566-ci məhəllələrin H.Cavid küçəsi ilə yanaşı, həmçinin iddiaçıların yaşadığı Şəfayət Mehdiyev küçəsinin 83/39 saylı evi ilə kəsişməsi halı iddiaçılara sərəncamın mübahisələndirilməsinə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olduğuna, yəni onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına əsas vermir; 2) Bundan əlavə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ş.Mehdiyev küçəsi, ev 83/39 nömrəli ünvanın yaşayış binasının tikintisi üçün icarəyə verilən H.Cavid prospektinə heç bir aidiyyatı yoxdur. 1-ci “əsas”la bağlı qeyd edilməlidir ki, mübahisələndirilən sərəncam iddiaçıların maraqlarına birbaşa toxunur, çünki sərəncamla əhatə olunan 558-566-ci məhəllələr H.Cavid küçəsi ilə yanaşı, həmçinin iddiaçıların yaşadığı Şəfayət Mehdiyev küçəsinin 83/39 evini də əhatə edir. Sərəncam almış şirkət illərdir ki, heç bir iş görməməklə yanaşı, iddiaçıların həyatını çox ağır vəziyyətə salmış, onları antisanitar və təhlükəli vəziyyətə yaşamağa düçar etmişdir. 2-ci “əsas”la bağlı qeyd edilməlidir ki, məhkəmə yalnız 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilənləri əsas götürməklə bu qənaətə gəlmişdir. Həmin Arayışda qeyd olunmuşdur ki, Yasamal rayonu 21 saylı MKİS-in inzibati ərazisində yerləşən Ş.Mehdiyev küçəsi, ev 83/39 nömrəli ünvanın H.Cavid prospektinə heç bir aidiyyatı yoxdur. Halbuki, bu məsələ yalnız Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışla müəyyən edilə bilən məsələ deyil. Məhkəmə isə yalnız həmin arayışda qeyd edilənlərlə kifayətlənmişdir. Məhkəmə qanunvericilik aktlarına istinad etməklə, həmçinin iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd edir. Lakin məhkəmə nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçıların Sərəncamın verilməsindən uzun müddətdir ki, məlmatlarının olmaması dəfələrlə məhkəməyə bildirilmiş və iş üzrə əksi sübut edilməmişdir. Bütün bunlarla məhkəmə iddiaçıların iş üzrə mübahisələndirilən sərəncamın iddiaçıların maraqlarına birbaşa toxunması halını araşdırma predmetinə çevirməmiş, sözügedən sərəncam qüvvədə qalacağı təqdirdə iddiaçı sakinlərin hansı çətinliklərlə üzləşməyə davam edəcəklərini nəzərə almamışdır. İddiaçılar mənzillərinin tezliklə sökülərək və müqabilində onlara qanunla nəzərdə tutulmuş ədalətli kompensasiya, yəni sökülən evlərinin dəyəri, yaxud müasir tələblərə cavab verən mənzil veriləcəyini gözləməkdədirlər. Lakin "xxxx" MMC tərəfindən heç bir hərəkət edilmir, iddiaçılara heç nə təklif edilmir. İddiaçıların evləri yararsız hala düşüb, onu təmir edə bilmirlər, söküntüyə məruz qalacaq sahədə antisanitar və sağlamlıqları üçün təhlükəli vəziyyət yaranmışdır. Hər dəfə güclü külək əsəndə, yaxud yağış yağanda hər hansı qəzanın baş verəcəyi qorxusu ilə üzləşirlər. İddiaçılar çıxılmaz vəziyyətdə qalmışlar - nə evlərini təmir edib həyəti abadlaşdıra bilirlər, nə də sökülməli olan evlərin söküntüsü "xxxx" MMC-nin məsuliyyətsizliyi səbəbindən həyata keçirilmir ki, iddiaçılar özlərinə normal vəziyyətdə olan yeni mənzil ala bilsinlər. Belə olan vəziyyətdə iddiaçılar hesab edirlər ki, sərəncamı vermiş və onu ləğv etməyə də səlahiyyəti olan dövlət orqanı kimi Bakı şəhər İcra Hakimiyyətinin bu məsələyə müdaxiləsi zərurəti yaranmışdır. Əks təqdirdə iddiaçılar hələ uzun müddət həyatlarına və sağlamlıqlarına təhlükə yaradan belə acınacaqlı vəziyyətdə qalmalı olacaqlar. "xxxx" MMC-nin bu vəziyyəti aradan qaldırmaq üçün hər hansı real iş görmək iqtidarında olmadığı da iddiaçılara məlumdur. Belə ki, iddiaçıların aldığı məlumatlara görə həmin şirkət müflis vəziyyətdədir, ona rəhbərlik edən şəxs vəfat edib, sahibi və rəhbəri olmuş X1 dələduzluq, özü də eyni mənzili bir neçə şəxsə satmaqla törədilmiş cinayətə görə məsuliyyətə cəlb olunub, onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır, özünün əvəzinə indi qardaşı Zülfüqarı direktor təyin edib, şirkətin əvvəlki direktoru olmuş Ramiz Qazaxlı adlı şəxs də belə cinayətə görə həbs edilmişdi. "xxxx" MMC uzun illər ərzində sərəncamla üzərinə qoyulan öhdəlikləri yerinə yetirmədiyi üçün bundan sonra da külli miqdar maliyyə vəsaiti tələb edən bina tikintisi işlərini həyata keçirmək və sakinlərin köçürülməsini təmin etmək iqtidarında deyil. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan qeyd edilən bütün faktiki halları aydınlaşdırmamışdır. Mübahisələndirilən sərəncamın iddiaçılara məlum olması halı sübut edilməmiş olsa da, məhkəmə bunu sübut edilmiş hal kimi qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Sərəncamda nəzərdə tutulan ünvanın iddiaçı sakinlərin yaşadığı ünvana aidiyyəti olub-olmaması məsələsi Mənzil İstismar Sahəsinin arayışı ilə müəyyən edilə bilməz. Həmçinin Sərəncam verilən tarixdən iddiaçıların Sərəncamın mövcudluğundan məlumatının olub-olmaması məsələsini araşdırmadan, məhkəmə iddiaçıların Sərəncamın mövcudluğundan Sərəncam verilən tarixdən məlumatlarının olmasını sübut edilmiş hal kimi qəbul etmişdir. Göründüyü kimi, iş üçün əhəmiyyəti olan hallar lazımi qaydada sübut edilmədiyi halda, məhkəmə həmin hallara müəyyən edilmiş fakt kimi istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun hesab edilə bilməz. İşin halları iddia ərizəsinin mümkün hesab edilməməsinə əsas vermirdi, iddiaçıların hüquqlarının daha da məhdudlaşdırılması ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan sənədlərdən görünür ki, “Yaşayış binasının layihələşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 324/d saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə 1,7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin MMC-yə icazə verilmişdir. 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Yasamal rayonu 21 saylı MKİS-in inzibati ərazisində yerləşən Ş.Mehdiyev küçəsi, ev 83/39 nömrəli ünvanın H.Cavid prospektinə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi, mübahisələndirilən sərəncamla Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə 1,7 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" MMC-yə icazə verilmişdir. Lakin iddiaçıların yaşadığı Ş.Mehdiyev küçəsi, ev 83/39 nömrəli ünvanın yaşayış binasının tikintisi üçün icarəyə verilən H.Cavid prospektinə heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Eyni zamanda, iddiaçılar cavabdehin xx.xx.2005-ci il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi sərəncam 2005-ci ildə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edilməsindən 24 ildən çox müddət keçmişdir. İddiaçılar isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Göründüyü kimi, iddiaçılar hazırda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddiaçılar tərəfindən həm cavabdehin mübahisələndirilən sərəncamı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Beləliklə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10552/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar