Məhkəmə qərarları › İş №2-1(103)-869/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-869/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-869/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun (01 yanvar 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən) 29.01.20019cu il tarixdən tanınaraq təyin edilməsi eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin ediməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir, lakin müraciətinə imtina cavabı verilmişdir. xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. 25 avqust 1984-cü ildə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 17 aprel 1985-ci il tarixdə hərbi xidmətə getmişdir. Hərbi xidmətini SSRİ SQdə (Hərbi Dəniz Qüvvələrində) keçirmişəm (3 il 3 ay 6 gün). 06 iyul 1988-ci ildə (hərbi xidmətdən ləxris olunduqdan sonra) Bakı Neft texnikumunda təhsilini davam etdirmişdir (2 il 6 ay 24 gün). 26.06.1990-cı ildən 01.06.2007-ci ilədək Neft Daşları NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sexində Nasos qurğularının maşinisti peşəsində işləmişdir (16 il 11 ay 5 gün). Ümumi iş stajı 22 il 9 ay 5 gün (onun 21 il 4 ay 5 gününü 10.01.2006-cı ilə qədər qazanmış). Ümumi stajının 16 il 11 ay 5 gün əmək fəaliyyətinə dair 3 il 3 ay 6 günü hərbi xidmətdə olduğu müddətdə təhsilə dair isə 2 il 6 ay 24 gün təşkil edir. 01.01.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş sajı isə 15 il 6 ay 5 təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Fililala təqdim etdiyi arxiv arayışında 26.06.1990 - 01.06.2007- ci illər ərzində “Neft Daşları”NQÇİ-də nasos qurğularının maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli İcmal Məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 53.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20.843,63 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etsə də şikayətin məzmununa əsasən müəyyən olunur ki, cavabdeh məhkəmənin qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmaqla iddianın həmin hissədə də təmin olunmamasını xahiş etmişdir. İddiaçı isə qərarı mübahisələndirməmişdir. Odur ki, hazırda kollegiya Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarını iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Notarial qaydada təsdiq edilmiş HТ-İ № 566423 nömrəli Diploma əsasən İddiaçı 1984-cü ildən 1990-cı ilədək Bakı Neft texnikumunun əyani şöbəsində təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 230 nömrəli 02.03.2021-ci il tarixli Arxiv Arayışına əsasən İddiaçı 25 avqust 1984-cü il tarixində 381 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 10 aprel 1985ci il tarixində 158 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 06 iyul 1988-ci il tarixində 392 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neftin və qazın nəql edilməsi və saxlanılınası" ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-mexanik" ixtisas dərəcəsi və HТ-İ № 566423 saylı diplom verilmişdir. ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 17.04.1985-ci il tarixdən 19.06.1988-ci tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 26.06.1990-cı il tarixdən 01.06.2007-ci il tarixədək “Neft Daşları”NQÇİ Neftin kompleks hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti peşəsində işləmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarında olan SOCAR “Azneft” İB “Neft Daşları”NQÇİ-nin 14.07.2021ci il tarixli Arxiv Arayışında göstərilmişdir: ““Neft Daşları”NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1990-2007-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 2007-ci il üçün T-2 formalı şəxsi vərəqədə, xx.xx.1967-ci il tarixdə anadan olmuş, İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdaki məlumatları mövcuddur: 26.06.1990-01.01.2006 “Neft Daşları”NQÇİ Neftin kompleks hazırlanması və nəqli sexi, Şifr 11 00000a-14259 Bölmə X, yarımbölmə 2a 1 №-li Siyahı üzrə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın X bölməsi, 2 yarımbölməsinin “a” bəndinə əsasən “Neft Daşları”NKHNS-də Nasos qurğularının maşinisti peşəsində 01.01.2006-cı ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı - 15 il 06ay 05 gün təşkil edir. Neftin kompleks hazırlanması və nəqli sexinin 4-cü dərəcəli nasos qurğularının maşinisti İddiaçı 01.06.2007-ci il tarixindən AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə işdən azad edilmişdir (01.06.2007-ci il 77-k № əmr)”. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanununun 1.0., 3.1, 4.1, 9.8-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9, 4.1.11-ci bəndlərini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndini, 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndini, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsini, 67-ci maddəsinin 1-ci bəndini, 67-ci maddəsinin 3-cü bəndinin “v” və “ğ” yarımbəndlərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nı tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən, İddiaçı əmək pensiyasının 29.01.2019-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vətəyin edilmiş pensiyanın 15.04.2021-ci il tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin, pensiyanın 29.01.2019-cu il tarixdən 15.04.2021-ci il tarixədək hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu O, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin SOCAR “Azneft” İB “Neft Daşları” NQÇİ-nin 14.07.2021-ci il tarixli arayışından göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçı hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 20 ildən artıq (21 il 02 ay 02 gün) ümumi iş stajına malik olduğundan və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mübahisələndirilən hissədində iddianı təmin etməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərar mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar