Məhkəmə qərarları › İş №2-1(103)-869/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-869/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-869/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10035/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı «məcburi vergi uçotuna alınma barədə qərarların ləğv edilməsi və hesablanmış vergi borclarının silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı QSC ilə vətəndaşlar X6, X7, X4, X8 arasında 2020-ci ildə bağlanmış müqavilələr əsasında həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı həyata keçirilmiş və müvafiq alış aktları ilə rəsmiləşdirilmişdir. İddiaçı QSC tərəfindən həyata keçirilmiş alqı-satqı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hesabatlar vergi orqanına təqdim olunmuşdur. Lakin, vergi orqanı tərəfindən yuxarıda adları qeyd olunan vətəndaşlar məcburi olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmış və alqı-satqı məbləğləri üzrə həmin vətəndaşlara vergilər hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyinə zidd olaraq məcburi vergi uçotuna alınma və vergi hesablanması nəticəsində adları qeyd olunan vətəndaşlar şirkətə gələrək narazılıqlarını kəskin formada bildirərək, onlara hesablanmış vergi məbləğinin şirkət tərəfindən ödənilməli olduğunu qeyd edirlər. Bütün bu mübahisələr zəminində şirkətə xeyli zərər dəymiş, kənd təsərrüfatı mallarının alınmasına mənfi təsir göstərmişdir. Belə ki, əhali artıq müqavilə ilə şirkətə məhsul satmaqdan çəkinir, pərakəndə satışa yönəlir, bununla da şirkətə xeyli zərər dəymiş olur. Bundan başqa, İddiaçı QSC kənd təsərrüfatı məhsullarının ixracı fəaliyyəti ilə məşğul olur. İxrac olunan məhsulların alış aktları tərtib olunmadığı təqdirdə qanunvericiliyin tələblərinə əsasən şirkət əldə etmədiyi mənfəətə görə də mənfəət vergisi ödəmək məcburiyyətində olur. Hazırkı vəziyyət kənd təsərrüfatı məhsullarını şirkətə satan şəxslərdə qorxu yaratdığı üçün, həmin şəxslər öz istehsal etdikləri məhsulları yalnız sənədsiz (alış aktı olmadan) satmağa üstünlük verirlər. Bu da sahibkarlıq fəaliyyəti sahəsində böyük çətinliklər yaradır. Ona görə də adları qeyd olunan şəxslərin vergi ödəyicisi olaraq məcburi şəkildə vergi uçotuna alınmaları və onlara əsassız əlavə vergilərin hesablanması şirkətin sahibkarlıq fəaliyyətini həyata keçirməsində ciddi maneələr yaratdığından, həmin şəxslərin hüquqlarının həyata keçirilməsində şirkətin maraqlarına daxildir. Adları qeyd olunan şəxslərdə vergi uçotuna alınmaları ilə bağlı (pinkod paket) heç bir məlumat yoxdur, sadəcə müəyyən vaxtlarıda hər birinə ölkədən çıxış hüquqlarının məhdudlaşdırılması ilə bağlı məktublar gəlmişdir. Ona görə də onlara hesablanmış vergilərə dair inzibati aktların şirkət tərəfindən əldə olunması mümkün olmamışdır. Bundan başqa, hazırda həmin şəxslər onlara hesablanmış vergilərin şirkət tərəfindən ödənilməsini kəskin şəkildə tələb etdikləri üçün, şirkətlə heç bir ünsiyyətə daxil olmaq istəmirlər və onlara əsassız vergilərin hesablanmasında şirkəti günahkar gördükləri üçün aqressiv münasibət göstərirlər. Bununla bağlı şirkət tərəfindən Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə 23 avqust 2021-ci tarixdə müraciət edilmiş, lakin şikayətə baxılması haqqında cavabdeh tərəfindən göndərilmiş məktubda müraciətdə qeyd edilən bəzi məlumatların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı göstərilməklə şikayət təmin olunmamışdır. Bu səbəbdən də mübahisələndirilməsi məhz zəruri olan məsuliyyət müəyyən edən qərarlar QSC-yə təqdim edilmədiyindən, yalnız bəzi sənədləri məhkəməyə təqdim edilmir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən adları qeyd olunan şəxslərə əsassız vergilərin hesablanması, həmin şəxslərə vergilərin hesablanması barədə qərarların təqdim olunmaması, maraqlı tərəf olaraq şirkət tərəfindən vergilərin hesablanmasına dair qərarların tələb olunmasına baxmayaraq təqdim olunmaması hesab edilir ki, şirkət ilə məhsul satan şəxslər arasında konflikt yaranmasına səbəb olmaqla, qərəzli mövqe göstəricisidir. Çünki, qanunvericiliyin tələblərinə əsasən alış aktı tərtib olunubsa və həmin məhsullar vergidən azaddırsa, qanunsuz vergilərin hesablanmasında başqa məqsəd barədə düşünmək mümkün deyildir. Hesab olunur ki, iddiaçının məcburi uçota alınması prosesi özü qanuna ziddir və beləliklə hesablanmış bütün vergilər əsassızdır və silinməlidir. Belə ki, «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu ilə bağlı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddırlar. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Belə ki, bu halda gəlir vergisi ödəmə mənbəyində alıcı vergi ödəyicisi tərəfindən tutulur, bildiriş üzrə isə vergi orqanı tərəfindən hesablanır. Bununla da əlavə olaraq Vergi Məcəlləsinin 5-ci maddəsinin tələbləri pozulur. Həmin maddəyə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: (5.0.1) bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); (5.0.2) bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); (5.0.3) Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmçinin vergilər vergi orqanı tərəfindən vergi ödəyicisi qeydiyyata alındığı tarixdən əvvəlki dövrlərə hesablanır ki, bunu da qanunsuz hesab edilir. Qeyd olunan hal üzrə Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə uyğun olaraq vətəndaşların malları təqdim etdiyim şəxs, yəni iddiaçı tərəfindən bilavasitə mənbədən vergi tutulmasına baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən də bəyənnamə üzrə vergi hesablamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, kənd təsərrüfatı məhsulları satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satıs həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 73.2, 127-ci maddələrinə, Vergi Məcəlləsinin 3.5, 3.11, 12.3, 13.2.16, 36.2, 71-2.1, 101.6, 150.1.14-cü maddələrinə, Azərbaycan Respublikası MPM-in 59.1-ci maddəsinə, İPM-in 2.2.1, 8.1.2, 13, 32, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən X6, X7 və X1 məcburi vergi uçota alınmalarına dair qərarların ləğv edilməsi və onlara hesablanmış əsassız vergilərin silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10035/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardad qanunvericilik baxımından düzgün əsaslandırılmamış və buna görə də yanlış nəticəyə varılmışdır. Belə ki, məhkəmə tövsiyyə xarakterli olan müvafiq Plenum qərarına istinad etmişdir, halbuki İnzibati Prosessual Məcəlləsi bu məcəllə ilə tənzimlənməyən halların Mülki Prosessual Məcəlləsi ilə tənzimlənməli olduğunu imperativ norma ilə qeyd etmişdir. Mülki Prosessual Məcəllənin müvafiq maddəsi isə 3-cü şəxslərin mənafeyi naminə məhkəmədə mübahisə açmaq hüququ verir. Bundan əlavə subyektiv hüquqla bağlı hissədə hesab edirlər ki, məhkəmə düzgün yanaşma sərgiləməmişdir. Belə ki, vergi məsuliyyətinin müəyyən olunması məhz iddia tələbinin əsasında qeyd olunan şəxslərlə onlar arasında bağlanmış alqı-satqı müqavilələri əsasında baş vermişdir ki, bu məhz onların hüquqlarına da zərər yetirir. Beləki, kənd məhsulu istehsalçıları iddiaçıya malının təqdim edilməsini əsassız vergi məsuliyyəti ilə nəticələnəcəyini artıq güman edir və iddiaçıya mal satışından imtina edirlər. Yaxud da qeyri rəsmi satışa üstünlük verillər ki, bu da onların vergi mükəlləfiyətlərinə ziddir və belə olan halda şirkət külli miqdarda gəlirdən məhrum olunmuş olur. Qərardan da görünür ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddiatələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmək hesab edirəm ki, bu halda tam əsassızdır. Beləki, məsuliyyət qərarları məhz şirkətlə alqı-satqı müqaviləsi bağlamış şəxslər barəsində və məhz həmin alqı-satqı müqaviləsi əsasında müəyyən edilmişdir. Belə halların olması demək digər vətəndaşların da öz məhsulunu iddiaçıya satmasından çəkindirmək deməkdir ki, bu da məhz birbaşa onların hüquqlarını pozur. Belə olan halda birbaşa subyektiv hüququnun olması göz qabağındadır. Qeyd edilən imperativ normadan görünür ki, subyekt olaraq iddiaçının hazırki iddia tələbini qaldırmağa tam olaraq hüququ mövcuddur, beləki, bununla bağlı birbaşa Məcəllə ilə tənzimlənən impertiv norma mövcuddur. Və bunun əksini deyən Konstitusiya Məhkəməsinin Plenumunun nə qərarı nə də zəruri Məcəllələrdə bir norma mövcud deyildir. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun istinad edilən qərarı burada qeyd edilən İPM və MPM-lərinə zidd olmamalıdır.Hər hansı ziddiyyət mövcuddursa burada qanunla tənzimlənən norma daha üstün qvvəyə malik olmalıdır. Bu da işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: - (15.1.7) vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; - (15.1.9) müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 34.6-cı maddəsinə görə hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddiasında İddiaçı QSC başqa şəxslərə münasibətdə cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktlarını və hərəkətlərini mübahisələndirir. Hansı ki, həmin qərarlar və hərəkətlərin hüquqi nəticələri ünvanlandığı şəxslər üçün mövcuddur, müstəqil hüquqi şəxs kimi hazırkı iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yoxdur. Həmin qərarların və hərəkətlərin mübahisələndirilməsi hüququ yalnız onların ünvanlandığı şəxslərə mənsubdur. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər İddiaçı QSC-nin başqa şəxslərə münasibətdə cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktlarını və hərəkətlərini mübahisələndirmək üçün subyektiv hüquq yaratmır. Yəni bir halda ki, həmin qərarlar və hərəkətlərin hüquqi nəticələri ünvanlandığı şəxslərin bu qərarlar və hərəkətlərlə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanı var, bu hüquqi imkanı iddiaçının realizə etməsi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə kollegiya hesab edir ki, İddiaçı QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, iddia mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10035/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar