Məhkəmə qərarları › İş №2-1(103)-869/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-869/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-869/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialı) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 2675/2024 saylı qərarından üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında Sulutəpə yaşayış sahəsində torpaq sahəsi ayrılmışdır. Həmin sahə hasara alınmış, yaşıllıq salınmış, 1 mərtəbəli tikili inşa edilmişdir. Həmin sahənin ətrafı da yaşayış sahələridir. Torpaq sahəsi uzun illərdir ki iddiaçının qanuni istifadəsindədir və həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina verilmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən həmin torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və istinad məsafələri qeyd edilmədiyindən həmin sahəyə aid olması müəyyən edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Saziş hüdudları daxilində və ləğv olunmuş neftqaz quyusunun 54 metrlik məsafəsində mühafizə zonasında yerləşir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddia rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-2675/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, Binəqədi Rayon İcra Hakimiyyətinin 23 oktyabr 2000-ci il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Qərardan narazı qalan üçüncü şəxs “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ayrılmış və hazırki iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsi olmaqla, məlum “X9 haqqında” saziş (bundan sonra “Saziş”) üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X10” şirkətinin (Azərbaycan Respublikasındakı filialı) qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. “X10” şirkəti hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşğul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almış “X9 haqqında” Saziş üzrə ona Dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləşən mübahisəli toraq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. X12 tərəfindən ona verilmiş hüquq və təminatlar əsasında mübahisəli torpaq sahəsində konrakt müddəti ərzində istənilən vaxt neft-qaz əməliyyatlarını həyata keçirə bilər. Lakin, iddiaçının qeyriqanuni özbaşına tikili inşa etməsi və bu tikilidə yaşaması, habelə həmin hüquqların Dövlət qeydiyyatına alınması Şirkətin yuxarıda göstərilən hüquq və təminatlarını pozur, Dövlət qarşısında üzərinə götürdüyü öhdəliklərinin məhdudlaşdırılmasına məruz qalır. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd edir ki, “iddia olunan torpaq sahəsinin ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz”. Məhkəmənin hazırki mövqeyi ilə razı deyillər. Belə ki, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İşə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin göründüyü kimi Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilikdə müəyyən edilmiş qaydada, ayrılan və ya əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işləri və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq qadağandır. İş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən zəruri cəlbetməyə dair qərardad qəbul edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin zəruri olaraq cəlb edilməsinə dair qərardad qəbul edilsə də, bu formal xarakter daşımış, faktiki olaraq üçüncü şəxsin məhkəmədə iddiaya münasibəti nəzərə alınmamışdır. Belə ki, sözügedən torpaq sahəsi “Binəqədi Oyl” ƏŞ-nin Saziş ərazisinin hüdudları və 160450 nömrəli ləğv olunmuş neft-qaz quyusunun 54 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh inzibati orqan isə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron məhkəmə kabineti vasitəsilə vəsatətlə məhkəməyə müraciət olunaraq eyni vaxtda başqa bir işlə bağlı yerində baxış iclasında iştirak edəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - 01 avqust 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. - Yerli icra hakimiyyəti orqanının 23 oktyabr 2000-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsində iddiaçının adına 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Yerləşmə cizgisindən görünür ki, ayrılmış torpaq sahəsinin yerləşmə yeri və ölçüsü yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. - Cavabdehin 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sənəd üzrə sahə 600 kv.m, faktiki 750 kv.m sahədir və sahənin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi OYL) olmaqla geri alınması barədə məlumat mövcud deyildir. - Ortofoto görüntüsündən görünür ki, Dövlət Neft Şirkətinin ərazisi kimi göstərilən yerin ətrafı yaşayış sahələri ilə əhatə olunmuşdur. - Cavabdehin 27 fevral 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş ortofotodan və digər aidiyyəti sənədlərdən görünür ki, torpaq sahəsinin ətrafında X1 adına fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Eləcə də, əmlak kompleksi kimi müəssisə və yerləşdiyi torpaq sahəsi "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin adına ilkin hüquqmüəyyənedici sənəd cavabdehin üst qurumu olan Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədir. Digər fərdi yaşayış evi və torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi isə iddiaçıda olduğu kimi Binəqədi Rayon İcra Hakimiyyətinin torpaq ayırma sərəncamıdır. - Müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır və 1 mərtəbəli tikililər mövcuddur. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Binəqədi rayonu, Sulu- Təpə qəsəbəsində ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, təqdim edilmiş yerləşmə çizgisində dəqiq istinad və istinad məsafələri qeyd edilmədiyindən həmin sahəyə aid olması müəyyən edilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, istinad olunan sərəncamdan da göründüyü kimi iddia olunan torpaq sahəsi sərəncam əsasında və yerləşmə cizgisi əsasında iddiaçıya ayrılmışdır ki, həmin sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsi “X10” şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Çünki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlətdaxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi “X10” şirkətinin torpağı olsa da, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqəsi torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Bu səbəbdən də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal imtina kimi qiymətləndirilə bilməz. Torpaq sahəsinin təqdim olunmuş cizgisindən məlum olur ki, sahənin bir tərəfi yola sərhəddir, digər tərəf qonşu torpaq sahələri ilə həmsərhəddir, eləcə də yaxınlıqdakı yol kəsişməsindən bağın döngə nöqtələrinin məsafəsi müəyyəndir. Torpaq sahəsinin cizgisində sahənin künc nöqtələrinin məlum yoldan hansı məsafədə yerləşməsi aydın göründüyü halda, onun yerinin müəyyən edilməsi üçün əlavə istinad və məsafələrin təqdim olunması zəruri deyil. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərqin mövcud olduğuna istinad etmişdir. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçının qonşuluğunda və ətrafında Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, Saziş hüdudları daxilində olan və neft quyusunun mühafizə zolağında olan digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrindən birinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi yerli icra hakimiyyəti orqanının sərəncamıdır. Digər şəxsin adına olan hüququn qeydiyyatı isə cavabdehin üst qurumu tərəfindən verilmiş hüquqmüəyyənedici sənəddir. Nə qədər ki, cavabdeh yerli icra hakimiyyəti orqanının digər bir sərəncamı əsasında, eləcə də üst qurumu tərəfindən mötəbərliyi hər hansı şübhə doğurmayan şəhadətnamə əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in 23 oktyabr 2000-ci il tarixli 1608 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu- Təpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşmədiyindən və bu sahədə yerləşmə cizgisində mövcud olan uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır. Mövcud formalaşmış məhkəmə, o cümlədən yuxarı instansiya məhkəmə qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi də istinad və məsafələrlə, o cümlədən yerləşmə cizgisində olan uyğunsuzluqla bağlı imtinanın qanuniliyini istisna etməkdədir (2- 1(102)-1453/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)- 124/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)-683/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-932/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar və digər aidiyyəti qərarlar). Bundan başqa, iddia olunan torpaq sahəsinin Saziş hüdudları daxilində və ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Lakin torpaq sahəsinin ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi (hazırki halda ləğv olunmuş quyular) obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Mühafizə zonası və Saziş hüdudu olması ilə bağlı, əlavə olaraq o da qeyd edilməlidir ki, ortofoto görüntüsündən görünür ki, ərazi kütləvi formada yaşayış salınmış, ən kiçik tikililərdən biri elə iddiaçının tikilisi olan, faktiki yaşayış məntəqələri kateqoriyası kimi istifadə edilən ərazidir. Üçüncü şəxslər tərəfindən iddiaçının hüquqmüəyyənedici sənədi mübahisələndirilməmiş, ümumi ərazinin, eləcə də, iddiaçının ərazisindən yaşayış sahəsi və ya neft -qaz əməliyyatları ilə bağlı olmayan ərazi kimi istifadəsinə hər hansı maneə yaradılmamışdır. Odur ki, uzun illərdir istifadədə olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququ olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, “mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 nömrəli sərəncamına əsaslanır. Həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur”. 2-1(102)-1608/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2- 1(102)-263/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, da oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. “X2 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələrinə mülkiyyət hüququ başqa şəxslərin adlarına Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə iddiaçının qanuni istifadəsində olan topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyildir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxslər “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-2675/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar