Məhkəmə qərarları › İş №2-1(103)-87/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-87/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-87/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-209/2018 saylı, 05 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı, “cavabdehin iddiaçıya qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “xxxx” MMC-nə qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Azərbaycan Respublikasına idxal olunmuş qızıl məmulatlarının xaricə aparılıb təmir etdirərək, təkrar ölkəyə idxalını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumunu ödəyir. 2017-ci ilin iyul ayının əvvəllərində AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı “xxxx” MMC-nin rəhbəri Zahid Əlizadəyə zəng edərək, “xxxx” MMC-nin 100 000 manatdan çox gömrük borcu olduğunu, həmin borcu təcili ödəməli olduğunu bildirmişdir. “xxxx” MMCnin rəhbərliyi məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək, MMCnin gömrük borcunun hansı əsasa görə yaranması və bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən “xxxx”xxxx“Şirkətiniz vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir. “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli 34 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilməlidir. Ümumən 2016 və 2017-ci illər üzrə ödənilməmiş gömrük borcu 119456.87 manat təşkil edir. Müddət nəzərə alınmaqla gömrük borcunun 60 (altmış) günədək ödənilməsinin Sizin tərəfinizdən təmin olunması xahiş edilir. Əks halda AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən məsuliyyət daşıyırsınız”. “xxxx” MMC AR Dövlət Gömrük Komitəsinə müraciət edərək, barələrində hesablanmış 2016 və 2017-ci illər üzrə ödənilməmiş 119456.87 manat gömrük borcuna dair qərarın onlara təqdim olunmasını xahiş etmişdir. Lakin Gömrük Komitəsi heç bir qərar təqdim etmədən, 119458.87 manat gömrük borcunun ödənilməsini onlardan tələb etmişdir. Hesab edirlər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkəti qanunsuzdur və Gömrük İdarəsi qanunsuz və əsassız olaraq, heç bir rəsmi qərar qəbul etmədən “xxxx” MMC-ni 119458.87 manat gömrük borcunu ödəməyə məcbur edir. Belə ki, 2016-cı və 2017-ci illər ərzində “xxxx” MMC Azərbaycan Respublikasından xaricə müvəqqəti ixraca apardığı qızıl məmulatlarını gömrük əməkdaşları təqdim olunan bəyənamələri təsdiq edərək xaricə buraxıblar. 2016-cı ildən bugünə kimi onlar qızılı Türkiyə Respublikasına müvəqqəti ixraca aparıb gətirmişlər, təqdim etdikləri bəyannamələrə əsasən bütün rüsumları və ödənişləri ödəmişdirlər. Lakin indi onlara gömrük borclarının olduğu bildirilir. Təkrar emala aparılan mala aksiz rüsumu var idisə, gömrük əməkdaşları bu iki il ərzində niyə təqdim olunan bəyamnamələri qəbul edib rüsumu ödəmədən malı buraxırdılar? Bu gömrük əməkdaşı məsuliyyətsizliyidir yoxsa nə? Əgər varsa onda onun diqqətsizliyi nəticəsində onlar niyə əziyyət çəkməli və bugün belə böyük məbləğdə borca düşməlidirlər. Əgər diqqətsizliyi edən işçidirsə və ona həvalə edilən işin öhdəsindən gələ bilmirsə məsuliyyəti də o daşımalıdır. Onlara deyirlər ki, bəyanmalərdə aksiz göstərilməyib, əgər onların diqqətindən yayınıbsa bəs gömrük əməkdaşının diqqətindən niyə yayınıb. Dəfələrlə olub ki, hərf səhvinə və ya hər hansı bir xırda qüsura görə, bəyannaməni geri qaytarıblar, yük saxlanılıb və ya bəyamnamə ləğv olunub. Bu barədə hava limanında kameralarda da yəqin öz əksini tapıb, daha sonra biletləri yanıb, malları geri qaytarılıb. Digər məsələ məktubda qeyd olunan “Şirkətiniz vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək, və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir.” Onlar qızıl-zinyət əşyalarını vətəndaşlardan satın almırlar, onların sifarişi ilə qızıllarını təkrar emala aparırlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8-ci maddəsinə əsasən, gömrük orqanlarının vəzifələri gömrük əməkdaşlarının mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi halları göstərilib. Azərbaycan Respublikasının qanunvericiliyində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilən mallar üçün gömrük rüsumları və vergilərin ödənilməsi nəzərdə tutulduqda, həmin mallar bu Qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilir. 1 (bir) il müddətində təkrar idxal olunması şərtilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, gömrük ərazisindən kənarda istifadə olunur. Müvəqqəti ixrac müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda, müvəqqəti ixrac edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. Onların gömrük bəyannamələrində də qeyd olunub ki, mallar 1 il müddətinə müvəqqəti ixraca gedir. Onlara gömrük orqanı tərəfindən rəsmi qərar təqdim olunmaq əvəzinə məktub göndərilmişdir. Əksinə onlara rəsmi qərar təqdim olunmalı və bununla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməli idi. Bu barədə məlumat yoxdur. Sadəcə cinayət məsuliyyətinin nəzərdə tutulması barədə hədələyici məktub göndərilmişdir. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki,“xxxx” MMC AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv daşıyır, iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyannaməçi tərəfindən səhvən aksiz vergisi hesablanmadan tərtib olunaraq təqdim edilmiş bəyanamədə səhvin aşkar edilməməsindən, gömrük əməkdaşları səhv olaraq 2016-2017-ci illər üzrə “xxxx” MMC müəssisəsi tərəfindən xaricdə emal edildikdən sonra ölkə ərazisinə təkrar idxal olunan qızıl məmulatlarından aksiz vergisi tutulmadan gömrük rəsmiləşməsi həyata keçirmişlər. Bu səhv aşkar edildikdən sonra müəsisə rəhbərindən dəfələrlə buraxılmış səhvin düzəldilərək yaranmış 119456,87 manat gömrük borcunun ödənilməsi üçün şifahi şəkildə nümayəndədən tədbir görülməsi tələb edilmiş və ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə bərpa olunmasını təmin etmək məqsədilə “xxxx” MMC-nin rəhbəri X6 Nəqliyyatında Baş Gömrük idarəsindən 15.09.2017 tarixli 142- 15/01-24/002251 nömrəli məktub ünvanlanmışdır. Emaldan təkrar idxal olunan qızıl məmulatlarına aksiz vergisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014cü il tarixli № 34 nömrəli “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.4.-cü maddəsinə əsasən tənzimlənir. MMC satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külcə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1363/2018 saylı, 22 may 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1592/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1363/2018 saylı, 22 may 2018-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2619/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı ləğv edilərək, iddia mümkün sayılaraq, iş mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05 aprel 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “xxxx” MMC-yə qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ilə cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və onun vəkili Abuzərov Heydər Saleh oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 447/2020 saylı 18 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kassasiya şikayəti qismən təmin olunmuşdur. Apellyasiya şikayəti cavabdehin yazılı etirazına uyğun əsaslandırılmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 15.09.2017 tarixli 142-15/01-24/002251 nömrəli məktubla “xxxx” MMC-dən 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsini tələb edərkən, həmin borcun aksiz vergisindən yarandığını bildirmişdir və cavabdeh idarə etirazında da “xxxx” MMC-nin məhz aksiz vergisi borcunun olduğunu bildirmişdir. Lakin apellyasiya instansiyasına təqdim etdikləri Hava Nəqliyyatında Baş Gömrük idarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair Aktda isə “xxxx” MMC-nin “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatlarının təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanmasını təqdim etmədiyi, malların emalına sərf olunan digər mal və materialların dəyərini təqdim etməməklə və ya təhrif etməklə, yalnız emala sərf olunan “işçilik pulu” məbləğini gömrük orqanlarına bəyan etdiyindən bəhs edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.03.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(103)- 1590/2019 saylı qərarını ləğv edib yeni apellyasiya baxışına göndərərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair Aktdakı məlumatlara istinad etmiş, cavabdeh İdarənin məktubla “xxxx” MMC-dən 119456,87 manat məbləğində aksiz vergisi gömrük borcunun ödənilməsini tələb etməsi məsələsinə münasibət bildirməmişdir. Bundan başqa Ali Məhkəmə qərarında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarına istinad edərək, Apellyasiya instansiyasının cavabdehin işdəki borcun tələb edilməsi ilə bağlı məktublarını Konstitusiya Məhkəməsinin qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirmədiyini qeyd etmişdir. Ali Məhkəmənin qərarında göstərdiyi mövqe yanlışdır və qanunvericiliklə Gömrük borcunun tələb edilməsinə dair inzibati qərar qəbul etmək səlahiyyəti verilmiş Gömrük İdarəsinin borcun tələb edilməsi barədə hədələyici və qoşmasında qərar olmayan məktubları inzibati akt hesab edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə 18 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda tam əsaslandırılmamış, yaranmış mübahisənin mahiyyəti faktiki olaraq araşdırılmadan borcun yaranmasına dair hər hansı qərar olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz sayılmalı olduğunu qeyd etməklə kifayətlənmiş, iddiaçıdan ödənilməsi tələb olunan borcun əsaslı olub-olmadığına isə qanunvericiliyin istinad olunan normaları baxımından hüquqi qiymət verilməmiş, formal əsaslarla iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmış, cavabdehin işdəki borcun tələb edilməsi ilə bağlı məktubları isə Konstitusiya Məhkəməsinin qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirilməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona istinad etmişdir ki, borcun yaranmasına dair hər hansı qərar olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin Sərəncamına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditi zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə “xxxx” MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanmasını təqdim etməmiş, malların emalına sərf olunan digər mal və materialların dəyərini təqdim etməməklə və ya təhrif etməklə, yalnız emala sərf olunan “işçilik pulu” məbləğini gömrük orqanlarına bəyan etmiş, əlavə olaraq, X3 İdarəsinin rəyinə əsasən emal nəticəsində 4% itkinin olması və bu miqdarın emal vaxtı istehsalat prosesinə əlavə olunmaması faktları nəzərə alınmamış, nəticədə gömrük rəsmiləşdirilməsi emalın hasilat normasına uyğun həyata keçirməmiş, bununla da **********4274, **********1163, **********1234 və **********3172 saylı GB-lər üzrə rəsmiləşdirilən 20,03 kq zərgərlik məmulatlarının (585 əyarlı, tərkibində təmiz qızılın çəkisi 11,72 kq) emal prosesi zamanı itki dərəcəsi və buna görə mallara əlavə olunan qızıl miqdarının (4%, cəmi 468,89 qram, birja qiyməti ilə təqribən 38.215 manat) emal xərclərində nəzərə alınmamış və Gömrük Məcəlləsinin 200.3-cu maddəsinin tələbləri pozulmuşdur (1-ci yük şöbəsinin baş inspektoru Oruc Mehdiyev və həmin şöbənin böyük inspektoru Mütəllimov İlham). Qeyd olunanları nəzərə alaraq, hal-hazırda və gələcəkdə bu tip əməliyyatların gömrük rəsmiləşdirilməsi zamanı emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməlidir, hüquqi şəxslərin bəyan etdiyi emal xərclərin məbləği X3 İdarəsinə göndərilməli və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmalı və külli miqdarda gömrük rüsum və vergilərindən yayınmaların qarşısı alınmalıdır, əlavə olaraq, “xxxx” MMC-nin adına 21.04.2016-cı il tarixli, **********4274 saylı GB ilə təkrar idxal proseduru altında rəsmiləşdirilən zərgərlik məmulatların çəkisində uyğunsuzluq aşkarlanmış, belə ki, Türkiyədən ixrac olunan malın brutto çəkisinin 2,15 kq göstərilməsinə baxmayaraq (M0039820 saylı mənşə sertifikatı), 2-ci sərnişin şöbəsinin böyük inspektoru İlqar Həsənov və Sanitariya-karantin xidməti şöbəsinin baş müfəttişi Rəhman Sadıqov tərəfindən tərtib olunan 8229 nömrəli sərnişin aktında, brutto çəki 2,4092 kq və malın qablaşdırmasında heç bir pozuntunun olmaması qeyd olunmuşdur. Digər halda isə 12.11.2016-cı il tarixli, **********3172 saylı GB üzrə çəki fərqi aşkarlanmışdır. Belə ki, GB-də və sərnişin aktında brutto çəkinin əvəzinə netto çəkinin miqdarı yazılmış (3,8950 kq, Akt N 9186, 2-ci sərnişin şöbəsinin böyük inspektoru Məcidov Vüsal, inspektor Əhmədov Azad), lakin Türkiyədən ixrac olunan malın mənşə sertifikatında brutto çəki 4,70 kq olaraq qeyd olunub, nəticədə yuxarıda qeyd olunan iki bəyannamə üzrə təkrar idxal gömrük proseduru altında yerləşdirilmiş malların faktiki olaraq hansı çəkidə olması araşdırılmadan gömrük rəsmiləşdirilməsi aparılmış, həmçinin “xxxx” MMC-nin adına rəsmiləşdirilən GB-lərin 20-ci və 24-cü qrafaları düzgün doldurulmamışdır. Belə ki, həmin qrafalarda idxalda “100-malın dəyəri əvvəlcədən ödənilmişdir və 80-Digər üsulla hesablaşma” məlumatları qeyd olunması əvəzinə “120-malın dəyəri ödənilməmişdir və 21-Sərbəst dönərli valyuta ilə hesablaşmalar” kimi qeyd olunmuş, ixracda isə 20-ci qrafada “003-malın dəyəri ödənilmədikdə” qeyd olunması əvəzinə həmin qrafa boş (mal üzrə heç bir ödəniş həyata keçirilmədikdə) kimi qeyd olunmuş, həmin qrafa “xxxx” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş **********2576, **********6144 və **********6104 nömrəli gömrük bəyannamələrində düzgün doldurulmamışdır”, beləliklə, “xxxx” MMC-yə gömrük rüsum və vergilərin hesablanması üçün AR Dövlət Gömrük Komitəsinin “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə” dair Aktda Cavabdehə verilən göstərişlər, yəni “xxxx” MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanması və malların emalına sərf olunan digər mal və materialların dəyəri tələb edilməmiş, emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməmiş, “xxxx” MMCnin bəyan etdiyi emal xərclərin məbləği X3 İdarəsinə göndərilməmiş və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmamışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı;ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Göründüyü kimi inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaçının 2016-2017ci illərdə ixrac etdiyi mallara görə 119456,87 manat məbləğində gömrük borcu (aksiz vergisi üzrə) hesablanmış, cavabdeh 15.09.2017-ci il, 19.10.2017-ci il, 26.10.2017-ci il və 02.11.2017-ci il tarixli məktublar ünvanlayaraq, 119456,87 məbləğində aksiz borcunun ödənilməsini tələb etmiş, borcun ödənilməsi üçün 60 gün möhlət verildiyini bildirmiş, borcun ödənilməməsi halında AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən məsuliyyət daşıması barədə iddiaçını xəbərdar etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı barəsində inzibati akt qəbul etməsə də, borcun ödənilməsi barədə müəyyən hərəkətlər (məktublar ünvanlamış, borcu tələb etmiş, cinayət məsuliyyəti barədə xəbərdar etmiş) etmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin iddiaçıya qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsi tələbinə dair hərəkətlərinin qanunsuz hesab edilməsidir. İddiaçı tərəfindən ödənilməsi tələb olunan gömrük borcuna münasibətdə tətbiq edilməli olan normalar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200.1 və 200.5-ci maddələrinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 9.1-ci bəndinə əsasən malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə; qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə; xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur. Qaydaların 9.4-cü bəndinə əsasən isə bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Məcəllənin 249.2-ci maddəsinə uyğun olaraq gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Həmin Məcəllənin 249.3-cü maddəsinə əsasən isə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 185.2-ci maddəsinə əsasən idxal malları üçün (avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdan satış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla). İdxal olunan avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin həcmidir. İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının gömrük ərazisinə emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərindən tamamilə azad olunması halları Azərbayacan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla konkret müəyyən edilmişdir və hazırkı iddiaçı təkrar idxal etdiyi müvafiq mallara münasibətdə həmin hallar mövcud deyildir. Bundan başqa, sözügedən Qaydalarda emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərdən qismən azad olunması halları da nəzərdə tutulmuşdur. Lakin bu müddəada qismən azad olunmanın yalnız idxal gömrük rüsumuna münasibətdə tətbiqi nəzərdə tutulmuş, aksizlə bağlı isə azad olunma (qismən) müəyyən edilməmişdir. Odur ki, iddiaçının təkrar idxal etdiyi mallardan aksiz və ƏDV tutulmalıdır. **********4274, **********1163, **********1234, **********3172, **********5186, **********4130, **********1202 və **********1217 saylı gömrük bəyannamələri üzrə iddiaçının 2016-2017-ci illərdə ixrac etdiyi mallara görə gömrük borcu (aksiz vergisi və əlavə dəyər vergisi) 119456,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz sayılması, iddiaçıdan ödənilməsi tələb olunan borcun əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05 aprel 2019cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar