Məhkəmə qərarları › İş №2-1(103)-87/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-87/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-87/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiаçı İddiaçı, vəkili Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7433/2020 saylı qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.07.2018-ci il tarixli 2-1(81)-3130/2018 saylı qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(81)-3130/2018 saylı qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3130/2018 saylı 13 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7433/2020 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan 3-cü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan 12.10.2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09.12.2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06.12.2019-cu il tarixli rəyindən, 24.07.2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və digər sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.10.2004-cü il tarixli 237 №-li sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 01.10.2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23.09.2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələşdirilməsi və tikintisinə "xxxx" Mənzil Tikinti Kooperativə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya inşaat pasportu və ayrıc aktı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş icazədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binasının istismarına 09.12.2019-cu il tarixdə 246 №-li icazə verilmişdir. Həmin icazədə "xxxx" Mənzil Tikinti Kooperativi (Nəsimi-19 MMMC) tikinti obyektinin sahibi (sifarişçi) kimi qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binasına dair istismara hazırlığı barədə 06.12.2019-cu il tarixdə 0266 №-li rəy verilmiş və həmin rəydə "xxxx" Mənzil Tikinti Kooperativi (Nəsimi-19 MMC) tikinti obyektinin sahibi, sifarişçi kimi qeydə alınmışdır. 05 mart 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (sifarişçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin: 1. 1-bənd – “sifarişçi”nin tapşırığı ilə “podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 №-li 12.10.2004-cü il tarixli Sərəncamına əsasən ünvan 5dəki qeyriyaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1-bloklu, 16 mərtəbəli, ümumi sahəsini 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m., yaşayış binası və 3220 kv.m. ticarət obyektinin inşa edilməsi öhdəsinə götürmüş, “sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan “obyekt”in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “podratçı”ya təhvil verməyə öhdəsinə götürmüşdür. - 1. 14-cü bənd - mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. Həmin müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binasının mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK tərəfindən bağlanmalıdır. 21.08.2020-ci il tarixli 37/36-05059 №-li Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verdiyi məktubda göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquqmüəyyənedici sənədlər Sizin təşkilatınıza aid olunduğundan binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmiş, həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquqmüəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı 02.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı 06.12.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi yoxlanılan “ünvan 5də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m., yaşayış sahəsi 8.022 kv.m., qeyri-yaşayış sahəsi 2.220 kv.m. olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması, "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia tələbi təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, bu kimi təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Hazırkı iş üzrə İddiaçı iş üzrə 3-cü şəxsə "xxxx" Mənzil Tikinti Kooperativə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-yə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, iddiaçı X4 "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 31.10.2012-ci il tarixli bağlanmış 70 №-li müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Ona görə də hesab edir ki, məhkəmə əsas gətirdiyi iddiaçı X4 "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 31.10.2012-ci il tarixli bağlanmış 70 №-li müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa iddiaçı "xxxx" MTK-nın üzvü olmamış, MTK ilə müqavilə bağlamamış və mənzilin dəyərini kooperativə ödəməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binası istismara təhvil verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı, vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 17.12.2010-cu il tarixli 38 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində 3 otaqlı 11 nömrəli 140,6 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən 17.01.2011-ci il tarixli 38 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının V mərtəbəsində yerləşən 140.6 kv.m sahəsi olan 11 saylı mənzilə görə müəssisəyə 80000 manat pul ödəmişdir, İddiaçı 17.01.2011-ci il tarixli 38 saylı müqavilə üzrə borcu qalmamışdır. 17.12.2010-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə 17.12.2010-cu il tarixli 38 saylı müqavilə üzrə "xxxx" MMC-yə 80000 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.06.2018-ci il tarixli məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10, 11.1, 12.1-ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquq müəyyənedici sənədlərin əlavə edilmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. Azərbaycan Respublikasının FHN Tikintidə X3 Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149- cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyi X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 4 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə X3 Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatına İddiaçı zərərçəkmiş qismində cəlb edilmiş və iş üzrə 17 dekabr 2010-cu il tarixli 38 nömrəli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə nəzərə alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 5dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanıllan “ünvan 5də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5936/2015 saylı 11.09.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sahiblik və istifadə hüquqları tanınmaqla mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının V mərtəbəsində yerləşən 3 otaqlı, 140.6 kv.m sahəsi olan 11 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin İddiaçı təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9298/2016 saylı 27.12.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5936/2015 saylı 11.09.2015-ci il tarixli qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2017 saylı 20.06.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9298/2016 saylı 27.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 17.12.2010-cu il tarixli 38 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində 3 otaqlı 11 nömrəli 140.6 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMCyə ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə arayışına və kassa mədaxil orderinə əsasən iddiaçı həmin mənzilə görə 80000 manat pul ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan ərizəyə hüquq müəyyənedici sənədlərin əlavə edilmədiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 5 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı 17.12.2010-cu il tarixli 38 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatına zərərçəkmiş qismində hazırkı iddiaçı da cəlb olunmuş və hazırkı iş üzrə iddiaçının hüquq müəyyənedici sənədi kimi təqdim edilən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 17.12.2010-ci il tarixli 38 nömrəli müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5936/2015 saylı 11.09.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sahiblik və istifadə hüquqları tanınmaqla mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının V mərtəbəsində yerləşən 3 otaqlı, 140.6 kv.m sahəsi olan 11 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin İddiaçı təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı 17.12.2010-cu il tarixli 38 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək qeyd etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, iddiaçı müraciəti üzrə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzr inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. İddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir. Üçüncü şəxs apellyasiya şikayətin əsası kimi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 17.12.2010-ci il tarixli 38 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsası hesab etmir və qeyd edir ki, üçüncü şəxsin özünün də istinad etdiyi - "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 3 otaqlı 11 nömrəli 140.6 kv.m mənzili tikib İddiaçı təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət zamanı tələbində "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsini qeyd etsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tələbləri hüquqlarının qeydiyyata alınaraq cıxarışın verilməsi olmuş, səhv olaraq ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi tələblərinin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi olduğunu bildirdiyindən, texniki yanlışlıq aradan qaldırılmalı, tələb “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7433/2020 saylı qərarı dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar