Məhkəmə qərarları › İş №2-1(103)-87/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-87/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-87/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, vəkili X4, nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-4833/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzili onun mərhum həyat yoldaşı X9 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi idarəsində uzun müddət fasiləsiz işlədiyinə görə verilmişdir. Həyat yoldaşı vəfat edənə qədər onlarla həmin mənzildə yaşamışdır. Ondan sonra da iddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamışlar və həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı qanuni istifadələrində olan mənzilin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, ancaq həmin İdarədən ona imtina məktubu göndərilmişdir. İmtina isə mənzilə aid hüquqmüəyyənedici sənədin (order və ya sərəncamın) olmaması ilə əsaslandırılmışdır. Bundan sonra iddiaçı mənzili verən təşkilata müraciət etmişdir. X18 Gəmiçiliyi özünün balansında olan sözügedən mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini, lakin uzun müddət keçdiyi üçün mənzilə aid sənədlərin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamentinə verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Azərbaycan X18 Gəmiçiliyi tərəfindən mərhum həyat yoldaşı X9 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilinə aid Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentində saxlanılan orderin, sərəncamın və ya başqa hüquqtəsdiqedici sənədin surətinin ona verilməsi barədə sözügedən təşkilata bir neçə dəfə müracət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti İ-47/1 saylı 05 noyabr 2020-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmiş, imtinasını kirayə müqaviləsinin olmaması ilə əsaslandırmış və kirayə müqaviləsinin bağlanılması məqsədi ilə müraciəti aidiyyəti üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərmişdir. Həmin təşkilat isə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənədin (order) olmaması səbəbi ilə müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən binanın 118 saylı mənzili mülkiyyət formasına görə dövlət mənzil fonduna aiddir. Mənzil qanunvericiliyinə (xx.xx.2019-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinə) əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilinin istifadəsinə verilməsinə dair order (əsli və ya notariat qaydada təsdiq olunmuş surəti) təqdim etmədiyindən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-4833/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 118 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən istinad olunan ADXDG-nin xx.xx.2004-cü il tarixlı 98 saylı məktubu hazırda həmin mənzilin balansaxlayıcısı olan cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi işə birtərəfli baxmış, iddia tələbi üzrə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparmamış, tərəfimizdən təqdim edilmiş sübutlara düzgün hüququ qiymət verməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. 293544 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X1 arasında 10 oktyabr 1983-cü il tarixdə nikah bağlanmışdır. Azərbaycan X18 Gəmiçiliyi xx.xx.2004-cü il tarixdə Mənzil Kommunal Təsərrüfat İdarəsinə 98 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, gəmiçiliyin rəhbərliyinin qərarı ilə Neftçilər prospekti, 145 nömrəli binanın 2 otaqlı 35 kv.metr 118 nömrəli mənzili X10 ayrılmışdır. Məktubda M.İbadovun mənzilə köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. AZ-İ № 467110 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2011ci il tarixdə vəfat etmişdir. Gəmiçiliyin Sosial Məsələlər və Təsərrüfat Xidmətinin xx.xx.2011-ci il tarixli məktubu ilə Gəmiçiliyin keçmiş işçisi X9 vəfatı ilə əlaqədar, Gəmiçilik onun ailəsinə Neftçilər prospekti ev 145, mənzil 118-də qeydiyyatsız yaşamağa razılıq vermiş və İddiaçı “Zaqfederasiya” adına gəmi təmiri zavodunun işçisi olduğu qeyd edilmiş, məktub Gəmiçiliyin Mənzil Kommunal Təsərrüfat xidmətinə ünvanlanmışdır. İddiaçı xx.xx.2015-ci ildə yaşadığı mənzilin özəlləşdirilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmiş, iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı uzun müddətdir ki, Gəmiçilikdə çalışır və Gəmiçilik rəhbərliyinin xx.xx.2004 tarixli 98 saylı məktubuna əsasən Neftçilər prospekti 145, 118 nömrəli mənzildə ailəsi ilə birlikdə fasiləsiz yaşayır. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" QSC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145, 118 nömrəli mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25s nömrəli Sərəncam qəbul edərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 145 saylı evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2015-ci il tarixli 13 nömrəli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə "xxxx" QSC-nin balansında olan daşınmaz dövlət əmlakı balansa qəbul edilmiş; Departamentin nəzdində yaradılmış məişət kommunal təyinatlı obyektlərin təhvil təslim komissiyasına 65 saylı sərəncamın əlavəsində göstərilən siyahı üzrə balansa verilmiş yaşayış binalarının və digər məişət-kommunal təyinatlı obyektlərin təhvil-təslim işləri ilə bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmış; Azərbaycan Xəzər Dəniz X8 Cəmiyyətinin balansından qəbul edilən məişət kommunal təyinatlı obyektlər (yaşayış binaları, yataqxanalar) həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına verilmiş; Balansa qəbul edilən mənzil fondunun mövcud texniki normalara uyğun istismarının təşkil edilməsi və sakinlərə mənzil–kommunal xidmətlərin göstərilməsi məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində 3, 154, 157, 158,159 saylı mənzil-kommunal istismar sahələri yaradılmış; Həmin sərəncamın 2 saylı Əlavəsinə uyğun olaraq mənzil fondu (yaşayış binaları, yataqxanalar) istismar edilməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yartaqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinin orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirilməyə hazırlanması məqsədilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfat Birliyinin xx.xx.2020-ci il tarixli, 739 nömrəli məktubu ilə iddiaçı tərəfindən yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər (mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd order, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinizin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış) təqdim edilmədiyi üçün xahişini təmin etməyin mümkün olmadığı bildirilməklə iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müvafiq sorğular ünvanlanmış, QSC-nin xx.xx.2021-ci il tarixli, MC 02102-229 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən 118 nömrəli mənzilin X6 istifadəsinə verilməsi ilə bağlı sənədlərdən yalnız Azərbaycan X18 Gəmiçiliyinin xx.xx.2004-cü il tarixli 98 nömrəli məktubu tapılmışdır. Qeyd olunan mənzilin X6 istifadəsinə verilməsinə dair qərarın qəbul edilməsinə əsas olmuş digər sənədlər aşkar edilməmişdir. Eyni zamanda QSC birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli CMxx/xx-1001 məktubda göstərmişdir ki, ASCO-nun balansında olmuş mənzillər vətəndaşların istifadəsinə müvafiq order əsasında verilirdi. Belə ki, mənzil növbəsində duran və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin müraciətinə uyğun olaraq, ləğv edilərək hüquq və öhdəlikləri ASCO-ya ötürülmüş keçmiş Azərbaycan X18 Gəmiçiliyinin (ADXDG) rəhbərliyinin yazılı və ya şifahi tapşırığı, müvafiq komissiyanın protokolu əsasında ADXDG-nin aidiyyəti qurumu tərəfindən order verilirdi - Qeyri-yaşayış sahələri və ya mansard tipli sahələr vətəndaşların istifadəsinə ADXDG-nin müvafiq məktubları əsasında verilirdi. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 118 nömrəli mənzili həmin dövrdə mansard tipli sahə olduğu üçün ADXDG-nin xx.xx.2004-cü il tarixli 98 nömrəli məktubu ilə eyni tarixdə X7 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən ASCO-nun balansında olan mənzil-kommunal təsərrüfatı obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilərkən təhvil olunan mənzil fondunun tərkibinə müvafiq binalara xidmət göstərən Mənzil istismar sahələrinin yerləşdiyi obyektlər də daxil olmuşdur. Belə ki, bəzi sənədlər müvafiq Mənzil istismar sahəsində (MİS) saxlanıldığı üçün MİS-in yerləşdiyi obyektlə birgə təhvil verilmiş, bəzi sənədlər isə ASCO-nun mərkəzi arxivində saxlanılmışdır. X3 MMC-nin xx.xx.2021-ci il tarixli 536 saylı mütəxəssis rəyindən görünür ki, Mənzil Məcəlləsinin 13, 14 və 15-ci maddələrinə, eləcə də “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən tədqiq olunan "xxxx" QSC tərəfindən İddiaçı verilmiş və faktiki olaraq İddiaçı və ailə üzvlərinin qeydiyyat üzrə yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən 118 nömrəli mübahisəli tikili iki otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın üumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət mənzil olmaqla mənzil sahəsi olduğu müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Kollegiya qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzil kimi göstərilən sahə mansardda yerləşən qeyri-yaşayış sahəsinə aiddir. Qeyd edilən sahəyə dair İddiaçı hüquqmüəyyənedici sənəd verilməmişdir. Hazırkı halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə əsasən iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır Hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edir. Odur ki, iddia əsassızdır, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-4833/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar