Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-87/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdeh tərəfindən ona ayrılmış kompensasiyanın bərpa edilməsi və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq arada olan fərqin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin sərəncamına əsasən o, yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Qəbul edilmiş sərəncama görə, güzəştli mənzillə təmin edilmədiyi üçün “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən ona 150 manat və ailə üzvlərinə 50 faiz miqdarında 150 manat, cəmi 300 manat hər ay kompensasiya ödənişinə dair qərar qəbul edilmişdir. Sözügedən məbləğ sonuncu dəfə 2020-ci ilin yanvar ayında ödənildikdən sonra ona heç bir xəbərdarlıq edilmədən və heç bir qanuni əsas olmadan dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, ona heç bir əsaslı səbəb göstərilməmiş və qanunvericiliyin heç bir normasına istinad edilmədən şifahi cavablar verilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıdan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ailə üzvlərinin adına əmlak olub-olmaması barədə rəsmi arayış gətirilməsi dəfələrlə tələb olunsa da, bunu təqdim etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi olan oğlu Səməd Abasov anası X1 adına Xaçmaz şəhərində yaşayış evinin olmasını bildirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci madəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmiş, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün o, yaşayış sahəsinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” sərəncamından görünür ki, 3 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüsenzadə küçəsi, dalan 5-də yerləşən 5 saylı evdə, başqasına məxsus olan mənzildə qeydiyyatdadırlar. Həmin sərəncama əsasən o, yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” sərəncamı ləğv edilməmiş və hal-hazırda qüvvədədir. Belə olan halda hesab edir ki, “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən cavabdeh orqan tərəfindən təyin olunmuş kompensasiya ödənişinin dayandırılması mövcud qanunvericiliyə ziddir və cavabdeh orqanın bu qanunsuz hərəkətləri onun sosial təminat hüquqlarının ciddi pozulması ilə nəticələnmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1382/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya ayrılmış kompensasiyanın verilməsinin bərpa edilməsi, habelə 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər ödənilməmiş kompensasiya məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 256/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1382/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-256/2023 saylı qərarındakı göstəriş Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli “S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilmasi haqqında" Sərəncamının qüvvədə olub-olmamasının, həmçinin iddiaçı tərəfindən mübahisələndirilib mübahisələndirilməməsinin araşdırılmasından ibarətdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə ona ayrılmış kompensasiyanın bərpa edilməsi və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq arada olan fərqin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.
Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin faktiki hallarına görə iddiaçı Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmiş, sonradan ailə üzvlərinin adına hər-hansı bir əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış təqdim etmədiyi üçün kirayə pulunun ödənilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının həyat yoldaşı X1 mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi olduğundan onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxslər kateqoriyasına aid edildiyinə əsaslanmışdır. İşə əvvəl baxmış apellyasiya instansiya məhkəməsi isə Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli “S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilmasi haqqında" Sərəncamının qüvvədə olduğu müddətdə kirayə pulunun dayandırılmasının qanunvericiliyə zidd olduğu nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı Ali Məhkəmənin qeyd olunan qərarında şərh olunan göstərişlərin araşdırılması məqsədilə Cavabdehnə sorğu ünvanlanaraq Bakı şəhəri Cavabdeh Başçısının 25 fevral 2013-cü il tarixli, 56 nömrəli sərəncamının qüvvədə olub-olmaması barədə, əgər ləğv edilmişdirsə, ləğv edilməsinə əsas olan sənədlərin, həmçinin sərəncamın ləğv edilməsi üzrə məhkəmə mübahisəsinin olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh sorğuya cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh başçısının xx.xx.2022ci il tarixli, 525 saylı sərəncamına əsasən 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncam ləğv olunmuş, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçularının güzəştli mənzil növbəsindən çıxarılmışdır, eyni zamanda bildirilmişdir ki, İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 525 saylı sərəncamının ləğv edilməsi üzrə iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Həmçinin məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hazırki tələbinin əsasını Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli qərarı təşkil etdiyindən, həmin qərar isə Cavabdeh başçısının 02 noyabr 2022-ci il tarixli 525 nömrəli sərəncamı ilə ləğv edildiyindən, Cavabdeh başçısının 02 noyabr 2022-ci il tarixli 525 nömrəli sərəncamı Bakı İnzibati Məhkəməsində ayrıca məhkəmə icraatında mübahisələndirildiyindən və ilkin olaraq həmin mübahisəyə qiymət verilməli olduğundan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, qeyd olunan qərarla İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №- li sərəncamı ləğv edilmiş və İddiaçı mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-358/2024 nömrəli qərarı ilə cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5102/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi İnzibati Kollegiyasının qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-358/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dayandırmaya əsas olan hallar aradan qalxdığından hazırki apellyasiya şikayəti üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamının ləğvini nəzərdə tutan Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 525 saylı sərəncamının ləğvi ilə bağlı hazırki iş üzrə iddiaçı Sabir Abbasovun iddiası təmin edilmədiyindən, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 525 saylı sərəncamı qüvvədə olduğundan, eyni zamanda iddiaçının həyat yoldaşı X1 mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi olduğundan və iddiaçının “vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları”nı müəyyən edən Mənzil Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar”ın dairəsinə aid olmadığı müəyyən edildiyindən iddiaçının hazırki ona ayrılmış kompensasiyanın bərpa edilməsi və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq arada olan fərqin cavabdeh tərəfindən ona ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclası zamanı hazırda mübahisə predmetinin aid olduğu Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli sərəncamının Cavabdeh başçısının 02 noyabr 2022-ci il tarixli 525 nömrəli sərəncamı ilə ləğv edildiyi tarixədək qüvvədə olduğu müddət ərzində iddiaçıya tələbdə qeyd edilən kompensasiyanın ödənilməli olması dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı qanun normalarını diqqətə çatdırır: “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-ci maddəsinə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-ci. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6.-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Beləliklə, yuxarıda sadalanan məhkəmə qərarlarından da aydın olur ki, Xaçmaz şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə və 0.0609 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X1 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, göründüyü kimi, iddiaçı xx.xx.2013-cü ildə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edildiyi zaman onun həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatda olmuşdur, lakin bu barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmişdir və müvafiq sənədlər təqdim edilməmişdir, göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmişdir və işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 56 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Bundan başqa, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halın mövcudluğu və qəbul edilmiş inzibati akt nəticəsində hər ay kirayə xərclərinin ödənilməsi, bununla da dövlət marağına ziyan vurulması nəzərə alınaraq hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi əsassızdır. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova