Məhkəmə qərarları › İş №2-1(103)-870/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-870/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-870/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X28 və X32 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, X2, Cavabdehin nümayəndəsi X19, Üçüncü şəxs X14 və onun vəkili X24 iştirakları ilə, X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Abdullayev Eldar və q.) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1379/2019 saylı qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının Səbail rayonu, 6-cı Buxta küçəsi 40 saylı evə qeydiyyat vəsiqəsi ilə bağlı 08 may 232 saylı sərəncamın, mənzilə dair verilmiş bütün çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, 6-cı Buxta küçəsi 40 №-li evə qeydiyyat vəsiqəsi verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 232 №-li sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1379/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1379/2019 saylı qərarının iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi, iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəx və onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxslərin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki : - İddiaçı xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, 6- cı Buxta küçəsi 40 nömrəli evdə qeydiyyatdadır. - Bakı şəhəri, Səbail rayon 6-cı Buxta küçəsi 40 nömrəli ev özbaşına tikili olmuşdur. «Bibiheybətneft» NQÇİ tərəfindən mübahisəli evə dair Arayış (forma №2) tərtib edilmiş və həmin Arayışda adıçəkilən evdə X8, X6, X15, X9, X12, X13 və X7 qeydiyyatda olmaları öz əksini tapmışdır (10406 №-li 2003-cü ilin fevral ayına olan Arayış). - Həmin Arayışda qeydiyyatda olan şəxslər mübahisəli mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etməmələrinə dair ərizə yazmışlar. - Həmin razılıq ərizələri əsasında Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələlri üzrə ictimai komissiyasının 5 a №-li xx.xx.2003-cü il tarixli iclas Protokolu tərtib olunmuşdur. - Həmin Protokol Bakı şəhər İcra Hakimiyyətinin 232 №-li xx.xx.2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Sərəncam əsasında mübahisəli evə dair X4 021634 №-li xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. - X8 xx.xx.2014-cü ildə Bakı şəhərində ölmüş və bundan sonra Bakı şəhəri 3 saylı «ASAN XİDMƏT» mərkəzində notariat kontorunda vərəsəlik işi açılmışdır. X34 tərəfindən X10, X16, X9, X12, X5 hər birin 1/6 hissə olmaqla mübahisəli evdən miras payı ayrılması barədə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib olunmuşdur (xx.xx.2015-ci il tarixli Şəhadətnamə). - Adıçəkilən Şəhadətnamə əsasən mübahisəli evə dair AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10, X16, X9, X12, X5 hər birinin payı 1/6 hissə olmaqla Reyestrdən çıxarış tərtib edilmişdir (RX seriyalı ******* №-li xx.xx.2015-ci il tarixli Çıxarış). Hazırda iddiaçı, yaşadığı Bakı şəhəri, 6-cı Buxta küçəsi 40 №-li evə qeydiyyat vəsiqəsi verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 232 №-li sərəncamın ləğv edilməsini istəyir. Azərbaycan Respublikası Kostitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır; 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyətçilərin xeyrinə tələb edə bilər. İnzibati aktların ləğv olunması «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli evdə xx.xx.2002-ci il tarixdən qeydiyyatda olsa da, həmin evin özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığı alınmamış və bunun nəticəsi olaraq iddiaçının mübahisəli evə dair hüquqları pozulmuşdur. Məhkəmə mübahisəli evin özəlləşdirilməsinin etibarsız hesab edilməsinin hüquqi həlli yolunu hazırda mübahisə predmeti olan sərəncamdan asılı etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin, o cümlədən ididaçının yazılığı razılığının olub-olmaması barədə məlumat verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edilmiş, lakin İcra Hakimiyyəti sərəncama heç bir sənədin əlavə olunmadığını qeyd etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sərəncam qəbul edilərkən iddiaçının qanunla qorunan hüquq və maraqları pozulmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan sərəncam özündə digər məsələləri həll etdiyindən, həmin sərəncam yalnız xx.xx.2003-cü il tarixli 5 a №-li Protokolun 14-cü bəndinin təsdiq olunması hissəsində ləğv olunmalıdır qənaətinə gəlməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslər X17, X16, X6, X9 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1379/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar