Məhkəmə qərarları › İş №2-1(103)-870/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-870/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-870/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əlavə haqqın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4240/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2005-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qayda”sı qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “... inzibati orqan iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin 123 nömrəli 29 may 2008-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Qaydanın (Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq verilməsi Qaydasının) tətbiqindən imtina etməkdə haqlı olmuşdur. Bu qənaət ondan irəi gəlir ki, iddiaçı Penitensiar xidmətin xüsusi rütbəli əməkdaşı və ya mülki işçisi deyil, hərbi qulluqçusu olduğundan, ona münasibətdə həmin Qaydanın tətbiqi yolverilən sayıla billməz.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.4 maddəsinə əsasən hərbi qulluqçular Penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində, yəni Penitensiar Xidmətin Müşayət Taboru və Penitensiar Xidmətin 6500 saylı Mühafizə Alayında xidmət edən həqiqi hərbi xidmətdə olan müddətli (əsgərlər, hərbiçilər) sayılırlar. İddiaçı 23.04.1986-cı il tarixdən 2 saylı İstintaq Təcridxanasında müxtəlif vəzifələrdə xidmət etmiş və 24.01.2008-ci il tarixdə ədliyyə polis rütbəsində təcridnaxa rəisinin növbətçi vəzifəsində qulluq illərinə görə pensiyaya buraxılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın “Ümumi müddəa” adlanan 1-ci hissəsinə görə, bu Qayda “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Qaydanın İİ-ci hissəsində qulluq illərinin hesablanması qaydası, ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüquq verən qulluq illərinə daxil edilən dövrlər, İİİ-cü hissəsində əlavə haqqın hesablanması və verilməsi qaydası təsbit olunmuşdur, 3.1-ci bəndinə görə, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz; 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz; 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz; 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz; 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz; 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz; 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz; 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanununun: 33.1-ci maddəsinə əsasən, Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - əməkdaşlar) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər; 33.2-ci maddəsinə görə, penitensiar xidmətin əməkdaşları və mülki işçilər ədliyyə orqanlarının işçiləridir; 20.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: 20.2.2. Böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş böyük xüsusi rütbələr: - ədliyyə polkovniki; tibb xidməti polkovniki; - ədliyyə polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı; - ədliyyə mayoru; tibb xidməti mayoru; 20.3-cü maddəsinə görə, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur; “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Sadalanan normaları işin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçı ədliyyə mayoru, yəni Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı kimi xidmət keçsə də, qanunvericiliyin tələbinə əsasən ona hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının HD/1855-001665 pensiya işində olan Pensiyanın yenidən hesablanması haqqında 24.12.2014-cü il tarixli P/İ 001665 nömrəli qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən 822 manat məbləğdə təminat xərcliyinin 89%-i götürülməklə pensiyasının məbləği 731,58 manat təşkil etmişdir. Bu fərq isə özünü hərbi qulluqçuların və bu statusa malik olmayan ədliyyə orqanlarının işçilərinin pensiyalarına əlavələrin hesablanması qaydasında əks etdirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-20.18-ci maddələrinə əsasən hərbi qulluqçuların pensiyalarına əlavələr onların təminat xərcliyinin 50%-dən 100%-dək olan miqdarda hesablandığı halda, 20.19-20.20-ci maddələrinə görə ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinin pensiyalarına əlavələr təminat xərcliyindən deyil, ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin yalnız 45%-dən 80%-dək olan miqdarda hesablanır. İddiaçıya hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi, yəni təminat xərcliyinin 89% miqdarında əmək pensiyasının təyin edilməsi pensiya işində olan 18.12.2014-cü il tarixli Məlumat vərəqi ilə təsdiq olunur. Bundan əlavə, həm Məlumat vərəqi, həm də Pensiyanın yenidən hesablanması haqqında qərardan məlum olur ki, iddiaçı hazırda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəni alır və əvvəllər də almışdır. Bu isə o deməkdir ki, hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs statusunda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəni alan iddiaçı bu dəfə belə statusu olmayan (hərbi qulluqçulara bərabər tutulmayan) xüsusi rütbəli şəxslərə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə tanınan üstünlüklərdən də, yəni eyni güzəştdən qanunsuz olaraq ikinci dəfə istifadə etmək istəyir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə görə, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla. Eyni Qanunun 20.15-ci maddəsinə əsasən, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hərbi qulluqçu olması barədə mövqeyi ilə razılaşmasa da, məhkəmənin qərarı nəticə olaraq düzgün olduğu üçün bu halı ləğv əsası kimi görmür və qərarı ləğv edərək, həmin qərarla gəlinən nəticəni təkrarlamaq zərurətinin olmadığını bildirir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, hərbi qulluqçu statusunda pensiyaya çıxdığını əsas göstərərək iddiaçının müraciətinin icrasından cavabdehin 11.03.2020-ci il tarixli **********6 nömrəli imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4240/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar