Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-870/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş ziyana görə ona kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mülkiyyətində olan avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlandığı müddətdə vurulmuş ziyana görə ona kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X4 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə 15.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırki tələblə bağlı 16.06.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etsə də, bu günə kimi ona cavab verilməmişdir. 16 sentyabr 2020-ci il tarixdən onun mülkiyyətində olan avtomobilin DİN-in BDYPİ-nin 9 saylı mühafizə olunan duracaqdan ona verilməsi barədə məktubun Sabunçu RPİ-in DYPŞnə təqdim edilməsinə baxmayaraq bu günə kimi avtomobil ona verilməmişdir. AR DİN-in Sabunçu RPİ DYPŞ-in qanunsuz hərəkəti nəticəsində mülkiyyətində olan “Mersedes Benz VİTO CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqdan buraxılmaması və qanunsuz saxladığı müddətdə (10 ay) vurduğu ziyana görə 15000 manat məbləğində maddi ziyan vurulmuşdir. Belə ki, o avtomobili təyinatına uyğun istifadə edərək hər gün üçün ən azı 50 manat qazanc əldə edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək 2- 1(112)-9239/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, məhkəmə qərardadı ilə razı deyil, belə ki, qərardadla onun hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən göndərilmiş 04.10.2021-ci il tarixli bildirişdə hazırlıq iclasının 29.10.2021-ci il tarixə təyin edilməsinə baxmayaraq hakim hazırlıq keçirmədən iddianın mümkünsüzlüyü barədə qərar qəbul etmişdir. Bu səbəbdən qərar ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 30.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 16.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “ona məxsus avtomobilin üzərindən həbsin götürülməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının cavabdeh orqan tərəfindən icra edilməməsi nəticəsində mülkiyyətində olan “X4 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə 15.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş (i.v. 5), lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdi. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar həyata keçirdiyi fəaliyyətin inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməsinə, eləcə də edilmiş hərəkətlərin (hərəkətsizliklərin) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməsinə, göstərilənlərin nəticəsində vurulmuş ziyanla bağlı iddiaçıya kompensasiyanın ödənilməsi haqqında iddia çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmamasına istinad edərək iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan əsasla iddianı mümkün saymaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-706/2020 saylı 30.10.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı mülkiyyətində olan “X4 CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi və qərardadın icrasının Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilməsi qərara alınmışdır. Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş X5 İdarəsinin “Siqnal” ixtisaslaşdırılmış-layihə İstehsalat İdarəsinin 9 nömrəli dayanacağına ünvanlanmış **********-4-6/15 saylı 15.10.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən “X4 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı təhvil verilməsi xahiş edilmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş X5 İdarəsinin Sabunçu Rayon X5 Şöbəsinə ünvanlanmış 10989/15 saylı 16.10.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən borclu İddiaçı məxsus “X4 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsinə İcra Şöbəsinin heç bir etirazının olmadığı bildirilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə bundan əvvəl qoyulmuş həbsin götürülməsi qərara alındığı üçün həmin qərardadın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilmiş, İcra Şöbəsi tərəfindən adı çəkilən qərardadın icra olunaraq iddiaçıya məxsus avtomobilin ona təhvil verilməsi xahiş olunmuşdur. Lakin Baş X5 İdarəsi tərəfindən İcra Şöbəsinin göstərişi icra olunmamış və nəticədə avtomobil mülkiyyətçisinə təhvil verilmədiyi üçün iddiaçı ona vurulmuş ziyanla bağlı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göründüyü kimi, hazırki işdə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən onun mülkiyyətində olan avtomobilin qanunsuz olaraq duracaqda saxlanması ilə bağlı ona vurulmuş ziyana görə müvafiq kompensasiyanın onun xeyrinə tutulmasından ibarətdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mübahisə inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar həyata keçirdiyi fəaliyyətlə bağlı deyil, iddiaçı icra məmuru tərəfindən icra işi üzrə icraata xitam verilməsi barədə qəbul olunan qərarı, ümumiyyətlə icra icraatı zamanı aparılan icra hərəkətlərini mübahisələndirmir. İddiaçının mübahisələndirdiyi məsələ cavabdeh inzibati orqanın məhkəmə qərarının icrasından əlavə etdiyi hərəkət, yəni avtomobilin qanunsuz olaraq duracaqda saxlanması ilə bağlı iddiaçıya vurduğu ziyanla bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən, icra məmurundan icra işini tələb etmədən, icra işi üzrə icraata xitam verilməsinin qanuni əsaslarla baş verib-vermədiyini iddiaçının nəzərə çatdırmadan, icra icraatına xitam verilməsi barədə qərarın iddiaçı tərəfindən mübahisələndirilməsində marağının olubolmamasını aydınlaşdırmadan, İcra və probasiya şöbəsi tərəfindən DİN BDYP İdarəsinin “Siqnaq” ixtisasllaşdırılmış-layihə İstehsalat İdarəsinin 9 nömrəli dayanacağına və Baş X5 İdarəsinin Sabunçu rayon X5 Şöbəsinə göndərilmiş məktubların sonuncular tərəfindən alınıb-alınmamasını, məktubların sonuncular tərəfindən alındığı təqdirdə həmin məktublarda göstərilən tələblərin hansı səbəbdən icra edilməməsini araşdırmadan iddiaçının tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılmasını qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-870/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-870/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver