Məhkəmə qərarları › İş №2-1(103)-870/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-870/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-870/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21-23 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasına əsasən onun işlədiyi 1975-ci ildən 2014-cü ilə kimi sosial sığorta stajının hesablanmasını və əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildən 2014-cü ilə kimi müxtəlif yerlərdə işləmişdir. 40 ilə yaxın əmək stajı var. Bütün bunlar əmək kitabçasında qeyd olunmuşdur. Bununla əlaqədar, bu günə kimi müxtəlif yerlərə ərizə və şikayət etsə də, qanuna uyğun təqaüd ala bilmir. Onunla birgə işləyən şahidləri vardır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı məxsus xx.xx.1976-cı il tarixli İT 014659 nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1975-xx.xx.1979-cu il tarixlərdə, xx.xx.1979-xx.xx.1995-ci il tarixlərdə, xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə, xx.xx.2006-xx.xx.2006-cı il tarixlərdə, xx.xx.2014xx.xx.2014-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1996xx.xx.2002-ci illərdə “Azərittifaq Kəndkooptədarük emal” müəssisəsində işlədiyi dövrlər müəssisənin faktiki və arxiv sənədlərinin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) saxlanıldığı ünvan məlum olmadığından onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə İddiaçı fərdi hesabının sığorta hissəsində 14022,92 manat pensiya kapitalı qeydə alınmışdır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 28800 manat pensiya kapitalından azdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında **********1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, Mərkəzləşdirilmiş Elektron X1 xx.xx.2019-cu il tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 31,21 manat qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı sığorta stajını təsdiq edən sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. İşdən görünür ki, iddiaçı ona 60,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2017 - 30 iyun 2018-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 60 il 6 aydır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2017 - 30 iyun 2018-ci il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 60,5 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-cı ildə doğulmuş, 60,5 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı 1 iyul 2017 - 30 iyun 2018-ci il üzrə qanunla tələb olunan yaş həddinə çatmışdır. İddiaçının 25 il iş sığorta stajının olması məsələsinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 636 nömrəli attestatından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1975-ci illərdə Bakı şəhəri 79 saylı texniki-peşə məktəbində təhsil almışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1975-ci ildə BMKZ-yə Ştamplama sexinə 2-ci dərəcəli ştamplayıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə Metallokultbıt zavodunda 2 saylı sexə 1-ci dərəcəli ştamplayıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə DSP sahəsinə 3-cü dərəcəli ştamplayıcı vəzifəsinə, xx.xx.1983-cü il tarixdə həmin sahədə 3-cü dərəcəli seçici vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı il tarixdə Metallokultbıt zavodunun adı “Tərəqqi” QHT Baş zavoduna dəyişdirilmiş, iddiaçı xx.xx.1992ci il tarixdə həmin yerdə birinci dərəcəli pressləyici vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə ixtisar edilməklə işdən azad edilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdə Azərittifaq “Kəndkooptədarükemal” müəssisəsində meyvə tərəvəz-anbarına xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə çeşidləyici vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-ci il tarixdə "xxxx" MMC-yə 10-cu ştat vahidi ilə xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2014-cü il tarixdə yenidən "xxxx" MMC-yə 10-cu ştat vahidi ilə xadimə vəzifəsinə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə müəssisənin bağlanması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, işdə olan sənədlərə əsasən iddiaçı 1975-2014-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iddiaçının bu əmək stajına münasibətdə iki dövrün fərqləndirilməsini zəruri saymışdır:

1. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu xx.xx.2006-cı il tarixədək olan dövr- İ dövr;

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu xx.xx.2006-cı il tarixdən hazırkı tarixədək – İİ dövr. İ dövrlə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir: 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydləri əsas götürərək həmin dövrü iddiaçının sığorta stajı kimi qəbul etmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 3 ay 21 gün sığorta stajı olmuşdur. İİ dövrlə bağlı isə məhkəmə aşağıdakıları qeyd etmişdir. xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cü bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2006-ci il tarixdən xx.xx.2006-ci il tarixədək, habelə daha sonra xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də işləməsi göstərilmişdir. Lakin işdən müəyyən olunur ki, bu illər ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməmiş, iddiaçı həmin dövr üzrə pensiya kapitalına malik olmamışdır. Belə ki, işdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində "xxxx" MMC tərəfindən 2018-ci ilin yanvar ayı üzrə edilmiş 32,88 manat ödənişə (ödəniş 2019-cu ildə edilmişdir) əsasən 33, 30 manat pensiya kapitalı olmuşdur. Belə olan halda qanunvericiliyin sadalanan normalarına əsasən aydın olur ki, iddiaçının 2006-2014-cü illərdə işlədiyi müddət onun sığorta stajına daxil edilə bilməz. Beləliklə, istinad olunan normalara əsasən iddiaçının həm 2006-cı ilədək, həm də 2006-cı ildən sonra işlədiyi dövrlər nəzərə alındıqda aydın olur ki, iddiaçının ümumilikdə 26 il 3 ay 21 gün sığorta stajı olmuşdur ki, bu da tələb olunan 25 ildən artıqdır. İşdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış, iddiaçının xx.xx.1996xx.xx.2002-ci illərdə “Azərittifaq Kəndkooptədarük emal” müəssisəsində işlədiyi dövrü müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından onun sığorta stajına daxil etməmiş və bununla da, iddiaçının sığorta stajının 25 ildən az, 18 il 11 ay olması qənaətinə gəlmişdir. Məhkəmə yuxarıda istinad olunan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərini nəzərə alaraq hesab etmişdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında öz təsdiqini tapdığından, işdə olan “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəssisənin 1993-2009-cu illərdə fəaliyyət göstərməsi təsdiq edildiyindən, habelə müəssisənin arxiv sənədlərinin saxlanılmasının iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olduğundan cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı həm yaş, həm də staj tələbini ödədiyindən iddia tələbi iddiaçıya 60,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində əsaslıdır. Pensiya ödənişinin həyata keçirilmə tarixinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22- 1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdə olan inzibati icraat materiallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “Dost” Mərkəzi vasitəsilə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının sığorta stajının 25 ildən az, 18 il 11 ay olması əsası ilə ona imtina cavabı vermişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə ƏPQ-nin 32.1-1-ci maddəsindəki müraciət edilən tarixdən əvvəlki üç il xx.xx.2022-ci il tarixən deyil, məhz iddiaçının cavabdehə ilkin müraciətinin tarixindən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə olan halda isə aydın olur ki, iddiaçının tələbi pensiyanın hüququ yarandığı tarixdən hesablanıb ödənilməsi hissəsində də əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar