Məhkəmə qərarları › İş №2-1(103)-870/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-870/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-870/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9386/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş **********169747 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə barəsində **********149746 №-li xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında akt tərtib edilmişdir. Bundan sonra, Lokal Gəlirlər Baş İdarəsinin **********169747 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC məsuliyyətə cəlb edilmişdir. Belə ki, Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********149171 saylı Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına əsasən İddiaçı-də növbəti vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli, **********149746 №-li akt ilə rəsmiləşdirilmişdir. Həmin akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır, İddiaçınin gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericiliyinə uyğun olmayaraq qeyri-obyektiv, reallıqdan kənar hesablanmışdır. Vergi yoxlaması zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli, **********149745 nömrəli protokolla rəsmiləşdirilmişdir, səyyar vergi yoxlaması aktında əskik gəlmə halının müəyyən edilməsi ziddiyyət təşkil etməklə yanaşı qərəzli və əsassızdır. Səyyar vergi yoxlaması zamanı inventarizasiya aparılmamış, vergi ödəyicisinin İddiaçı MMC-nin əmlakları qiymətləndirilməmişdir. İddiaçı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən, yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixli **********159586 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarmışdır. ƏDV üzrə əlavə hesablama mütəxəssis rəyinə əsasən aparılmışdir. Dəvət edilmiş mütəxəssis tikinti sahəsi üzrə xüsusi bilik və təcrübəyə malik olmadığı üçün yoxlamanın aparılması üçün uyğun mütəxəssis deyil və onun hazırladığı rəy əsaslı hesab edilə bilməz. Cavabdeh yazılı etirazında iddianı qəbul etməmiş, eyni zamanda, “iş üzrə icraatın dayandırılması barədə” vəsatətlə məhkəməyə müraciət edərək: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-nin səyyar vergi yoxlaması ilə hesablanmış, 2018-2020-ci illər üzrə 2148384,03 manat mənfəət vergisi, 2020-ci ilin 1-ci rübü üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan vergi, 2018- ci ilin iyul-avqust, oktyabr, dekabr 2019-cu ilin may, iyuloktyabr, dekabr, 2020-ci ilin yanvar-iyun, oktyabr-dekabr, 2021-ci ilin iyun ayları üzrə 3264211,36 manat əlavə dəyər vergisi, 2018-ci ilin 4-cü, 2021-ci ilin 1-ci rübü üzrə 585339,05 manat məcburi dövlət sosial sığorta haqları, cari bəyannamələr ilə hesablanmış, 2023-cü ilin mart ayı üzrə 3240,63 manat əlavə dəyər vergisi, 2021-ci ilin 2ci-2022-ci ilin 4- cü rübü üzrə 75381,10 manat icbari tibbi sığorta haqları, 2020-ci ilin 4-cü- 2022-ci ilin 4-cü rübü üzrə 649481,14 manat məcbur dövlət sosial sığorta haqları, 2019-cu ilin 4-cü, 2021-ci ilin 2-ci-2023-cü ilin 1-ci rübü üzrə 67061,70 manat işsizlikdən sığorta haqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2022-ci il üzrə 92,15 manat əmlak vergisi, 2023- cü ilin 1-ci rübü üzrə 968,52 manat icbari tibbi sığorta haqları və 6053,25 manat məcburi dövlət sosial sığorta haqları olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 6808665,56 manat məbləğində vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparıldığını və İPM-in 7.2-ci maddəsinə istinadən, həmin cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyini bildirərək, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin həmin vəsatətinə etiraz edərək, cinayət işi üzrə icraatın davam etdirilib, etdirilməyəcəyi əksinə, məhkəmənin hazırkı iş üzrə yekun qərarından asılı olduğunu qeyd edərək, vəsatətlə razılaşmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9386/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbi üzrə məhkəmə baxışının həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021- il tarixli**********149171 saylı qərara əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərar qəbul edilmiş, cəmiyyətə 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosialsöğorta haqqı, 3487759.03 manat maliyyə sanksiyası hesablanmışdır. Odur ki, xüsusi ilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasını nəzərə alaraq 23200428 nömrəli cinayət işi açılmış və hal-hazırda həmin cinayət işi üzrə ibtidai araşdırma aparılır. Məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Belə ki, İddiaçı MMC-də vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanılan cinayət işi ilə əlaqədar aparılan cinayət təqibinin mübahisənin həllinə təsir etməsi halları mövcuddur. Həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Odur ki, hazırki mübahisə üzrə iş üçün əhəmiyyət kəsb edən sübutların və lazımı materialların Vergi Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən başlanılmış xx.xx.2023-cü il tarixli cinayət işi ilə əlaqədar olaraq həmin Baş İdarəsində olduğunu nəzərə alaraq hesab edilir ki, iş üzrə icraat dayandırılmalıdır (İPM-in 7.2-ci maddəsinə istinad olunur.)...” İddiaçı apellyasiya şikayətinə etirazında birinci instansiya məhkəməsinin qərardadının qanuni və əsaslı olduğunu qeyd edərək, qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıda keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərar əsasında iddiaçıya 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosial-söğorta haqqı, 3487759.03 manat maliyyə sanksiyası hesablanmış, həmin qərardan narazı qalan iddiaçı məhkəmədə mübahisələndirmə haqqında hazırkı iddianı qaldıraraq, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək yoxlama ilə aşkar olunan faktlar üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli Q2301706 saylı qərarı ilə AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət iş başlandığına görə, İPM-in 7.2-ci maddəsinə istinadən həmin cinayət təqibi başa çatanadək hazırkı iş üzrə icraatın dyandırılmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun həmin vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, cavabdeh vergi orqanının istinad etdiyi İPM-in 7.2-ci maddəsinin tələbinə görə: - inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, cinayət işi üzrə icraat başa çatana kimi, o halda məhkəmə baxışı dayandırmalıdır ki, həmin cinayət təqibi məsələnin həllinə təsir edə bilsin və ya cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Konkret halda isə hazırkı iş üzrə araşdırılan məsələnin həllinə yoxlamanın nəticələri üzrə aşkar olunan faktlar üzrə başlanan cinayət təqibinin təsiri var, nə də hazırkı mübahisənin həlillinin həmin cinayət təqibi üzrə məsələnin həllindən hər hansı bir asılığı vardır. Belə ki, konkret halda, məhkəmə tərəfindən tərəflərin məhkəmə qarşısında bərabərlik, çəkişmə və dispozitivlik prinsipi və şifahi məhkəmə baxışı qaydasında, hərtərəfli araşıdırma aparılmaqla, cinayət təqibinin başlanmasına əsas olan mübahisələndirilən qərarla hesablanmış əlavə vergilərin və maliyyə sanksiyalarının qanuni və əsaslı olubolmaması yoxlanılıb müvafiq hüquqi qiymət verildikdən sonra, müvafiq qərar qəbul edildiyi halda, cinayət təqibi üzrə araşdırılan məsələnin hazırkı işə təsirindən və ondan asılılığından söhbət gedə bilməz. Çünki, cinayət işin başlanmasına əsas olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərarında təsbit olunan haların qanunilyi və əsaslılığı inzibati məhkəmə icraatı qaydasında sübuta yetirilməlidir ki, həmin qərarla müəyyən edilən hallar (o cümlədən, vergidən yayınma faktı) nəzərə alınmaqla, cinayət təqibinin davam etdirilməsi mümkün olsun. Başqa sözlə, əksinə, cinayət təqibi üzrə həll olunan məsələnin həlli, hazırkı işin taleyindən asılılığı qaçılmazdır. Birinci instansiya məhkəməsi də məhz qərardadında əsaslı olaraq qeyd etmişdir ki, İPMin 7.2-ci maddəsinə istinadən məhkəmə baxışı o halda dayandırıla bilər ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar mövcud olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə ictraatından birinin o birindən asılılığı demək olardı. Ən azından, Azərbaycan Respublikasının Əsas Qanunu Konstitusiyanın 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi cavabdehin hazırkı inzibati işin icraatının dayandırılması barədə vəsətətinin təmin edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdeh vergi orqanının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9386/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9386/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar