Məhkəmə qərarları › İş №2-1(103)-870/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-870/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-870/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9963/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********128700 nömrəli qərarlarının ləğv olunması, əlavə hesablanmış verginin ləğv olunması və müvafiq qaydada aparılan əvəzləşmənin icrası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə vəsatətlə müraciət edərək iş üzrə “Neftqazmaş“ ASC-nin rəhbərinin və həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin rəhbərlərinin inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların, eyni zamanda əmtəəsiz əməliyyatlar ilə bağlı kameral vergi yoxlamalarının nəticəsi üzrə əlavə vergi məbləğlərinin hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsinə dair işlər üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda iddianın mümkünlük məsələsinin araşdırılması ilə əlaqədar olaraq hüquqi şəxsin adından verilmiş iddia ərizələrinin müəssisə rəhbərləri və yaxud onlar tərəfindən verilmiş etibarnamələr əsasında səlahiyyətli şəxs tərəfindən imzalanmasının həqiqiliyinin yoxlanması üçün riskli vergi ödəyicisi hesab olunan müəssisələrin rəhbərlərinin məhkəmə araşdırılmasına cəlb edilməsini zəruridir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9963/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh inzibati orqan vəsatətə uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9963/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, vəsatətin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmə adları qeyd edilən müəssisə rəhbərlərinin adi cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilməsi üçün hər hansı məhdudiyyət olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadının 33-cü bəndində göstərilmişdir ki, İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadının 42-ci bəndində qeyd edilmişdir ki, zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPMin 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Həmin Qərardadın 43-cü bəndində qeyd edilmişdir ki, vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icraatın hazırki mərhələsində “Neftqazmaş“ ASC-nin rəhbərinin və həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin rəhbərlərinin cəlb edilməsinə zərurət olmadığından onların iş üzrə üçüncü şəxs qismində cəlb edilmələri barədə vəsatət əsaslı hesab edilə bilməz. Apelyasiya şikayətində yeganə dəlil kimi məhkəmənin adları qeyd edilən müəssisə rəhbərlərinin adi cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilməsi üçün hər hansı məhdudiyyət olmamasının nəzərə alınmaması göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, belə bir məhdudiyyətin olmaması, istənilən, o cümlədən həmin şəxslərin iş üzrə adi cəlbetmə qaydasında işə cəlb edilə bilinməsini ehtiva etmir. Belə ki, cəlbetmə üçün əsas olmalıdır ki, hazırda bu iş üzrə də vəsatətdə qeyd olunan şəxslərin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9963/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar