Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-871/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3799/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 mənzil 5 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nərimanov rayonu, Xətai prospekti, 39 nömrəli, 1 mərtəbəli binada 4-5 nömrəli mənzil üzərində mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Hal-hazırda həmin mənzil sahəsi iddiaçı tərəfindən təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Buna görə də iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər toplanaraq cavabdeh orqana təqdim edilmiş, lakin cavabdeh idarə tərəfindən təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin hərəkətsizliyi onun konstitusiyon hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü, 154.1-ci, 178.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.2.2-ci və 33.1-ci maddələrinə istinad edərək ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İdarəyə xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki,ünvan 2 ünvanında yerləşən 4-5 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Lakin müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyriyaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu, texniki rəy və razılaşdırılmış eskiz layihəsi) təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə olunmuş sənədlər surətdir və həmin sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bu səbəbdən də, ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Cavabdeh apellyasiya şikayətində İnzibati Prosessual Məcəllənin 28.1, 82, 87.6, 87.7, Mənzil Məcəlləsinin 20.1., 20.3, 21.1, 21.9, 24.1, 26.1, 27.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2012-ci il tarixli, 695 nömrəli və xx xxxxxx 2018-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı, xx.xx.2019-cu il tarixli, 74 saylı qərarlarına istinad etmişdir. İşə apellyasiya qaydasında baxılarkən xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3799/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.105 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada 47 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 4-5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ******* saylı, MH seriyalı tarixli çıxarış verilmişdir. İddiaçı ona məxsus mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, **********80 saylı məktubla cavab verilərək bildirilmişdir ki, mənzillərin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahənin razılaşdırılmış eskizi, bildiriş məktubu və texniki rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Mənzilə artırılmış sahələrin yerləşdiyi torpaq sahəsi ümumi istifadəsinə olan birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki,iş materiallarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər mövcuddur və sadalanan sənədlər cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin halları nəzərə almamış, qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərərək onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. (20.4) Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.(21.1); Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. (21.5) Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. (21.6) Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. (21.7) Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. (21.8) Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. (21.9) Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. (21.10). Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi təsdiq edilir. Əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir Hazırki halda, iddiaçı tərəfindən iş materiallarına Nərimanov rayonu, Xətai prospekti 39 saylı ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırmanın eksiz həlli əlavə edilmiş, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və s.) əlavə edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Nəzərə alınmalıdır ki, qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasının əsaslarını dəqiq müəyyən etmişdir. Hazırki halda, iddiaçı tərəfindən ona məxsus mənzilin qeyri yaşayış sahəsi kimi qeydiyyatının aparılması üçün cavabdeh orqana qanunvericiliklə müəyyən edilmiş sənədlər təqdim edilmədiyi üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı sözügedən subyektlərin icraata cəlb edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3799/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3799/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-871/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-871/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver