Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-871/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X24 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialı) qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2456/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dövlət ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində inzibati iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN-dən iddiaçının **********99901 nömrəli ÜSY təyin olunması barədə 26.11.2019-cu il tarixli imtina məktubu verilmişdir. İmtinanın cavabı kimi göstərilmişdir ki, iddiaçı və onun oğlu kommunal və rabitə xərclərinin minimumdan 10% artıq işlətmişdir. AR ƏSSMN tərəfindən müraciətə düzgün baxılmayıb, araşdırılmayıb, kommunal və rabitə xərclər düzgün riyazı hesablanmayıb. İddiaçı və onun oğlu evsiz vətəndaşlar kimi Sabunçu RPİ-nin 8-ci inzibati binasında qeydiyyatdadır. DÜSY yaşayış yeri üzrə təyin olunur. Qaz, işıq, su kodları iddiaçının deyil, ev sahibinin və onun oğlunun adındadır. Kommunal xərclər iddiaçıya və onun oğluna tam aid deyil. Ev sahibinin ailəsi 9 nəfərdən ibarət olmaqla, ümumilikdə 11 nəfər təşkil edir. Kommunal xərclər 2 nəfər arasında deyil də, on bir nəfər arasında bölünməli idir. İddiaçı hazırda əmək müqaviləsi əsasında minimal maaşa 250 manata sosial işçi (xadimə) vəzifəsində 143 MTS-də çalışır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2456/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 26.11.2019-cu il tarixli, **********999 nömrəli ərizə ilə elektron formada müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli qərarına əsasən Ünvanlı Dövlət Sosial Yardımına müraciət edilməsi elektron qaydadadır. Vətəndaş İddiaçı müraciətinə əsasən elektron formada qurumlarla yoxlanılması əsasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (2019-cu il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun məbləği 180 manatdır) 10 faizindən çox olması səbəbindən imtina edilmişdir. Vətəndaş müraciəti zamanı ərizə bəyannaməsində Azərişıq üzrə illik xərcini 200 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 429.87 AZN, Azəriqaz üzrə illik xərcini 65 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 430 AZN, Azərsu üzrə illik xərcini 50 AZN qeyd edib, aidiyyatı qurumun elektron bazasından gələn məlumat 115,50 AZN-dır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. İddiaçı 26.11.2019-cu il tarixdə ünvanlı dövlət sosial yardımının alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Həmin tarixli, **********99901 saylı nömrəli müraciətə görə sosial yardımın təyin olunmasından aşağıdaki səbəblərə görə imtina edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosail yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmasıdır. Məhkəmə araşdırması zamanı 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, PYUA 38/10 ünvanında yerləşən 44 saylı mənzil baxış keçirilmiş, həmin mənzildə 3 ailə tərkibi olmaqla (Novruzovlar ailəsi, Məmmədovlar ailəsi və iddiaçının ailəsi) ümumilikdə 13 fərdi fiziki şəxsin yaşadığı və iddiaçının oğlu ilə birgə həmin mənzilin 9 kv.m. sahəsində, yəni bir otağında yaşadığı müəyyənləşdirilmişdir. Üçüncü şəxs qismində baxışa cəlb olunmuş X2 üzrə Mərkəzi Filialın əməkdaşı, sözügedən evə daxil olduqda ilk olaraq sayğacların sayına diqqət yetirmiş və həmin evdə üç fərqli ailənin istifadəsində yalnız bir, su/təbii qaz/işıq sayğacı aşkar etmişdir. Həmin sayğaclar da ev sahibi olan Novruzovlar ailəsinə məxsusdur. Ünvanlı sosial yardım, adından göründüyü kimi, ünvana təyin olunur, daha dəqiq desək müəyyən ünvanda yaşayan ailəyə. Belə olan halda isə İddiaçı ünvanlı yardımın təyin olunması üçün VEMTAS proqramına məlumatları daxil edərkən, elektron ərizə-bəyannamədə ev sahibi olan Novruzovlar ailəsi barəsində məlumatları qeyd etməsi daha məqsədəuyğun hesab olunardı. Çünki hər üç sayğac məhz onların adınadır. İddiaçının Novruzovlar ailəsi ilə heç bir qohumluq əlaqəsinin olmaması, ev sahibinin iddiaçı ilə kirayə müqaviləsinin bağlamaması və bir sayğacın eyni anda üç fərqli ailənin istifadəsində olması faktı özü özlüyündə bir qanun pozuntusudur. Çünki “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 1.0.2,-ci bəndində aydın şəkildə göstərilir ki, ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. İddiaçıya yerli baxış zamanı izah olunmuşdur ki, heç bir qohumluq əlaqəsi olmayan üç ailənin birgə istifadəsində olan və ev sahibi olan Novruzovlar ailəsinə məxsus sayğacların tək ədəddə olması qanunda qeyd olunan birgə təsərrüfat anlayışına ziddir. Həmçinin yardım məqsədi ilə iki çıxış yolu təklif olunmuşdur: yaşadığı sahəyə əlavə sayğacların çəkilməsi və beləliklə də yalnız o ailənin istifadə etdiyi sayğac göstəricilərinin VEMTAS-a daxil edilməsi. İkinci variant kimi isə, kirayə qaldığı yaşayış evinin dəyişdirilməsi, çünki məhz həmin evə köçdükdən sonra ünvanlı yardımın alınması ilə bağlı problemlər yaranmışdır. İddiaçı heç bir təkliflə razılaşmadığı üçün ona izah olunmuşdur ki, belə olan halda mövcud vəziyyətdə sosial yardımın təyin olunması mümkünsüz hesab edilir. DSMF bir inzibati orqan kimi öz vəzifəsini icra etməkdən boyun qaçırmır. Hələ 2006-cı ildə ünvanlı dövlət sosial yardımı təyin olunmağa başladığı vaxtdan İddiaçı o yardımı alan ilk şəxslərdən biri olmuşdur. Və 11 il ardıcıl olaraq həmin yardımdan yararlanmışdır. Müəyyən səbəblərdən dolayı yaşayış yerini dəyişdikdən sonra həmin yardımın alınmasında problemlər yaranmışdır. İddiaçının hazırda yaşadığı mənzildə yalnız bir sayğacın olması və mənzilin digər sakinləri tərəfindən istifadə olunan kommunal xidmətlərə görə illik kommunal xərclərin yaşayış minimumunun 10%-ni keçdiyi üçün VEMTAS tərəfindən əsaslı olaraq imtina verilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı 26.11.2019-cu il tarixli, **********99901 nömrəli müraciətinə cavabdeh tərəfindən imtina verilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmasıdır. “İnayə” xeyriyyə ictimai birliyi tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, 28.04.2016-cı il tarixindən ictimai birliyinin qeydiyyatında olan İddiaçı oğluna universitetinin təhsil haqqının ödənilməsi üçün 22 avqust 2019-cu il tarixində 1.420 manat maddi yardım göstərilmişdir. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 31.08.2020-ci il tarixli, 55/908 saylı arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Novruzovlar ailəsinin ailə tərkibi aşağdakilardı: X7, X8, X9, X4, X10, X11, X12, X5, X14, X15, X13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, **********8 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 01.02.2018-ci il tarixdən 31.08.2019-cu il tarixədək ünvanlı sosial yardım almışdır. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə ünvanlı yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Həmin Qanunun 4.2.1-ci bəndinə əsasən,sosial yardımının əsas prinsiplərindən biri, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunmasıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005- ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Ünvanlı sosial yardımın təyin edilməsi isə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada «Elektron hökumət» və ya Nazirliyin «esosial» internet portallarında yerləşdirilmiş X18 və X30 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən çəlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Sosial yardımın təyin olunmasına imtina olunmalı hallar, həmin Qaydaların 3.7-ci bəndlərində göstərilmişdir. İddiaçının ünvanlı sosial yardımın təyin edilməsində imtina edilməsinin səbəbi olaraq “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-ci maddədə göstərilən halın mövcud olmasıdır. Həmin Qaydaların 3.7.6-cı maddəsinə əsasən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, sosial yardımın təyin olunmasından imtina edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İddiaçının hazırda oğlu ilə birgə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilin illik kommunal xərcləri ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çoxdur. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən mənzildə iddiaçı və onun oğlundan savayi, əlavə olaraq digər fiziki şəxslər də yaşayırlar. Birinci instansiya məhkəməsi tərəfindən 09 oktyabr 2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilə yerli baxış keçirilmiş, həmin mənzildə 3 ailə tərkibi olmaqla ümumilikdə 13 fərdi fiziki şəxsin yaşadığı və iddiaçının oğlu ilə birgə həmin mənzilin 9 kv.m hissəsində, yəni mənzilin bir otağında yaşadığı müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçının yaşadığı otaq mənzilin zirzəmi hissəsinə aiddir. Sözügedən mənzildə yalnız bir sayğacın mövcudluğu aşkar olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsində araşdırma zamanı göndərilmiş sorğuya cavab məktubundan da, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzildə İddiaçı və onun oğlundan başqa, əlavə olaraq Novruzovlar ailəsindən 8 fərdin və Məmmədov ailəsindən 3 fərdin yaşadığı öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə, “Sudan istifadə” Qaydalarının 7.2-ci bəndinə əsasən, “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə istinad edərək qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə qazdan, sudan, elektrik enerjisindən istifadə və istifadə olunan sərfiyyatlara görə ödənilməli olan xərclər məhz mənzildə quraşdırılmış sayğaclar əsasında aparılır. İddiaçının hazırda yaşadığı mənzildə yalnız bir sayğacın olması və mənzilin digər sakinləri tərəfindən istifadə olunan kommunal xidmətlərə görə illik kommunal xərclərinin yaşayış minimumundan 10 % çox təşkil etməsi iddiaçının iradəsindən asılı olmayan bir haldır. Belə ki, sözügedən mənzilin mülkiyyətçisi tərəfindən əlavə sayğacların quraşdırılmasına icazə verilməmişdir. Bu hal bilavasitə ona səbəb olur ki, mənzildə yaşıyan bütün fiziki şəxslər tərəfindən istifadə olunan kommunal xidmətlərin xərcləri ümumi hesablanır. Nəzərə alsaq ki, mənzil ilə bağlı illik işıq sərfiyyatına görə - 522 manat (1 illik 1 nəfərə -40 manat); qaz sərfiyyatına görə - 453 manat (1 illik 1 nəfərə - 35 manat) və su sərfiyyatına görə - 119 manat (1 illik 1 nəfərə -9 manat) ödənişlər mənzilin hər fərdinə mütənasib hesablansa, iddiaçıya və onun oğluna illik hesablanacaq kommunal xərclər ayrı ayrılıqda yaşayış minimumundan 10 % dan çox deyildir. Belə olan halda, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10,ünvanında yerləşən 44 saylı mənzilinin illik kommunal xərclərinin yaşayış minumumundan 10-% çox olması, hazırki iddiaçının müraciətinə imtina edilməsi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2456/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2-1(103)-871/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-871/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver