Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-871/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8989/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya verilmiş RF VİDU -nun Diplomunun tanınması və Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, imtina aktının surətin iddiaçıya bu günə kimi təqdim edilməyib. O, xx.xx.2022-ci ildə yazılı surətdə cavabdehə müraciət etsə də ona yalnız bu sənədin surətini təqdim etdilər. Belə ki, o yaşadığı ünvanıı ərizəsində göstərsə də həmin cavab onun qeydiyyatda olduğu, faktiki mövcuyd olmayan ünvana göndərilmişdir. O, şəxsən həmin sözügedən təşkilata gedərək, ona Şəhadətnamə niyə verilmədiyini bildirdikdə, ona heç içəri daxil olmağa qoymamışlar. O, Vəkilə müraciət edəndən sonra, vəkilin köməkçisi ilə xx.xx.2022-ci tarixdə nəhayət ki, bu cavabı almışdır. Yenədə ona məlum deyildir ki, hansı səbəbdən ona bu cavabı vermirlər. Bildirirlər ki, onun şəxsi kabinetinə göndərilib. O, bu kabinetdən neçə illərdir ki, istifadə etmir. Hətta ora daxil ola bilmir. Ona verilmiş sənəddədə bu izah olunmur ki, hansı səbəbdən ona diplomun tanınması barədə şəhadətnamə verilmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli oldu. O, qiyabi təhsil almışdır. Distant onlayn halda bütün leksiyalarda iştirak etmişdir. Birinci iki ildə iki dəfə RF Vladimir şəhərində olmuşdur. Semestr imtahan və zacotlarını vermişdir. Sonrakı illərdə iki dəfə RF Vladimir-şəhərində olaraq, təhsilini davam ertdirərək diplom işini hazırlayaraq dövlət imtahanı vermişdir. Bundan sonra ona VİDU-nun diplomu verilmişdir. Azərbaycan Təhsil Nazirliyi ilə RF Vladimir Dövlət Universiteti arasında Tibb bacısı işlədiyindən aldığı ixtisas üzrə işləmək imkanı olmayıb. Diplomun tanınması və ona şəhadətnamə verilməsi üçün Cavabdeh təşkilata müraciət etmişdir. Məndən onlayn formada rus dilində imtahan götürmüşlər. İmtahanda uğurlu cavab vermişdir. Rus dilində sərbəst danışmağı və yazmağı bilir. O, Bakı şəhərində böyümüşdür və rus dilini uşaq yaşlarından bilir. Qiyabi təhsil almışdır. Distant bütün məşğələ və leksiyalarda iştirak etmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2010/2011-ci tədris ili üzrə -14 gün, 2011/2012-ci tədris ili üzrə -14 gün, 2012/2013- cü tədris ili üzrə - 6 gün, 2013/2014-cü tədris ili üzrə - 4 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102) - 43/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102) - 377/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2- 1(102)- 682/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8989/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, qiyabi distant təhsil almışdır, ildə bir dəfə imtahan və seminarları vermək üçün Vladimir şəhərinə getmişdir, onlayn distant dərslərə qoşulmuşdur və bütün mühazirələrdə iştirak etmişdir, işlədiyi üçün belə bir təhsil növü seçmişdir, AR-də Covid 19 pandemiyası ilə bağlı hətta orta məktəblər onlayn distant təhsil almışlar, belə çıxır ki, bu illərdə AR-in şagird və tələblərinin aldığı onlayn distant təhsil qanunsuzdur, bütün Avropa ölkələrində o cümlədən Rusiya Federasiyasında belə bir təhsil növü vardır və həmin təhsil növü üzrə alınmış diplomlar həmin ölkələrdə tanınır. Azərbaycan Respublikası Avropa İttifaqına inteqrasiva edən ölkələrdən biridir. Azərbaycan Respublikası Avropa İttifaqının və Avropa konvesiyasının qanunlarına istinad edir. Bütün məhkəmə instansiyalarında məhkəmə qərar və qətnamələrində Avropa konvesiyasının müddəalarına istinad edilərək qərarlar çıxarılır. Azərbaycan Respublikasının məhkəmələri Avropa konvesiyanın qanunlarından öz qərarlarında istifadə edir. Bu da onu bildirir ki, Azərbaycan Respublikası Avropa konvesiyasına qoşulmuş bir dövlətdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Vladimir Dövlət Universiteti arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Vladimir Dövlət Universitetində təhsil alan Azərbaycan vətəndaşlarına verilən diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Avropa konvesiyasına əsasən onun təhsil hüququ kobudcasına pozulur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, İddiaçı təhsil forması qiyabi, fərdi tədris planı üzrə təhsil müddəti 3 il 6 ay, tədris dili rus dili olmaqla Rusiya Federasiyası “Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti”nin “Psixologiya” istiqaməti üzrə qiyabi təhsil (bakalavriat) şöbəsində 2010-2014-cü illər ərzində təhsil almış və ona “Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti” tərəfindən 26 oktyabr 2016-cı il tarixli, 103304 ******* saylı bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, araşdırma zamanı İddiaçı təhsil dövründə təhsil aldığı ölkədə qısa müddət ərzində , yəni 2010/2011-ci tədris ili üzrə-14 gün, 2011/2012-ci tədris ili üzrə-14 gün, 2012/2013-cü tədris ili üzrə-6 gün, 2013/2014-cü tədris ili üzrə -4 gün olması müəyyən edilmiş,odur ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması əsası ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»-in: -1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. -6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Apellyasiya şikayətinin dəlillərinə münasibət:. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati orqan imtina qərarında iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmasına istinad etmişdir. Məhkəmə kollegiyası imtinanın əsasını yoxlayaraq, qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: - Rusiya Federasiyası “Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş 26 oktyabr 2016-cı il tarixli, 103304 ******* saylı Bakalavr diplomundan görünür ki, iddiaçıya həmin universitetin Psixologiya ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. - Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 26 oktyabr 2016-cı il tarixli, 103304 ******* saylı diploma əlavədən görünür ki, həmin sənəddə iddiaçının aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Həmin universitetin ali təhsil pilləsinin bakalavr səviyyəsində qiyabi (qiyabi sürətləndirilmiş) şöbəsini bitirmiş, proqramın rəsmi müddəti 312 həftə olaraq göstərilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli 33/2361 nömrəli məktubla xx.xx.1984-cü il təvəllüdlü İddiaçı 2010-2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, iddiaçı təhsil aldığı ölkədə 2010/2011-ci tədris ili üzrə -14 gün, 2011/2012-ci tədris ili üzrə - 14 gün, 2012/2013- cü tədris ili üzrə - 6 gün, 2013/2014-cü tədris ili üzrə - 4 gün olmuşdur. -İş materiallarında olan Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi Ali Təhsilinin federal Dövlət Təhsil Müəssisəsi “Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 34/550 nömrəli məktubdan görünür ki, İddiaçı 2010-cu ildə “Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universiteti”nə “Psixologiya” istiqaməti üzrə qiyabi təhsil (bakalavriat) şöbəsinə qəbul olmuşdur. Qəbul haqqında xx.xx.2010-cu il tarixli № 526 saylı əmr. “Psixologiya” İstiqaməti üzrə normativ təhsil müddəti: 5 il.“Rusiya Federasiyasında təhsil haqqında” Federal Qanuna əsasən, orta peşə və ya istənilən dərəcə ali təhsili olan şəxslər mütəxəssis, bakalavr və magistratura təhsil proqramları sürətləndirilmiş şəkildə həyata keçirilə bilər. İddiaçı, xx.xx.2004-cü ildə “№2 saylı Bakı Baza Tibb Məktəbi” tərəfindən verilmiş AB-İİ №.109125 saylı orta peşə təhsili haqqında diplomu əsasında fərdi tədris planı üzrə təhsilə qəbul olmuşdur. Fərdi tədris planı üzrə təhsil müddəti – 3 il 6 ay təşkil edir. İddiaçı, təhsilini tam mənimsəmiş və “Psixologiya”istiqaməti üzrə bakalavr dərəcəsini almaqla, təhsil proqramının müvəffəqiyyətlə bitirməsi ilə əlaqədar üniversitetdən xaric edilmişdir. Göründüyü kimi, bakalavr pilləsi üzrə qiyabi təhsil müddəti (fərdi tədris planı üzrə) proqramın rəsmi müddəti 312 həftə müəyyən olunduğu halda, iddiaçının 2010-2014-cü illərdə (tədris illəri) ölkədən çıxışı 38 gün təşkil etmişdir. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. İddiaçının xarici ölkədə aldığı təhsili Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruridir. İddiaçının tədris müddətində təhsil müəssisəsində tələb olunan müddətdən az olması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı müəssisədə olmadığından aldığı təhsilin səviyyəsi Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş normalar əsasında yenidən inzibati icraat aparılması ilə bağlı cavabdeh orqana verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir. 1-ci il - 14 gün, 2-ci il -14 gün, 3-cü il - 6 gün, 4-cü il- 4 gün. Dövlət imtahan tarixi xx.xx.2014-cü il. Kollec diplomu əsasında qəbul olunub. İddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən az yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi № 103304 ******* nömrəli, xx.xx.2016- cı il tarixli diplomun **********542 nömrəli, xx.xx.2019cı il tarixli diplom əlavəsində iddiaçıya tədris olunan dərslərin müddəti 312 həftə (480 saat) və həmin əlavənin 5-ci bəndindən iddiaçının təhsil formasının qiyabi formada təhsil alması müəyyən edilir ki, bu da yuxarıda göstərilən Sazişin iddiaçıya münasibətdə tətbiqini istisna edir. Həmçinin iddiaçının diplom əlavəsində iddiaçıya tədris olunan 63 fənnin siyahısı və həmin dərəslər üçün ayrılmış saatlar göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı təhsil aldığı 2010-2014-cü illər ərzində cəmi 38 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da iddiaçının auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsaslar mövcud olduğundan və 23 avqust 2023-cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı da iddiaçının hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (İ tədris ili üzrə- 14 gün, İİ tədris ili üzrə -14 gün, İİİ tədris ili üzrə - 6 gün getmiş, İV tədris ili üzrə -4 gün) tələbinin ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8989/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8989/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-871/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-871/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver