Məhkəmə qərarları › İş №2-1(103)-872/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-872/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-872/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin elektron sistemdə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdi, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verildi. xx.xx.2014-cü il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edildi. xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman iddiaçıya məlum oldu ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq imtina edilməsi göstərilib. Halbuki, o, 2014-cü ildən müddətsiz əlildir. Onun əlilliyin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki onun əlilliyi 2014-cü ildə qiymətləndirilmişdir və, o, 2-ci qrup müddətsiz əlildir. İddiaçı hesab edir ki, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də cavabdeh tərəfindən onun əlilliyi bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 Saylı şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya kəskin asteno nevrotik sindrom. Sol tərəfli hemiparez. ÜİX: Gərginlik stenokardiyası İİ fs. Hipertoniya xyi İİ B mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qapalı KBT-sı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 15 Saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X5 xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllə sinirlərinin travmalarının nəticələri, Baş beynin travma xəstəliyinin qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir. Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mərmi partlamasından sonrakı keçirilmiş QKBT davamlı kəllə- beyin travmasının qalıq əlamətləri. Nevrasteniya, Nevrasteniya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik təyini üçün təqdim edilmiş xəstəliyin səbəb əlaqəsi haqqında (Xəstəlik şəhadətnaməsi, №-si, verilmə tarixi, diaqnoz, HHK) məlumat göstərilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan instrumental müayinələr və 1993 - 2010 ci illər ərzində olan stasionar müalicələr ətraflı qeyd olunsun. Xəstəliyin başlanma tarixi XX.08.1993” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçıya elektron təyinatla xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdən “2.2. İkinci dərəcə əlillik => DİGƏR: Kəllə beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno nevrotik sindrom” səbəbi ilə 5 illik İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əlilliyin müddəti bitmişdir. İddiaçı sonuncu dəfə Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyin qiymətləndirilməsi üçün müraciət etmiş və ona “Göndərişin natamam doldurulması - Səbəb: Əlillik təyini üçün təqdim edilmiş xəstəliyin səbəb əlaqəsi haqqında (Xəstəlik şəhadətnaməsi, №-si, verilmə tarixi, diaqnoz, HHK) məlumat göstərilməmişdir.Ekspertiza üçün əhəmiyyətli olan instrumental müayinələr və 1993 - 2010 ci illər ərzində olan stasionar müalicələr ətraflı qeyd olunsun.Xəstəliyin başlanma tarixi XX.08.1993” səbəbi ilə imtina verilmişdir. İmtina səbəbləri aradan qaldırılmadığı üçün məhkəmə tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq, elektron sistemdəki məlumatlara dair arxiv sənədlərinin, inzibati icraat materiallarının təqdim edilməsinin mümkün olmadığını bildirmişdir.TSEK arayışına münasibətdə isə izahatı zamanı 9 saylı TSEK inzibati orqan sayılmadığını, bu əsasla verilmiş arayışa münasibət bildirə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, iddiaçının xx.xx.2014-cü ildən 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsini xahiş etdilər. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1994-cü ildə yaralanmış, ilk dəfə ona 2012-ci ildə əlillik dərəcəsi verilmiş, 2014-cü ildə isə müayinə nəticəsində müddətsiz əlillik təyin edilmişdir. TSEK tərəfindən ona rəsmi arayış təqdim edilmişdir. Daha sonralar inzibati orqan tərəfindən heç bir müayinələrə cəlb edilməmiş, 2021-ci il tarixədək əlilliyinin müddətli olması barədə məlumatlı olmamış, əlilliyinin dayandığı vaxtda elektron sistemdəki məlumatlardan xəbərdar olmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək müddətsiz ikinci dərəcə əlillik təyin edilməsinə baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində əlilliyin müddəti xx.xx.2015-ci il tarixədək, sonra isə xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya əlavə müalicəyə ehtiyacın olması, xx.xx.2021-ci il tarixli qərarına əsasən isə göndərişin natamam doldurulması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından bəlli olur ki, iddiaçı xx.xx.2014-cü ildə təkrar müayinədən keçmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbilə müddətsiz əlillik təyin edilmişdir. 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən SER TSE-01№ 519512 saylı “təkrar müayinədən keçən əlillər üçün” əlilə verilən arayışdan aydın görünür ki, iddiaçıya müddətsiz əlilliyin təyininə əsas 4482 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı olmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş “Əlillik” altsistemindən çıxarışdan görünür ki, müayinə tarixi arayışdakı kimi eyni yəni xx.xx.2014-cü il olmaqla 4482 saylı qeydə əsasən iddiaçıya 1 il müddətinə əlillik təyin edilmişdir. TSEK arayışının nömrəsi də 519512 kimi qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya təqdim edilmiş arayışda iddiaçının müayinə aktına əsasən əlilliyi müddətsiz qeyd edilsə də, elektron sistemdəki məlumat tamamilə fərqli olmuş, təyin olunmuş əlilliyin müddətli (1 illik) olması barədə qeyd daxil edilmişdir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi qeyd edilən ziddiyyətli məqamla bağlı bildirmişdir ki, arayışı təqdim edən 9 saylı Tibbi Sosial Ekspert Komissiyası inzibati orqan sayılmır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh elektron sistemdə aparılan qeydlərə dair arxiv sənədlərini, elektron sistemdəki məlumatın istinad edildiyi TSEK arayışını və müayinə aktını təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna əsasən sonrakı müayinələrə dair də sənədlər təqdim edilməmişdir. Beləliklə, iş materiallarına əlavə olunmuş 9 saylı Tibbi Sosial Ekpert Komissiyasının arayışındakı məlumatlara münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatlar inzibati akt qüvvəsinə malikdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. - 28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, işin araşdırılmış hallarından aydın olduğu kimi, iddiaçı 2014-cü ildən 2-ci dərəcə müddətsiz əlil təyin olunduğu halda, inzibati orqanın elektron sistemində əlilliyin müddətli olması barədə qeyd iddiaçının hüquqlarını pozur. İddiaçıya müddətsiz əlilliyə dair TSEK arayışının verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Cavabdeh inzibati orqan da öz növbəsində hazrki vəziyyətdə sözügedən TSEK arayışına əks məzmunlu olan müayinə aktlarını, arxiv sənədlərini təqdim edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Beləliklə, hazırki işdə cavabdeh inzibati orqan elektron sistemdəki məlumatlara dair inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar