Məhkəmə qərarları › İş №2-1(103)-873/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-873/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-873/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, iddiaçı “X3” MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5368/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2020-ci il tarixli **********137424 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 2.760.203,61 manat əlavə vergi məbləği və 1.380.181,81 manat maliyyə sanksiyasının silinməsini xahiş etmişdir. Ərizəçi eyni zamanda məhkəməyə vəsatət təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin “Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 16.09.2020-ci il tarixli **********9 nömrəli qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Vəsatətin əsaslarına görə, iddiaçı 18.06.2020-ci il tarixli **********137424 nömrəli qərarı mübahisələndirməsinə baxmayaraq, həmin inzibati aktla hesablanmış vergi məbləğinin (borcunun) dövlət büdcəsinə alınması istiqamətində cavabdeh tərəfindən “Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 16.09.2020-ci il tarixli **********9 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, vergilərin hesablanmasına əsas olmuş inzibati aktı mübahisələndirdiyi bir dövrdə vergi orqanı tərəfindən borcun ödənilməsini təmin etməklə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilməsi yolverilməzdir. Bu özlüyündə iddiaçıya təsir göstərmək, onu əsassız olaraq hesablanmış vergilərin ödətdirilməsinə məcbur etmək məqsədi daşıyır. Bu səbəbdən inzibati akt mübahisələndirildiyi müddətdə 16.09.2020-ci il tarixli qərarın icrası dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 16.09.2020-ci il tarixə şəxsi hesab vərəqəsində 4.575.030,12 manat, o cümlədən vergilər üzrə 2.795.667,79 manat, faizlər üzrə 273.919,03 manat, maliyyə sanksiyası üzrə 1.380.201,81 manat borcun dövlət büdcəsinə ödənilməməsi ilə əlaqədar 16.09.2020-ci il tarixli **********9 “Əmlakın siyahıya alınması haqqında” qərar qəbul edilmiş, həmin qərar əsasında 16.09.2020-ci il tarixdə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmiş, vergi ödəyicisinin ünvan 1 ünvanda yerləşən tikintisi başa çatmış binanın 2, 3 və 4-cü mərtəbələrində ümumilikdə 2.550 kv.m. qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Məhkəmə qərardadında iddianın uğurluluq ehtimalının aydın olmadığını qeyd etməyinə baxmayaraq, inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul etmişdir. İnzibati prosessual qanunvericlik müvəqqəti xarakterli müdafiə tədbiri qismində iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutmuş və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Vergi orqanı tərəfindən iddiaçıya məxsus yaşayış binasının özgəninkiləşdirilməyən 2.550 kv.m. qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur. Göründüyü kimi, siyahıya alınmış əmlak vergi ödəyicisinin mülkiyyətində qalır. Belə olan halda isə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasında hər hansı çətinlik yaranmayacaqdır. Əmlakın siyahıya alınması barədə qərar, inzibati iş üzrə yekun məhkəmə qərarı vergi orqanının lehinə olduğu təqdirdə, vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış öhdəliyinin icra edilməsinin təminatıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci və 89.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirmədən, yalnız iddiaçının formal mülahizələri əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20.04.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Bu kontekstdə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Qanunvericiliyin bu tələbi ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Birinci instansiya məhkəməsi də qərardadında göstərmişdir ki, “Məhkəmə bu halı nəzərə alır ki, hazırkı halda iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir.” Bundan əlavə, birinci instansiya məhkəməsi qərardadında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olduğunu qeyd etsə də, bu zərurətin nədən ibarət olduğunu öz aktında müzakirə etməmiş və əsaslandırmamışdır. İlkin tənzimləmənin zəruriliyi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində də dəqiqləşdirilməli idi. Belə ki, ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Lakin işdən görünür ki, ərizə bu qaydada əsaslandırılmamasına baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq ərizəni təmin etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, İPM-lə müəyyən edilən şərtlər müzakirə edilməyən və sözügedən hallara hüquqi qiymət verilməyən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin tam yaxud qismən təmin edilməsi haqqında qəbul edilən qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5368/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar