Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-873/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 24 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (XX.XX.1944-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5158/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən torpaq sahəsinin koordinatlarının və ölçüsünün mövcud vəziyyətdə müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən bağ sahəsi 30 ildən artıq müddətdir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsinin sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi üçün iddiaçı Səbail rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999- cu il tarixli, 251 №-li Sərəncamına əsasən Badamdar qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş və yerləşmə cizgisinə əsasən mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin Səbail rayonu İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin həmin bağ sahəsinə dair tərtib etdiyi cizgidə bağ sahəsinin ölçüləri öz əksini (divarların uzunluğu ölçülməklə) tapmışdır. Qeyd olunan sənədlər əsasında həmin bağın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə etdiyi müraciətə, həmin idarədən verilmiş 12.03.2021-ci il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunan məktubda imtinanın əsası kimi göstərilmiş hallar ondan ibarətdir ki, torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur, həmçinin Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyi göstərilmişdir. Həmin torpaq sahəsi 30 ildən artıq müddətdir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Eləcə də Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamında Badamdar qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş və yerləşmə cizgisinə əsasən mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi qeyd olunmuşdur. Səbail rayonu İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin həmin bağ sahəsinə dair tərtib etdiyi cizgidə bağ sahəsinin ölçüləri öz əksini (divarların uzunluğu ölçülməklə) tapmışdır. Göründüyü kimi qeyd olunan sərəncamda bağ sahəsinin mövcud olması və bağ sahəsinin ölçüsünün icra nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən müəyyənləşdiyi qeyd olunmuşdur. Həmçinin həmin bağın yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı, o cümlədən qonşularla heç bir mübahisə yoxdur. Torpaq sahəsi hasara alınmış və həmin torpaq sahəsinin mövcud vəziyyətdə iddiaçının istifadəsində və sahibliyində olması hamıya məlumdur. Bu səbəbdən də cavabdehin 12.03.2021-ci il tarixli məktubunda göstərilən hallar tamamilə əsassızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən və onun istifadəsində və sahibliyində olan 700 kv.m torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5158/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən 700 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcüddur. Həmçinin həmin torpaq sahəsinin ölçüsü Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamında qeyd edilməmişdir. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.03.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 11.03.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin sözügedən torpaq sahəsinin ölçüsü Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999cu il tarixli, 251 saylı sərəncamında qeyd edilməyib. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 26.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, RİHBnin (mətnə uyğun) Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama Səbail RİH Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş Paşayev Fərzalı (mətnə uyğun) Abbasqulu oğluna məxsus bağ sahəsinin cizgisi əlavə edilmişdir. Həmin sərəncama əlavə edilmiş İddiaçı tərəfindən Səbail RİH-nə ünvanlanmış ərizədən görünür ki, o, 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli qərarı ilə ona verilən Badamdar qəsəbəsində yerləşən bağ sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 23.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri X4 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli 40/4660 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İcraiyyə Komitəsinin 14.07.1989-cu il tarixli 22/2175 nömrəli qərarına əlavə olaraq İddiaçı, A.M.Hüseynov, A.T.İsmayılov, M.A.Paşayevin bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş bağ sahəsinin mövcud vəziyyətdə Planından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamı ilə İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-ci il tarixli məktubdan görünür ki, qaldırılan məsələ ilə əlaqədar bildirilmişdir ki, Səbail RİH başçısının 26.02.1999-cu il tarixli 251 saylı Sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail Rayon icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri X4 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli 40/4660 nömrəli qərarına əsasən iddiaçının bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin qərara əsasən iddiaçı Səbail RİH-nə ərizə ünvanlayaraq ona verilən Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamına əsasən RİHB-nın Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama torpaq sahəsinin cizgisi də əlavə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Plana əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamı ilə İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir və torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri X4 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli 40/4660 nömrəli qərarının, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamının ləğv edilməsi və ya qüvvədən düşməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsas mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqlərinin mövcud olması ilə bağlı qeyd edir ki, qeyd edilənlər, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina olunması formal mülahizələrə söykənən hallardır və imtina üçün əsas kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-873/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-873/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver