Məhkəmə qərarları › İş №2-1(103)-874/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-874/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-874/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2649/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2649/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona ödənilməmiş 12 illik pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona əvvəlki dövrlərin yalnız son 3 ilininin ödənişi edilmişdir. Hesab edir ki, ona 2006-2016-cı illərin ödənilməmiş pensiyası da ödənilməli idi. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçıya 2019-cu ilin fevral ayından ödənilməmiş 3 ilin pensiya məbləöi ödənilmişdir. Göründüyü kimi, DSMF-nun Yasamal rayon Şöbəsi tərəfindən xx.xx.2017-ci ildən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinin tələblərinə riayət olunmaqla iddiaçının müraciət etdiyi tarixdən pensiya təyin edilmiş və əvvəlki üç il üçün pensiya məbləği hesablanıb ödənilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə ilə çıxarıldığına görə, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1940-cı ildə Tərtər rayonunda doğulmuşdur. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildən xx.xx.1990-cı ilə qədər «Azərbaycan Dövlət X6»nin növbə poliklinikasında diş texniki vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilə qədər «Ayxar Ürətim» çoxsahəli firmasında rəhbər vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF-nin Yasamal rayon Şöbəsinin 980345 №-li Pensiyaçının uçot vərəqindən görünür ki, xx.xx.1940-il təvəllüdlü olan İddiaçı 2019-cu ilin fevral ayından yaşa görə pensiya təyin edilmiş və ona 2016-cı ilin fevral ayından ödənilməmiş 3 ilin pensiya məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X5 ona hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə ərizə ilə DSMF-nin Yasamal rayon Şöbəsinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********2 №-li məktubdan görünür ki, DSMF-nin Yasamal rayon Şöbəsi iddiaçının müraciətini təmin etməmiş və imtinaya əsas kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. xx.xx.2017-ci il tarixdən etibarən 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. İddiaçının pensiya hüququ 2003cü il tarixdə yarandığından ona münasibətdə hazırda qüvvədə olan normalar tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətində ifadə olunan dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qərarında maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş, qərarın ləğv edilməsi üçün əsas olmadığına görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2649/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar