Məhkəmə qərarları › İş №2-1(103)-874/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-874/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-874/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin ikinci rübünə, 2020-ci ilin dördüncü rübünə, 2021-ci ilin birinci rübünə müvafiq olaraq 25 yanvar 2021-ci il, 08 fevral 2021-ci il, 20 aprel 2021-ci ildə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar nəticəsində qəbul edilmiş 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193120,66 manat, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli qərarla 78516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarla 179062,45 manat əlavə vergi hesablanmışdır. Göstərilən qərarlarda əlavə verginin hesablanmasının əsası kimi müvafiq olaraq 2020-ci ilin 2–ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı X6) 1553428,84 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 377777,78 manat, 2020-ci ilin 4 rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı X6) 596272,55 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 188888,89 manat, 2021-ci ilin 1-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı X6) 1581683,65 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 208940,88 manat ödəniş edildiyi, 1603-cü Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətirdə göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Əlavə hesablamanın hüquqi əsası göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün iddiaçının hesabından silinmişdir. İddiaçı cavabdehə 11 mart 2021-ci il, 21 may 2021-ci il tarixli yazılı etirazlarını təqdim etsə də cavabdeh tərəfindən etirazlara heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qeyd edilən qərarları ilə əlaqədar və əlavə vergi hesablamalarından 25 may 2021-ci ildə cavabdehin yuxarı orqanı Dövlət Vergi Xidmətinə şikayət versə də həmin şikayətə baxılması barədə bu günə qədər məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Təsisçiləri 81% payla X4 qeydiyyatda olan Alia İnternational Limited Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı olmamışdır. Təsisçilərin ümumi yığıncağının 12 mart 2020-ci il tarixli, 12 fevral 2021-ci il tarixli qərarlarına əsasən müvafiq olaraq 2019-cu ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 4015817,97 manat, dividenddən 10% vergi 401581,80 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1722077,23 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 403944,04 ABŞ dolları, 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3585068,68 manat, dividenddən 110% vergi 358506,90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1537361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360615,76 ABŞ dolları müəyyən olunmuşdur, 2019-cu ilin dividendləri tam ödənilmiş və hər bir ödəniş məbləğinə uyğun olaraq mənbədən vergi hesablanmış və ödənilməsi təmin edilmişdir. 2020-ci ilin dividendləri qismən, yəni 1790624,53 manat, dividenddən 10% vergi 179062,46 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ – 837361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 110615,87 ABŞ dolları ödənilmişdir. Təsisçilərə çatacaq dividend məbləğləri onların hesabına tam ödənilmişdir. Ödəniş günü ödənilən məbəğə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən 10% dividend məbləğinin, cəmi 2020-ci ilin 2-ci və 4-cü rüb mənbədən vergi bəyannamələri üzrə 347192,36 manat, 2021-ci ilin İ rübü üzrə mənbədən vergi bəyannaməsi üzrə 179062,46 manatın mənbədən vergi kimi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi təmin olunmuşdur. Cavabdeh öz tələblərini hüquqi cəhətdən əsaslandırmamış, hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə bəyannamənin sətir nömrələrini göstərmişdir. Təsisçi şirkətlər Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız iddiaçı mənbə olmaqla gəlir əldə edirlər və Vergi Məcəlləsinin 13.2,16.6 və 122-ci maddələrinə əsasən hər bir dividend məbləğin ödənişindən iddiaçı tərəfindən 10% məbləğ tutularaq büdcəyə ödənilmişdir. Həmin ödənişlər Vergi Məcəlləsinin 122,125.1.1 və 150.1-ci maddələrinin tələblərinə riayət etməklə ödəmə mənbəyi vergi bəyannaməsinin 1603-cü - Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətirində öz əksini tapır. Bununla da iddiaçı vergi ödəyicisi kimi tam qanunauyğun hərəkət etmiş olur. Bundan başqa cavabdeh kameral vergi yoxlamasının aparılması müddətlərinə də riayət etməmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 2020-ci ilin 2-ci rübü, 4-cü rübü, 2021-ci ilin 1-ci rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 2 nömrəli əlavəsinə əsasən "xxxx" Şirkətinə 3731385,04 manat, "xxxx" Şirkətinə 775607,55 manat məbləğində ödənişlərin aparıldığı, 1603-cü “Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği” sətirində göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar üzrə iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək araşdırma üçün zəruri olan sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannamələrinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin məktublarda qeyd edilən müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluqların aradan qaldırılmaqla bəyannamələr təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37,67,83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə 2020-ci ilin 2-cü rübü üçün 193120,66 manat, 2020-ci ilin 4-cü rübü üçün 78516,14 manat və 2021-ci ilin 1-cü rübü üçün 179062,45 manat, ümumilikdə 450699,25 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli **********296200 nömrəli qərarlar göndərilmişdir. İlk növbədə o qeyd olunur ki, vergi orqanı tərəfindən eyni növ vergi iddiaçıya tətbiq edilməmişdir. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X6, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. İddiaçının iddiasında adı çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət üzrə isə iddiaçıya xx.xx.2021-ci ildə cavab verilmiş, şikayətə məhkəmə qaydasında baxıldığından həmin şikayət üzrə başlanılmış icraata xitam verilmişdir Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin İddiaçı bank hesabına qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 37-ci maddəsinə istinad edərək kameral vergi yoxlamasının keçirilməsi üçün 30 günlük müddətlərə cavabdeh tərəfindən əməl edilmədiyini bildirmişdir. İlk növbədə qeyd olunmaldır ki, məhkəmənin gəldiyi bu nəticə üzrə şifahi məhkəmə baxışı gedişində heç bir araşdırma aparılmamışdır. Məhkəmənin hansı əsaslarla bu nəticəyə gəlməsi bəlli deyildir. Cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri nəzərə alınmaqla 30 iş günü müddətində həyata keçirilmiş və müddətlərlə bağlı heç bir pozuntuya yol verilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin 2-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin 1-ci rübü üçün ödəmə məbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Bildiririk ki, aparılan araşdırma zamanı 2020-ci ilin 2-ci rübü, 4-cü rübü, 2021-ci ilin 1-ci rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 2 nömrəli Əlavələrinə əsasən "xxxx" Şirkətinə (Rezident olduğu ölkənin adı X6) 3731385.04 manat, "xxxx" Şirkətinə (rezident olduğu ölkənin adı - Dominikan Respublikası) 775607.55 manat məbləğində, ödənişlərin aparıldığı,1603-cü “Təsisçiyə ödənişlər üzrə üzrə gəlirin məbləği“ sətirdə göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası və verginin ödənilməsi qaydası və müddəti müəyyən edilmiş olsun. Göründüyü kimi, vergi qanunvericiliyinə əsasən hal hazırki iddia tələbində tutulan məbləğlər bir halda dividend olaraq Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, digər halda isə 125.1.9-cu maddəsinə əsasən güzəştli vergitutulan ölkələrə edilən ödənişlər üzrə ödəmə mənbəyində verginin tutulmasıdır. Başqa sözlə həmin ödənişlər 13.2.16.14-1ci maddəsində göstərilmiş şəxslərə və bank hesablarına ödənilmədiyi halda həmin ödənişlərdən hər hansı digər vergi tutulmayacaqdı. Qeyd edilənlərdən göründüyü kimi göstərilən müddəalar üzrə vergitutma obyekti Vergi Məcəlləsinin 3.5-ci maddəsi ilə ziddiyyət təşkil etmir və vergitutma obyekti fərqli olaraq müəyyən edilmişdir. Vergi orqanı tərəfindən həyata keçirilən tutulmaların qanunvericiliyin birbaşa göstərişindən irəli gəlməsi halı, yəni Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinin tələbləri ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunan maddənin tələblərinə əsasən vergi tutulmasının həyata keçirilməsi üçün əsas şərt ödənişin köçürüldüyü ölkənin güzəştli vergi tutulan ölkə olmasıdır. Bu tələb heç bir istisna nəzərdə tutulmadan köçürülən bütün ödənişlərə aid edilmişdir. İşin faktiki hallarına əsasən ödənişlərin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə köçürülməsi işin mübahisəsiz faktı olduğu halda məhkəmə tərəfindən bu tələbin icra edilməməsini qanunun pozulmaması kimi qiymətləndirmişdir. Məhkəmə mübahisənin mahiyyətinə işin faktiki hallarına və qanunun aydın (birmənalı) tələblərinə əsaslanmaqla deyil, qərarın özündə də qeyd edildiyi kimi “konseptual” olaraq yanaşmışdır. Konseptual olaraq bir gəlirdən iki dəfə eyni verginin tutulması kimi səhv qənaətə gəlinmişdir. Məhkəmə qərarında Vergi Məcəlləsinin 122-ci maddəsinin pozulması bildirilsə də, həmin Məcəllənin 125.1.9-cu maddəsinin tələblərinin pozulması halına qiymət verilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən eyni növ vergi tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən dividenddən bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq, Məcəllənin 125.1.9-cu maddəsinə uyğun olaraq isə bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələdən 10 faiz dərəcələrlə vergilər tutulması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi Vergi Məcəlləsində birbaşa olaraq bu vergilərin tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar-vergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyri-rezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X6, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir.İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. Halbuki, qanunvericilik həm dividentlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyinin olmasının konkret vergi dərəcləri ilə müəyyən etmiş, bu müddəalarının tətbiqində istisna müəyyən etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində iddia ərizəsinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ cavabdehin **********296200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları, iddiaçının cavabdehə ünvanlanmış müraciətinin qeydə alınması barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli bildirişlər, iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 07 nömrəli, xx.xx.2021-ci il tarixli, 10 nömrəli, xx.xx.2021-ci il tarixli, 11 nömrəli müraciətləri, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavabı, iddiaçının təsisçilərinin növbəti ümumi yığıncağının 01-20 nömrəli, xx.xx.2020-ci il tarixli, 01-21 nömrəli, xx.xx.2021-ci il tarixli protokolları, ödəniş tapşırıqları təqdim edilmişdir. Cavabdeh isə iddia tələbinə etirazına iddiaçının şəxsi hesab vərəqini, iddiaçıya ünvanlanmış “Məlumatların tələb edilməsi barədə” **********221300, **********916000, **********920800 nömrəli məktubarı, vergi bəyannamələrini və iddiaçının mübahisələndirdiyi qərarları əlavə etmişdir. İş materialları ilə müəyyən etmişdir ki, iddiaçının 2020-ci ilin ikinci rübü, 2020-ci ilin dördüncü rübü, 2021-ci ilin birinci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar aparılmış, həmin kameral vergi yoxlamalarının nəticələrinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilmişdir. Qeyd edilən qərarlardan 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193120,66 manat, 12 mart 2021-ci il tarixli, **********561700 saylı qərarla 78516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 saylı qərarla 179062,45 manat əlavə vergi iddiaçıya hesablanmış, həmin vergi məbləğləri iddiaçının bank hesabından silinmişdir. İddiaçı qeyd edilən əlavə vergi hesablamalarını əsassız, qəbul edilmiş qərarları qanunsuz hesab etdiyindən bu barədə vergi orqanına müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, konseptual, qanunvericiliklə təsbit olunmuş yanaşmaya görə heç kəs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz, halbuki cavabdeh vergi orqanı artıq vergisi bir dəfə ödənilmiş dividend məbləğinə görə iddiaçıya ikinci dəfə də vergi hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməklə əsaslı nəticəyə gəlməmişdir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə 12.3-cü maddəsinə əsasən gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergi qanunvericiliyinin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin siyahısı tam sadalanmışdır və burada hüquqi şəxslərin mənfəət vergisi nəzərdə tutulur, həmin siyahıda rezidentin qeyrirezidentə ödənişlərindən mənbədən vergi tutulması nəzərdə tutulmamışdır, başqa sözlə, Vergi Məcəlləsinin 5-ci maddəsinin məzmununu da nəzərə aldıqda ödəmə mənbəyində verginin ayrıca vergi növü deyil, qanunda nəzərdə tutulan vergilərin təmin edilmə üsulu olduğu aydın olur. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinə əsasən maddəsinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq... İşin sadalanan hallarından da aydın olduğu kimi mübahisələndirilən qərarlarla əlavə verginin hesablanmasının səbəbi iddiaçı tərəfindən "xxxx" Şirkətinə 3731385,04 manat, "xxxx" Şirkətinə 775607,55 manat ödənilmiş məbləğ olmuşdur. Digər tərəfdən eyni əməliyyat üzrə, yəni 3731385,04 manat manat məbləğin "xxxx" şirkətinə, 775607,55 manat məbləğin "xxxx" Şirkətinə edilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahizəsiz halıdır. Belə olan təqdirdə aparılmış eyni əməliyyatdan, bir vergitutma obyektindən (mənfəətdən) iki dəfə vergi tutulmuş olur. Yəni ödənilmiş 775607,55 manat və 3731385,04 manat məbləğləri Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Cavabdeh vergi orqanının tələb etdiyi vergi növünün Vergi Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddəsində təsbit edilməsinə gəldikdə isə, vergi qanunvericiliyin tələblərinə əsasən bütün ziddiyyətlər və aydın olmayan məqamlar, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi qanunvericliyinə uyğun olaraq vergi tutma prinsiplərinə, eləcə də, Vergi Məcəlləsinin 125-ci maddəsində müəyyənləşdirilən əsaslara, habelə 13.2.16.14-1-ci maddəsinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi barədə göstərişləri nəzərə alındıqda, qanunvericinin belə ödənişlər sırasında dividendləri nəzərdə tutmadığı müəyyən olunur. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Cavabdeh qeyd edilən müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır ki, bununla da yenə də qanunvericilik normalarını pozmuşdur. Həmçinin, hesablanmış vergi məbləğlərinin iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı kollegiya qeyd edir ki, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbəğləri ləğv edildikdə həmin məbləğlərə müvafiq faizlərlə birgə müvafiq düzəlişlər şəxsi hesab vərəqəsində aparılır. Odur ki, cavabdeh inzibati orqanın 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarları ləğv edilməli və həmin qərarlar üzrə hesablanmış cəmi 450699,25 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilməli, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın, cəmi 450699,25 manatın İddiaçı şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilsin, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın, cəmi 450699,25 manatın İddiaçı şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar