Məhkəmə qərarları › İş №2-1(103)-874/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-874/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-874/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9167/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********893700 saylı qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən MMC-yə əsassız olaraq 2023-cü il üzrə 6599.80 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən ona xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Elə həmin gün xx.xx.2024cü il tarixdə “Vergilərin, sosial sığorta və işssizlik sığortası haqlarının hesablanması barədə” **********893700 saylı qərar qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə “Mənfəət vergisi” bəyannaməsinin Xərclər bölməsinin 1226.13-cü sətrində (Bank xidməti üzrə xərclər) 132000 manat xərc məbləğinin vergi orqanının uçotbaza məlumatlarında sənədlərlə öz təsdiqini tapmaması və bununla bağlı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə **********098800 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 6599,80 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********098800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9167/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı (hakim: B.Cəlalov) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Elə həmin gün xx.xx.2024-cü il tarixdə Vergilərin, sosial sığorta və işssizlik sığortası haqlarının hesablanması barədə **********893700 saylı qərar qəbul edilmişdir. Lakin vergi orqanı bir başa müddət pozuntusuna yol verərək xx.xx.2024-cü il tarixdə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərmiş, elə həmin gün xx.xx.2024-cü il tarixdə “Vergilərin, sosial sığorta və işşizlik sığortası haqqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Eyni zamanda vergi orqanı qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarın hesablanma hissəsində əsaslandırmanı tam aparmamış, xərc sənədlərinin ayrı-ayrılıqda hansı sənədlərdən ibarət olmasına aydınlıq gətirməmişdir. Bakı İnzibati Məhkəməsi qərarında qeyd edir ki, iddiaçı məhkəmə icraatı zamanı da bəyannamədə qeyd edilən xərclər məbləğinin təsdiq edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələbləri baxımından aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu iddiaçı deyil, cavabdeh sübut etməlidir. Onu da qeyd edir ki, məhkəmə tərəfindən iddianın mümkünlük şərtləri tam olaraq yoxlanılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri aşkar surətdə pozulmuş və məhkəmə tərəfindən həmin pozuntu halı nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 2.1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər - sahibkarlıq fəaliyyətinə başladığı günədək; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı vergi orqanlarında ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********893700 nömrəli qərarı ilə iddiaçıya 2023-cü il üzrə 6.599,80 manat əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh qərarın qəbul edilməsi əsası kimi ona istinad etmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə “Mənfəət vergisi” bəyannaməsinin Xərclər bölməsinin 1226.13-cü sətrində (Bank xidməti üzrə xərclər) 132000 manat xərc məbləğinin vergi orqanının uçot-baza məlumatlarında sənədlərlə öz təsdiqini tapmaması və bununla bağlı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir. Hazırki tələbində iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********893700 nömrəli qərarını mübahisələndirərək ləğv edilməsini xahiş edir. İddia tələbini əsassız hesab edən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçının vergi orqanına təqdim etiyi 2023-cü il üçün mənfəət vergisi bəyannaməsinin 200.1-ci qrafasında müəyyən edilir ki, iddiaçının həmin il üzrə işlərin görülməsinə və xidmətlərin göstərilməsinə görə gəliri 182,097.94 manat olmuşdur, həmin bəyannamənin 221-ci qrafasında xərclər bölməsində 169.589,96 manat ümumi xərc, onun 37,589,96 manatı malların dəyəri, 132,000.0 manat isə bank xidəti üzrə xərclər kimi qeyd edilmişdir. İddiaçı bu bəyannaməyə uyğun olaraq 182,097.94 manat gəlirdən 169.589.94 manat xərci çıxaraq və mikro sahibkarlar 75% güzəşt tədbiq edərək 625,60 manat mənfəət vergisi hesablamışdır, cavabdeh iddiaçının 37,589.96 manat xərcini qəbul etmiş, 132,000.0 manat bank xidmətləri üzrə xərci təsdiq edən sənədlər təqdim edilmədiyinə görə, iddiaçıya 7.225,40 manat vergi hesablamışdır (182,097.94 manat gəlir- 37590 manat xərc=144507,98 manatx20%=28901,596. 28901,596x25%(VM 102.1.30)=7225,39), cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannaməsinin və ətraflı izahat məktubunun təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməmişdir, iddiaçı məhkəmə icraatı zamanı da bəyannamədə qeyd edilən xərclər məbləğinin təsdiq edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası mübahisələndirilən qərara münasibətdə qeyd edir ki, həmin qərar qəbul edilərkən AR Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə cavabdeh inzibati orqan tərəfindən əməl edilməmişdir. Belə ki, AR Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək, məktubda müvafiq hesabat dövləri üzrə cari (dəqiqləşdirilmiş) gəlir (mənfəət) vergisi bəyannaməsinin, qeyd olunanlarla bağlı müvafiq izahat məktubunun, göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətlərinin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin təqdim edilməsi tələb olunmuş, sonda qeyd olunmuşdur ki, “Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətdə təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37.67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.”. Lakin işdən görünür ki, sözügedən məktubda ümumiyyətlə sənədlərin təqdim edilməsi üçün müddət göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində ağlabatan müddət ərzində təqdim edilməsi gözlənilmədən, elə həmin gün xx.xx.2024-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********893700 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamənin məhkəmə icraatı zamanı da iddiaçı tərəfindən təqdim edilə bilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal inzibati orqan olan vergi orqanının inzibati icraat çərçivəsində AR Vergi Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətlərə, yəni vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borclu olması ilə bağlı vəzifəsini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd olunan prosessual pozuntunun mübahisələndirilən qərarın mahiyyəti üzrə əsaslılığına təsirinə münasibətdə qeyd edir ki, AR Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi ilk dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin iddiaçı tərəfindən xx.xx.2024-cü ildə təqdim edildiyini qeyd etmişdir, odur ki, həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan iş günlərə nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024cü il tarixli məktubla iddiaçıdan təqdim edilməsi tələb olunan sənədlərin Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində təqdim edilməsi gözlənilmədən həmin tarixdə qərarın qəbulu məhz mübahisələndirilən qərarın qeyd olunan 60 günlük ( iş günü) müddət ötürülmədən qəbul edilməsinə nail olunması məqsədilə əlaqədar olmuşdur. AR Vergi Məcəlləsinin 37.2-ci maddəsinin sonuncu cümləsində qeyd olunur ki, bu müddət (hazırki işə münasibətdə mənfəət vergisi bəyannaməsinin təqdim edildiyi tarixdən 60 iş günü müddətində) başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan təqdim edilməsi tələb olunan sənədlərin Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində təqdim edilməsi gözlənildiyi halda, kameral vergi yoxlamasının keçirilməsi və qərarın qəbul edilməsi imkanı (60 iş gün müddəti) aradan qalxacaqdı. Odur ki, qeyd olunan prosessual pozuntu cavabdeh inzibati orqanın mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********893700 nömrəli qərarının mahiyyəti üzrə əsaslılığına birbaşa təsir göstərən prosessual pozuntu kimi qəbul edilməlidir. Cavabdehin nümayəndəsi AR Vergi Məcəlləsinin 70.3-cü maddəsinə istinadən qeyd edilən prosessual pozuntunun məhz qərarın mahiyyətinə təsir etmədiyini əsaslandırmağa çalışsa da, məhkəmə kollegiyası bir daha vurğulayır ki, sözügedən pozuntu həyata keçirilməsəydi, yəni xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu ilə vergi ödəyicisinə müddət təyin edilsə idi, bu zaman uyğunsuzluq məktubuna hansı qayda da cavabın verilməsindən asılı olmayaraq inzibati orqanın mübahisələndirilən qərarı qəbul etmək (müddətin bitməsi əsası ilə) imkanı mövcud olmayacaqdı. Yekunda hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********893700 nömrəli qərarı qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır (VM-37.4), cavabdehin mübahisəli qərarı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur. (İPM-70.1). Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9167/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********893700 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar