Məhkəmə qərarları › İş №2-1(103)-875/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-875/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-875/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Müzəffər qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4797/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Müzəffər qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra DSMF-nin Səbail rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı tarixdən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əməkhaqqı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən Apellyasiya Məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı və xx.xx.2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavə nəzərə alınmaqla hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vəfat etmiş həyat yoldaşı X9 uzun müddət məhkəmə sistemində işləmişdir. O, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Naxçıvan MR Babək rayonunda, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhərində, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci ilə qədər Bakı şəhər Məhkəməsində hakim vəzifəsində işləmişdir. DSMF-nin Səbail rayon Şöbəsi tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin, ona pensiya hesablanan zaman qanunvericilikdə nəzərdə tutulmuş əlavələr nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla əsl olmayan cavabdehi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi ilə əvəz etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4797/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı pensiya hüququnun yarandığı tarixdən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən Apellyasiya Məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı və xx.xx.2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavə nəzərə alınmaqla hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin X8 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı işlədiyi dövrdə sözügedən müavinət və pul təminatlarını almadığından müvafiq arayışı təqdim etməmişdir. Belə olan halda iddiaçının həmin məbləğlərin pensiyanın hesablanmasında nəzərə alınması tələbi haqsızdır. Odur ki, qərar ləğv edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1952-ci ildə Şəmkir rayonunda doğulmuş, xx.xx.1973-cü ildə X9 ilə nikaha girmişdir. X9 xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Naxçıvan MR Babək rayonunda, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhərində, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci ilə qədər Bakı şəhər Məhkəməsində hakim vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdə ölmüşdür. İddiaçı DSMFnun Səbail rayon Şöbəsi tərəfindən hakim arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya hüququnun yarandığı tarixdən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əməkhaqqı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən Apellyasiya Məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı və xx.xx.2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavə nəzərə alınmaqla hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı DSMF-nin Səbail rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, müraciəti xx.xx.2019-cu il tarixli **********7 №-li məktubla təmin edilməmiş və əsas kimi həmin mükafat və maddi yardımları almağı təsdiq edən Arayışların təqdim olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının əri X7 «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almamasına baxmayaraq həmin normaların iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalı olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543- VQD №-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun xx.xx.2017ci il tarixdən qüvvəyə minmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci ildən əvvəl yarandığından hazırki mübahisə üzrə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.0.1.-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir; 20.7.1-20.7.3-cü maddələrinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxsilərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əlavələr 5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir; 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmçinin «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə edilən düzəlişə görə bu maddənin 2-ci cümləsindəki «iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir» sözləri «iki aylıq əmək haqqı məbləğində müavinət verilir» sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə görə hakimlər məzuniyyətə çıxarkən məzuniyyət haqqından əlavə 2 aylıq əmək haqqı məbləğində müavinət də verilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi hakimlərinə vəzifə maaşlarının 20 faizi miqdarında vergidən azad olunan pul təminatı» verilir. Həmin maddənin xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Bundan başqa, həmin maddənin 1-ci abzasına əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının əri X9 «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almamasına baxmayaraq həmin normaların iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalı olduğu barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar olmuş, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4797/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar